ŞƏMKİRİN KÜR QƏSƏBƏSİNDƏ ABADLIQ İŞLƏRİ
Region

ŞƏMKİRİN KÜR QƏSƏBƏSİNDƏ ABADLIQ İŞLƏRİ

Qəsəbə Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Kür çayının sağ sahilinə yaxın bir ərazidə Şəmkir SES-in tikintisində çalışan işçilər üçün salınmışdır. 1978-ci ildə qəsəbəyə Kür adı verilmişdir. Ölkənin hər yerindən işləmək üçün gələn insanların böyük əksəriyyəti Şəmkir SES-in tikintisi başa çatdıqdan sonra Kür qəsəbəsində qalıb yaşamağa qərar vermişdir.

Qəsəbə icra nümayəndəsi Fərid Fikrətlidən aldığımız məlumata görə, əhalinin sayı 8680 nəfər təşkil edir. Kür qəsəbəsində 314 şagird yerlik 1 nömrəli və 1176 şagird yerlik 2 nömrəli tam orta məktəblər fəaliyyət göstərir.

2 nömrəli tam orta məktəb 2018-ci ildə əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib. 1 saylı təhsil ocağının isə təmirə ehtiyacı var. Həmçinin müasir standartlara cavab verən və 2018-ci ildə əsaslı təmir olunan körpələr evi-uşaq bağçası bütün zəruri avadanlıqlarla təchiz olunaraq körpə fidanlara xidmət edir. Qəsəbədə yanğınsöndürmə məntəqəsi, əsaslı təmir olunmuş müasir tələblərə cavab verən xəstəxana, bazar, hava məlumat bürosu, istirahət parkı, 2 böyük şənlik evi, mərasim evləri, idman məktəbi (yararsızdır), mədəniyyət evi (ciddi təmirə ehtiyacı var), benzindoldurma məntəqəsi, Şəmkir peşə liseyinin Kür qəsəbə filialı, Mənzil Təmir İstismar İdarəsi, Kommunal İdarə, supermarketlər, iaşə və xidmət obyektləri fəaliyyət göstərir. Qəsəbənin ərazisi 163 hektardır.

Qəsəbədə Birinci və İkinci Qarabağ müharibələri zamanı şəhidlik zirvəsinə yüksələn oğullarımızın əziz xatirəsini əbədiləşdirmək üçün 2 yerdə xatirə bulaq kompleksi inşa olunmuşdur. Kür qəsəbəsində 2 ədəd 9 mərtəbəli, 14 ədəd 5 mərtəbəli, 1 ədəd 70 mənzilli və digər fərdi yaşayış evləri mövcuddur.

Qəsəbə sakinləri bildirdi ki, əvvəllər xəstəxanaya gedən yol həddindən artıq bərbad vəziyyətdə olmuşdur. Avtomobillərin bu yolla hərəkəti demək olar ki, çox çətin idi. Lakin qəsəbə sakinlərinin rayon rəhbərliyinə müraciətindən sonra yolda əsaslı təmir işlərinə start verilmiş, asfalt örtüyü salınmışdır. Bununla yanaşı, içməli su borusunun yararsız vəziyyətə düşmüş 600 metr hissəsində hazırda təmir işləri davam etdirilir.

Yerli bələdiyyənin imkanları hesabına 7 küçədə təmir işləri aparılmış, yollara qum-çınqıl döşənmiş, hamarlanmış, çoxmərtəbəli yaşayış binalarının hamısının dam örtüyü dəyişdirilmişdir.

Kür qəsəbəsində abadlıq işləri davam etdirilir.

Vəli VƏLİYEV,

"Respublika".