Açıq-aşkar Ermənistanı silahlandıran Fransa
Siyasət

Açıq-aşkar Ermənistanı silahlandıran Fransa

Türkiyə

ABŞ Senatının "erməniləri müdafiə aktı"nın, Ermənistana hərbi və maliyyə yardımı ilə bağlı addımların ardınca, ötən həftə fransız senatorlar Ermənistana növbəti silah-sursat, zirehli texnika partiyasının göndərilməsini sürətləndirməyə çağırıblar. Fransa daha əvvəl Ermənistana Gürcüstan yolu ilə "Bastion" tipli 24 zirehli texnika göndərmişdi.

İndi də daha 26-nı göndərməyə hazırlaşır. Eyni zamanda Ermənistan Fransadan GM-200 radarlarının alınması ilə bağlı müzakirələrə başlayıb. Fransa Senatı isə SEZAR artilleriya sistemlərinin Ermənistana mümkün qədər tez tədarük edilməsini zəruri sayır. "Sülh sazişi" imzalamaq istəyən İrəvan SEZAR alaraq, artilleriya sistemləri tədarük edərək, niyyətini açıq-aşkar ortaya qoyur.

Fransa Ermənistanda mövcudluğunu bərqərar etmək üçün hər cür fitnələrə əl atır. Ən "uyğun" variant yenidən Azərbaycan və Ermənistan arasında gərginlik ocağı yaradıb, hərbçilərini, silah-sursatını, zirehli texnikasını Ermənistana daşımaqdır.

''Ermənistan yenə təxribat törətmək istəyir. Paşinyan hökuməti bununla ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Braynın səfərindən öncə qüvvədən düşən məsələləri yenidən gündəmə gətirmək, eyni zamanda Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü təhdid etdiyini dünyaya göstərmək niyyətindədir''. Bu fikri açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz sərhəddə erməni əsgərin guya Azərbaycan Ordusunun açdığı atəş nəticəsində ölməsi ilə bağlı yalan məlumatları şərh edərkən deyib. General Paşinyan hökumətinin bölgəyə Fransa ordusunu gətirmək istədiyini vurğulayıb: "Rəsmi İrəvanın əsas məqsədi belə yalanlarla Fransa ordusunu bölgəyə gətirmək, yaxud Vaşinqton və Parisin bölgəyə dəvət edilməsi üçün zəmin hazırlamaqdır. Təxribatların davam etdirilməsi ehtimalı güclüdür. Sülh üçün çalışmaq yerinə, revanşizm duyğusu ilə hərəkət edərək yanlış addımlar atırlar. Ermənistan belə davranmaqla özünü fəlakətə sürükləyir, ölkəni getdikcə beynəlxalq rəqabət meydanına çevirir. Hər kəsi ölkəyə dəvət etmək olar, əsas olan onların ölkədə maraqlarını tarazlaşdırmaqdır. Bunu edə bilməyəndə fəlakət baş verir. Ermənistan kimlərinsə fitnəsinə uyub xam xəyallara qapılmamalıdır. Türkiyə Azərbaycanın yanındadır və sülhün açarı Vaşinqtonda, Parisdə yox, bölgəmizin özündədir".

Y.Karauz bildirib ki, Fransanın Ermənistanı silahlandırmasının bir çox səbəbləri var: "Fransa Birinci və İkinci Dünya müharibələrindən sonra dünyada bütün iqtisadi gəlirin böyük bir qismini cəlb etmiş, siyasi nüfuzunu təmin etmiş bir dövlətdir. İkinci dünya müharibəsindən sonra da BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvünün biri olmasına baxmayaraq, Avropada, Afrikada istədiyi kimi lider ola bilmədi. Mövcud siyasi gücü, ordusu Fransanın nə Mərkəzi Asiyada, nə Liviyada, nə də Rusiya-Ukrayna müharibəsində baş verən hadisələrə təsir göstərməsi üçün yetərli deyil. Ona görə də Paris özünə yeni bir hərəkat sahəsi seçdi. Bu da Ermənistan-Azərbaycan məsələləri üzərindən Qafqazda güc əldə etmək, Qafqaz xalqlarını yönləndirməkdir. Fransa bunun üçün Ermənistanı idarə etməyə çalışır. Burada əsas məqsəd Rusiyanı sıxışdırmaq, İranı bölgəyə nəzarətdən uzaqlaşdırmaq və Türkiyəyə nəzarət edə bilməkdir. Dolayısı ilə Fransanın aldığı addımları, sadəcə olaraq, Azərbaycana düşmənçilik kimi dəyərləndirmək doğru deyil. Təbii ki, Fransa yalnız Qafqazla maraqlanmır. O, eyni zamanda Orta Asiya və Türküstanla da maraqlanır".

Y.Karauz əlavə edib ki, Türk Dövlətləri Təşkilatının son toplantısından öncə Fransa prezidenti Emmanuel Makron Özbəkistan və Qazaxıstana səfər edərək dünyada itirmiş olduğu prestiji qazanmağa çalışdı: "Cənubi Qafqaz və Türküstan regionunu özünə yeni bir coğrafiya seçdi və bu vəziyyətdən faydalanmağa çalışır.

Fransanın Ermənistana dəstək çıxmasının əsas səbəblərindən biri də güclü bağları olan erməni lobbisinə, eləcə də burada yaşayan ermənilərə xoş görünmə çabasıdır. Biz bu gün dünyadakı hadisələri dini məsələlərdən də ayrı tuta bilmərik. Nəticədə türk və müsəlmansansa, istənilən hüquqi məsələdə qarşına əngəllər qoyurlar. Fransanın Ermənistan-Azərbaycan məsələsinə baxışı, düşmənçiliyinin səbəbləri bunlardır", - deyə Y.Karauz vurğulayıb.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin Türkiyə üzrə müxbiri.