“AZGRANATA” “Made in Azerbaijan” brendini yüksəltməyə çalışır
Region

“AZGRANATA” “Made in Azerbaijan” brendini yüksəltməyə çalışır

Ağsu rayonunda fəaliyyət göstərən “AZGRANATA” MMC 2007-ci ildə yaradılıb. Belə ki, şirkət həmin ildə rayonun Hacıqədirli və Qaravəlli kəndlərində böyük hissəsi orqanik sertifikat almış 350 hektarlıq  nar bağları, Şamaxı rayonunun ərazisi olan Böyük Qafqaz sıra dağlarının Adnalı yaylasında dəmyə torpaqlarda isə dəniz səviyyəsindən 600-700 metr hündürlükdə 500 hektara yaxın üzüm bağları salınmağa başlayıb. Şirkətin Ağsu rayonunda 14 hektar sahədə müasir avadanlıqlarla təchiz edilmiş alkoqollu və alkoqolsuz içkilərin istehsal zavodu qurulub. Zavod 2011-ci ilin 29 oktyabr tarixində Respublika Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

MMC-yə məxsus zavodda müxtəlif növ meyvələrin konservantsız təbii şirələri, kompotları, konsentratları, mürəbbələri, nar sousu və alkoqollu içkilər istehsal edilir. Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli bildirdi ki, şirkət qısa zamanda həm daxili, həm də xarici bazarlarda özünəməxsus brendlərlə tanınmağa nail olub. Müəssisədə istehsal edilən alkoqollu və alkoqolsuz brendlər hazırda 20-yə yaxın ölkəyə ixrac olunur. Nardan hazırlanan məhsulların və konyakların, viskilərin həmçinin meyvə araqlarının tələbatına son zamanlar xarici bazarlarda artım olduğu üçün bu məhsulların istehsalını da artırmağa çalışırıq.

Şirkətdə müxtəlif şöbələrdə çalışan əməkdaşların bilik və təcrübəsinin artırılmasına rəhbərlik xüsusi diqqət göstərir. Davamlı olaraq bir neçə gənc və perspektivli əməkdaş müxtəlif ölkələrdə təhsillərini müəssisənin maddi dəstəyi hesabına artırıb. Bununla yanaşı ardıcıl olaraq bir neçə gənc əməkdaşa Avropanın qabaqcıl şərab zavodlarında təcrübə keçmək imkanları yaradılır. Təhsil və təcrübəsini artırdıqdan sonra gələn əməkdaşlarımıza müəssisədə yaradılmış imkanlardan istifadə edərək müxtəlif eksperimentlərin aparılması üçün dəstək göstərilir.

Qeyd olundu ki, şirkət ölkəmizdəki bir sıra universitetlə də əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində həm tələbələr şirkətin istehsalat sahəsinə, bağlarına ekskursiyalar edir, həm də müəssisədə təcrübə keçmək imkanı qazanır. MMC ölkəmizdə şərab mədəniyyətinin təbliğatına, şərabçılıq turizminin inkişafına və Azərbaycan şərablarının beynəlxalq səviyyədə tanıdılmasına ən böyük töhfə verən istehsal şirkətlərindəndir. Şirkətin təşkilatı dəstəyi ilə yerli telekanallarda şərab mədəniyyəti və elmindən bəhs edən silsilə verilişlər hazırlanıb.

Kollektivin ölkəmizdə turizmin inkişafına verdiyi töhfələr barəsində danışan şirkət rəsmisi bildirdi ki, hər il ümumilikdə minlərlə yerli və xarici vətəndaş istehsal sahəsinə gəlir. Qonaqlar 14 hektar sahədə salınmış modern istehsal sahələrini gəzərək məhsulların hazırlanma prosesinin canlı şahidi olur. Həmçinin müəssisədə yaradılmış dequstasiya zalında istehsal edilmiş məhsulların dequstasiyası həyata keçirilir. Bu zal Azərbaycanda ən müasir və ən böyük dequstasiya zalı sayılır. Hətta burada şərabçılıq muzeyi də yaradılıb. Muzeydə şərabçılığa aid bir çox tarixi eksponatlar, qədim tarixə malik şərablar, şərabçılığa aid kitablar və müasir şərab aksesuarları yer alır.  

Tamamilə fərqli texnologiyalar əsasında, yəni istehsalda gümüş ionların tətbiqi, təbii bal, çovdar cövhəri, keçi südü istifadə olunaraq hazırlanmış yumşaq və hormonik alkoqollu içkilər Ağsuda yerləşən zavodumuzda istehsal edilərək, bazarda özünə tələbat yaratmağı bacardı.

Bildirildi ki, fərqli və müasir texnologiyaların tətbiqi nəticəsində tut, zoğal, həmçinin bir çox meyvələrdən də alkoqollu içkilər istehsal edilir. Müəssisədə 40 ilədək müddətdə palıd çəlləklərdə yetişdirilmiş konyak spirtləri var. Məhz buna görə də məhsullarımız keyfiyyətinə görə fərqlənir. Viski istehsalı da ölkəmizdə ilk dəfə olaraq müasir texnologiya əsasında  zavodumuzda istehsal olunub.

Bununla yanaşı müəssisə bu gün bazarda 30 il palıd çəlləklərdə yetişdirilmiş Mil adlı markalı desert şərabı istehsal edərək şərab istehlakçılarına dəyərindən çox aşağı qiymətlə satılmasına imkan yaradıb. Daha bir yenilik də Madeira tipli Portveyn şərablarının alınması üçün zavodda moderizasiya bölümü qurulmasını göstərmək olar. Həmçinin zavodda meyvə və giləmeyvələrdən desert şərabların istehsalına da nail olunub.

Şirkət rəsmisi bildirdi ki, bu gün istehsal etdilən ağ, çəhrayı və qırmızı alkoqolsuz şərablar daxili bazarla yanaşı bir neçə xarici ölkəyə də ixrac edilir. Ağ və qırmızı üzüm sortlarından iki çeşid (“İcewine”) istehsal edilib ki, bunu da müəssisənin yenilikləri sırasında qeyd etməliyik. Ölkəmizdə ilk dəfə “Cryo-Maceration” üsulu ilə şərab istehsalına müəssisəsində başlanılıb. Yeniliklər sırasında yaxın aylarda satışa çıxaracaq “Brandy Cask” şərabları da var. 

Bildirildi ki, müəssisədə sənaye üsulu ilə ölkəmizdə ilk dəfə Abqora istehsalına başlanılıb. El arasında “qora suyu” kimi də adlandırılan abqora Azərbaycanın milli alkoqolsuz içkisidir. 

Şirkətin sosial layihələrdə də uğurlu fəaliyyət göstərdiyini bildirən Ülvi Günəşli şirkətin həm də tez-tez xeyriyyə məqsədli tədbirləri keçirməsi ilə tanındığını vurğulayıb. Bununla yanaşı həm COVID-19 pandemiyası ilə mübarizədə, həm də 44 günlük Vətən müharibəsi dönəmində şirkət maddi və mənəvi dəstəyi ilə seçilib. Bütün uğurlarımızın əsas səbəblərini müstəqil ölkəmizdə iqtisadiyyatımızın inkişafına yönəlik düzgün siyasətin və dəstək mexanizmlərinin tətbiqində, Azərbaycanın torpaqlarında yetişən meyvələrin daha zəngin xüsusiyyətlərə malik olmasında, həmin meyvələrin yetişdirilməsində və onlardan biri-birindən keyfiyyətli məhsulların istehsal edilməsi üçün bilik və əmək sərf edən zəhmətkeş, peşəkar kollektivimizin varlığında görürük. Eyni zamanda müəssisənin ən müasir texnoloji avadanlıqlarla təchiz edilməsi, bu avadanlıqlarda alınan məhsullara on ildir ki, sevgi, inam və tələb göstərən dəyərli istehlakçılarımızın olması, onların süfrələrində məhsullarımızın yer alması uğurlarımızı təsdiqləyir. Çünki kollektivimizin məqsədi daxili bazarda olduğu kimi xarici bazarda da “Made in Azerbaijan” brendini yüksəltməkdir.

M.NƏRİMANOĞLU,

“Respublika”.