Bölgələrdə ağacəkmə aksiyası davam etdirilir
Region

Bölgələrdə ağacəkmə aksiyası davam etdirilir

Ağstafa

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2024-cü il tarixli Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Ağstafa rayonunda silsilə tədbirlər keçirilir. Bu günlərdə Zəlimxan kəndinin girişində yol kənarlarında ağacəkmə aksiyası keçirilib. Aksiyada RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, könüllü gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əkilən ağac tinglərinə zəruri aqrotexniki qulluq göstərilib, ərazidə müvafiq abadlıq işləri həyata keçirilib.

Tərtər                                                                  

Rayonda "Qırmızı Ürəklər" ("Red Hearts") Fondu Birinci və İkinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə "Vətən Bağı" adlı ağacəkmə layihəsi həyata keçirib. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, "Qırmızı Ürəklər" ("Red Hearts") Fondunun, Paşa Holdinq, Kapital Bank və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ağacəkmə aksiyasında şəhid ailələri, qazilər də iştirak ediblər.

Rayonun Qazyan kəndi ərazisində şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun olaraq 200 ədəd Eldar şamı və 200 ədəd tuya şamı əkilib. Layihə Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.

Tovuz

Uşaq Səfirlər Məclisinin Tovuz rayonu üzrə region nümayəndələrinin təşəbbüsü, rayon icra hakimiyyətinin dəstəyi ilə İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbinin həyətində ağacəkmə aksiyası keçirilib.

"Yalnız bir DÜNYA" layihəsi çərçivəsində keçirilən ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin məsul əməkdaşı, Uşaq Səfirlər Məclisinin Tovuz rayonu üzrə region nümayəndələri və onlara dəstək üçün seçilən 20 fəal məktəbli iştirak edib.

Uşaq Səfirlər Məclisinin region nümayəndələri və fəal uşaqlar "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən bu tip aksiyaların cari il ərzində davam etdiriləcəyini bildiriblər.

Vəli VƏLİYEV,

"Respublika".