8 NOYABR ŞANLI QƏLƏBƏ GÜNÜDÜR
Digər xəbərlər

8 NOYABR ŞANLI QƏLƏBƏ GÜNÜDÜR

"Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ Bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!". Bu fkirləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il noyabrın 8-də Azərbaycan xalqına müraciətində bildirib.

Xalqımız bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamış, bayrağa bu qədər sevgi bəsləməmişdi. Bu tarixi müjdəyə sevinən vətəndaşlarımız Azərbaycanın bütün şəhər və bölgələrində üçrəngli bayrağımızı dalğalandıraraq bir daha bayrağımıza, qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 Noyabr tarixi Zəfər Günü kimi əbədi həkk olundu.

Məlumdur ki, o vaxtkı iqtidarın səriştəsizliyi və hakimiyyət hərisliyi ucbatından 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Azərbaycanın dilbər guşəsi, Qarabağın gözəllik simvolu, 24900 nəfər əhalisi olan Şuşa işğal edildi. Yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil oldu. İşğal nəticəsində Şuşadakı bir sıra mədəniyyət abidələri düşmən tərəfindən talan olundu, tarixi abidələri məhv edildi.

Alınmaz qala olan Şuşanın işğalı ilə bağlı müxtəlif fikirlər səslənsə də bir məsələ aydındır ki, bu qədim şəhər xəyanətin qurbanı oldu. Şuşa işğal altına düşəndə ordumuz  yox səviyyəsində idi, ölkə rəhbərliyi öz vəzifə borcunu yerinə yetirə bilmirdi.

"Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur". Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir. Prezident İlham Əliyev isə demişdir: "Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımıız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir".

Ulu öndərimizin dediyi kimi, doğrudan da Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Bunu 30 ilə yaxın çəkən ayrılıq da göstərdi. Yuxularımızda gördük, Şuşa həsrəti ilə bu dünyadan köçənlərin yasını tutduq. Nə yaxşı ki, tarixi ədalət deyilən bir şey varmış. İllərlə mədəniyyətindən, mənəviyyatından, gözəlliyindən uzaq düşdüyümüz Şuşamız bizə  qayıtdı, Qarabağımıza qovuşduq.

Dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə olan, alınmaz qala sayılan Şuşaya xüsusi təyinatlılarımız  gecə saatlarında, Daşaltı və Qaybalı kəndləri tərəfindəki meşəlikdən daxil oldular. Düşmənin 4 postunu məhv edəndən sonra Köhnə Qalanı və "Türmə"ni ələ keçirən əsgərlərimiz düşmənin hücumlarını dəf edərək şəhərdəki plasdarmı mövqelərini  genişləndirməyə başladılar. Xüsusi təyinatlı qruplar isə Xankəndi-Şuşa yolunu nəzarətə götürmüşdülər. Noyabrın 3-dən 4-nə keçən gecə şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil olan xüsusi təyinatlılarımız zirehli texnikasız, topsuz, aviasiyasız  2 gün döyüşdülər.  Noyabrın 6-da axşam saatlarında ordumuzun motoatıcı  hissələri  ölüm yağışı altında əlbəyaxa gedən döyüşlərə özlərini çatdırdılar. Çünki orada nə səngər, nə istehkam, nə top, nə tank, nə də minaatan var idi. Olanları avtomat, tapança, əl qumbaraları, pulemyot və bıçaqlar, ən böyük silahları isə Vətən təşnəsi, Yurd sevgisi və bir də kamuflyaj formanın sol döş cibində olan Azərbaycan bayrağı idi. Nəhayət, gərgin gedən döyüşlərdən bir neçə gün sonra Ermənistan məğlubiyyətini qəbul etdi və Azərbaycan müharibədə tarixi Qələbə qazandı.    

Bəli, bax bu idi əsl vətənpərvərlik, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı, ən əsası isə Vətən müharibəsinin gedişatının hər dəqiqəsini belə nəzarətdə saxlayıb, əmrlərini verən Ali Baş Komandanımızın "Dəmir yumruq" əməliyyatı.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətinə əməl edərək, "Qarabağ Azərbaycandır!" şüarı altında səni geri qaytardı, gözəl Şuşa. Və bu gün Zəfər bayramı kimi qeyd etdiyimiz 8 noyabr tarixində sənə xitabən çox böyük fəxrlə: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!"- dedi. Bu gün gözəl Şuşamızda Azərbaycan Ordusunun addım səsləri eşidilir. Bir müddət sonra  Şuşaya dönüş başlayacaq. Bütün bunları düşündükcə iftixar və qürur duyursan. Qoynuna qayıdırıq, Şuşa! Gəlirik səni qoxlamağa, xarıbülbül. Dönürük gözəlliyinə tamaşa etməyə, Topxana! Qayıdırıq suyundan içməyə, İsa bulağı! Üzərində at çapmağa, yarışlar, xarıbülbül festivalları keçirməyə gəlirik, Cıdır düzü.

Bəli, yenə qonaqlı-qaralı Cıdır düzü igidlərin məskəninə çevriləcək, doğmalarının nəfəsinə həsrət qalan xarıbülbül əsrarəngiz gözəlliyi ilə hamını valeh edəcək.

Bütün bunlar üçün Ali Baş Komandanımız başda olmaqla torpaqlarımızın azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyir, həmçinin Zəfərin qazanılmasında əməyi olan hər kəsə sonsuz təşəkkürlərimizi bildiririk.

Nurəngiz ADİLQIZI,

"Respublika".