Region

"Ağıllı işıqlandırma" şəhəri nura qərq edir

Xalqımızın qədim tarixə söykənən xoş arzularından biri "səni görüm aydınlığa, işıqlığa çıxasan" alqışıdır. Təqdirəlayiq haldır ki, son illər Şirvanın sadəcə əsas küçə və prospektləri deyil, həmçinin uzun illər qaranlığa qərq olan çoxmənzilli yaşayış binalarının məhəllələri, kənd evləri, bağ evləri, köhnə şəhər və qəsəbələrdəki məhəllədaxili yolları da, sözün əsl mənasında, "işıqlı günə" çıxıb.   

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq, Şirvan Şəhər İcra Hakimiyyəti, "Bakı Abadlıq Xidməti" MMC və "The Company Signfy Poland" şirkəti tərəfindən imzalanmış  müqaviləyə əsasən şəhərin küçə və prospektləri "ağıllı işıqlandırma" sistemi ilə təchiz olunmuşdur.

Layihə çərçivəsində Şirvan şəhər ərazisinin 135 ünvanında, o cümlədən 122 küçədə, 2 xiyabanda, 8 məhəllədaxilində, 1 nümunəvi məhəllədə, 1 meydan və 1 dairədə olmaqla ümumilikdə 134 152 metr işıq xətti çəkilib, 3 996 işıq dirəyi, ümumi gücü 502 690 vatt olan 5 417 işıq nöqtəsi quraşdırılmışdır.

Eyni zamanda dövlət büdcəsi və şəhər icra hakimiyyətinin daxili imkanları hesabına şəhərin Heydər Əliyev meydanında, Heydər Əliyev, Nəriman Nərimanov, Məhəmməd Füzuli  parklarında, Səməd Vurğun bağında, 3 fəvvarədə, 1 şəlalədə, 2 nümunəvi məhəllədə, Məhəmməd Əmin Rəsulzadə və İstiqlaliyyət prospektlərindəki  xiyabanda işıq sistemləri yenilənmişdir.

Torpaqlarımızın işğaldan azad edilməsi və xalqımızın işıqlı gələcəyi naminə canından keçən şəhidlərimizin ailələrinin yaşadığı küçələrin abadlaşdırılması və işıqlandırılması xüsusi diqqətdə saxlanılmış, 15 şəhid ailəsi yaşayan küçələrin "ağıllı işıqlandırma" sistemi ilə təchizi başa çatdırılmışdır.

Bundan başqa, şəhərin dayanıqlı işıqlandırılmasını və baş verən nasazlıqların operativ qaydada aradan qaldırılmasını təmin etmək məqsədilə şəhər icra hakimiyyəti başçısının Sərəncamı ilə cari ildə "Şirvan şəhər işıqları" İdarəsi yaradılmışdır. Yeni işıq dirəklərinin quraşdırıldığı şəhərin Xəqani, Zülfi Hacıyev, Fariz Eynullayev, Səməd   Vurğun küçələrində, Salyan dairəsi ərazisində 70 ədəd köhnə dirək demontaj edilərək ərazidən çıxarılmış, hazırda digər küçələrdə demontaj işləri davam etdirilir.

Qurulan yeni işıq sistemləri Şirvan şəhərinin enerji təsərrüfatı və təminatını yaxşılaşdırmaqla yanaşı, həm də onun idarə edilməsini optimallaşdırmağa xidmət edir. Vahid idarəetmə sistemi ilə qurulan bu işıqlar şəhər sakinləri tərəfindən məmnunluqla qarşılanmışdır.

Tofiq HÜSEYN,

"Respublika".