BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb
Dünya xəbərləri

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Bütün dünya üzrə miqrantların ölkələrinə pul köçürmələri 2000-2022-ci illər üzrə 650 faiz artaraq 831 milyard dollara çatıb.

"Respublika" xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Miqrasiya Təşkilatının Cenevrədə dərc olunan hesabatında deyilir.

“Miqrantların ölkələrinə pul köçürmələri 2000-2022-ci illər üzrə 650 faiz artıb ki, bu da beynəlxalq miqrasiyanın insan inkişafının və iqtisadi artımın hərəkətverici qüvvəsi olduğuna sübutdur”, - deyə məruzədə qeyd olunur.

Vurğulanır ki, pul köçürmələrinin əsas hissəsi - 647 milyard dolları aşağı və orta gəlirli ölkələrdə çalışan miqrantlar tərəfindən edilib. Həmin dövlətlərdə ümumdaxili məhsulun əhəmiyyətli bir hissəsini təşkil edən bu vəsaitlər birbaşa xarici investisiyaları üstələyib.

Hesabat müəlliflərinin qeyd etdiyi kimi, münaqişə, zorakılıq, təbii fəlakətlər və digər səbəblərdən evlərini tərk etmək məcburiyyətində qalan insanların sayı dünya üzrə ən yüksək səviyyəyə yüksələrək 117 milyon nəfərə çatıb. Son hesablamalara görə, hazırda dünyada təxminən 281 milyon miqrant var. Buna baxmayaraq miqrasiyanın əksəriyyəti müntəzəm, təhlükəsiz və regional yönümlüdür.