“Nobel Energy”: Xəzər dənizində əməliyyatlar aparmaq daha səmərəli və rahatdır
İqtisadiyyat

“Nobel Energy”: Xəzər dənizində əməliyyatlar aparmaq daha səmərəli və rahatdır

Neft hasilatında yeni texnologiyaların tətbiqi xərclərin 30 faiz azalmasına səbəb olur. Dərin sularda və dənizin dibindən neftin çıxarılması çox baha başa gəldiyi üçün yeni texnologiyalar mütləq lazımdır.

"Respublika" xəbər verir ki, bu sözləri “Nobel Energy” şirkətinin idarə heyətinin üzvü Riçard Daff Bakı Enerji Forumunda “Stereotipləri qıraraq: Enerji Həllərinin Formatlaşdırılması” mövzusundakı panel diskussiyasında deyib.

O bildirib ki, “Nobel Energy” şirkəti Xəzərin dərin sularında neft hasilatını və nəqlini yeni texnologiyaların tətbiqi ilə həyata keçirir.

“Dərin sularda 30 milyon barel neftin çıxarılması üçün 100 milyon dollar sərmayə yatırmaq səmərəli deyil. Lakin yeni texnologiyaların tətbiqi ilə bu işi səmərəli və qazanclı formada həyata keçirmək olar. Xəzər dənizində dalğaların hündürlüyü Şimal dənizində olduğu kimi mütəmadi 10 metrə çatmır. Xəzər nisbətən sakit dənizdir və burada əməliyyatlar aparmaq daha səmərəli və rahatdır. Azərbaycan hökuməti SOCAR ilə yanaşı digər şirkətlərə də yeni texnologiyaların tətbiqi ilə bağlı köməklik göstərir”, - deyə R.Daff nəzərə çatdırıb.