AĞSTAFA: YANAR BULAQDA ABADLIQ İŞLƏRİ
Region

AĞSTAFA: YANAR BULAQDA ABADLIQ İŞLƏRİ

Respublikanın dörd bir tərəfində dünyada analoqu olmayan təbii möcüzələr saysız-hesabsızdır. Ölkəmizin böyük turizm potensialına malik olması məlumdur. Bu rentabelli sahənin inkişaf etdirilməsi üçün mövcud olan təbii şəraitdən səmərəli istifadə etmək üçün turistlərin marağına səbəb ola biləcək şəraitin yaradılması ən vacib məsələlərdəndir. Bu baxımdan bu sahədə infrastruktur layihələrin həyata keçirilməsi ölkəmizin hər yerində olduğu kimi, respublikanın Qərb bölgəsində Qazax-Tovuz iqtisadi rayonuna daxil olan, Gürcüstanla həmsərhəd Ağstafa rayonunda son dövrlərdə aparılan işlər turistlərin marağını cəlb edə biləcək məkanların sayının artımına səbəb olur.

Ağstafada digər sahələrdə olduğu kimi, turizmin inkişaf etdirilməsi rayon rəhbərliyinin daim nəzarətində olan məsələlərdəndir. Rayonda mövcud olan maraqlı yerlərdən biri Poylu qəsəbəsi ərazisindəki Yanar bulaqla maraqlandıq. Adıçəkilən yer Ağstafa Gürcüstan magistral avtomobil yolunun kənarında Qarayazı Dövlət Təbiət Qoruğuna yaxın məsafədə rayon mərkəzindən təxminən 18 kilometr aralıda yerləşir.

Ötən əsrlərdə geoloqlar qazıntı işləri apararkən yerin altından su çıxmışdır. Yerli sakinlərin dediyinə görə, bu sudan kükürd qoxusu gəldiyindən kənd sakinlərindən birinin marağına səbəb olmuşdur. Yanar kibriti yaxınlaşdırdıqda alovlanmışdır. Yəni su gələn borudan eyni zamanda yanar qaz çıxır. Deyilənə görə, bu su bir sıra dəri xəstəliklərinin dərmanıdır.

Burada əvvəlki palçıq və səliqəsizlikdən əsər-əlamət qalmamışdır. İki ədəd söhbətgah quraşdırılmış, skamyalar qoyulmuş, bulağın ətrafına təxminən 200 kvadratmetr əraziyə bəzəkli daşlar döşənmiş, ərazidən keçən su arxı beton üzlüyə alınmışdır. Əlavə olaraq oturmaq üçün ağac kötükləri qoyulmuş, təmizliyə riayət olunması məqsədilə məişət tullantıları qutuları qoyulmuşdur.

Gecələr Yanar bulağın alovu ətrafı işıqlandırır, tam başqa bir mənzərə yaradır. Bir sözlə, Yanar bulaq kimliyindən asılı olmayaraq gecə və gündüz yoldan ötənlərin diqqətini cəlb edir. Abadlıq apardıqdan sonra bu möcüzəli məkanı ziyarət edənlərin sayında gündən-günə artım müşahidə olunur.

Vəli VƏLİYEV,

«Respublika».