DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ, RUSİYA VƏ UKRAYNA ARASINDA SAZİŞ İMZALANIB

Türkiyə, Ukrayna və Rusiya nümayəndələri arasında iyulun 22-də Ukraynadan taxıl ixracına dair saziş imzalanıb. “Report” agentliyinin verdiyi xəbərə görə, imzalanma mərasimi İstanbulda keçirilib.

Sazişi Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Rusiaynın müdafiə naziri Sergey Şoyqu və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov imzalayıblar. Saziş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quttereşin iştirakı ilə imzalanıb.

Bildirilir ki, taxıl sazişi müqavilədə göstərilən liman obyektlərinə hücumlardan imtinanı ehtiva edir. Sənəddə qeyd edilir ki, tərəflər sazişin icrası ilə bağlı taxıl daşıyan gəmilərə, digər mülki gəmilərə və liman obyektlərinə hücum etməyəcəklər.

BMT-nin yüksək rütbəli rəsmisi vurğulayıb ki, saziş imzalandıqdan sonra Ukraynadan taxıl ixracına başlamaq bir neçə həftə çəkəcək. Sənədə uyğun olaraq Ukraynanın üç limanından təhlükəsiz dəhlizlər vasitəsilə taxıl ixracı ayda təxminən 5 milyon ton təşkil edəcək.

 

ÇİNİN DAŞINMAZ ƏMLAK BAZARINDA BÖHRAN MÜŞAHİDƏ EDİLİR

Çində daşınmaz əmlak sektorunda başlayan böhran banklara da sirayət edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, ölkədə artıq 40 bank müflis olduğunu elan edib.

Məlumata əsasən, insanlar pullarını çıxarmaq üçün banklara axın etsə də, təhlükəsizlik qüvvələrinin ərazini tanklarla qoruduğunun şahidi olublar. Xəbər verilir ki, Çində daşınmaz əmlak bazarındakı tənəzzül get-gedə iqtisadi böhrana çevrilir.

Bildirilir ki, ev alanlar tikintisi başa çatmayan mənzillərin ipoteka kreditini ödəməkdən imtina etdikləri üçün bankların vəziyyəti ağırlaşıb. Əmanətləri dondurulan əmanətçilər isə pullarını çıxarmaq üçün banklara axın edirlər.

Eyni zamanda, bildirilir ki, Çin Xalq Bankının Zençjou şəhərindəki filialı qarşısında təhlükəsizlik işçiləri ilə etirazçılar arasında toqquşma baş verib.

Bununla yanaşı, Çin hakimiyyəti əmanətçilərin qəzəbini yatırmaq üçün yeni addım atıb. Belə ki, iki şəhərdə əmanətləri dondurulan vətəndaşlara kompensasiya veriləcəyi açıqlanıb.

 

ŞOTLANDİYANIN MÜSTƏQİLLİK REFERENDUMUNUN TALEYİ PAYIZDA MƏLUM OLACAQ

Şotlandiyanın Böyük Britaniyadan ayrılmaqla bağlı ikinci referendumun keçirilməsi məsələsi cari ilin oktyabr ayında məlum olacaq. Bu barədə “Report” agentliyi “Frans Press”ə istinadən xəbər verib.

Məlumata görə, Böyük Britaniya Ali Məhkəməsi payızda Şotlandiyanın müstəqilliyi ilə bağlı növbəti referendumun keçirilməsi məsələsinə baxacaq. Söhbət 11 və 12 oktyabr 2022-ci il tarixindən gedir.

Qeyd edək ki, Şotlandiyanın birinci naziri Nikola Sterjen hələ iyun ayında müvafiq referendum keçirmək niyyətində olduğunu açıqlayıb. O, daha sonra 2023-cü ilin 19 oktyabrını “iradənin ifadə günü” adlandırıb.

Bundan əlavə, siyasətçi bildirib ki, o, Şotlandiyanın baş hüquqşünasına məsləhət xarakterli referendumun keçirilməsi üçün Böyük Britaniya Ali Məhkəməsinə müraciət göndərilməsi xahişi ilə müraciət edib.

Nikola Sterjen əmindir ki, Böyük Britaniya Aİ-ni tərk etdikdən və “COVID-19” pandemiyasından sonra 2014-cü ildə keçirilmiş əvvəlki referendumun nəticələrinə yenidən baxmağın vaxtı çatıb.

 

MEYMUNÇİÇƏYİ İLƏ BAĞLI QAPALI İCLAS KEÇİRİLİB

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus dünyada meymunçiçəyinə yoluxmaların artmasından narahatlığını ifadə edib. “APA”nın xəbərinə görə, qurumun Fövqəladə Hallar Komitəsinin iclasında Qebreyesus mütəxəssislərin məsələ ilə bağlı rəylərini soruşub.

“Xəstəliyin yayılmasının yaxın və uzaq müddətdə ictimai səhiyyəyə təsirini qiymətləndirmək üçün sizin tövsiyələrinizə ehtiyacım var”, - deyə ÜST-ün baş direktoru komitə üzvlərinə müraciətində bildirib.

Məlumat üçün qeyd edək ki, komitənin iclası 6 saatdan çox davam etsə də, qəbul edilmiş qərarlar ictimaiyyətə açıqlanmayıb.

Son statistikaya görə, hazırda dünyanın 71 ölkəsində 15300 nəfər meymunçiçəyinə yoluxub.

 

AĞ EVDƏN KORONAVIRUSA YOLUXMUŞ BAYDENLƏ BAĞLI AÇIQLAMA

Koronavirusa yoluxmuş ABŞ prezidenti Cozef Bayden azı 5 gün təcrid rejimində qalacaq və testinin nəticəsi mənfi olduqdan sonra işə qayıdacaq. “Report”un verdiyi xəbərə görə, bu barədə Ağ Evin koronavirusun yayılması ilə mübarizə üzrə koordinatoru Aşiş Ja bildirib.

Koordinatorun sözlərinə görə, Cozef Baydendə burun axması, öskürək və zəiflik kimi yüngül simptomların olduğu müşahidə edilir.

Eyni zamanda, Ağ Ev Baydenin harada yoluxduğunu açıqlamağı öhdəsinə götürməyəcəyini, lakin ABŞ prezidentinin xəstələndiyi ştammla bağlı təfərrüatların bir həftə ərzində ictimaiyyətə açıqlanacağını qeyd edib.

 

ÜST RƏSMİSİ HÖKM SÜRƏN İSTİLƏRİ “QİYAMƏTLƏ” ƏLAQƏLƏNDİRİB

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe son həftələrdə Avropada insan tələfatına səbəb olan isti hava dalğasının “qorxunc qiyamətlə” əlaqəli olduğunu bildirib. “Teleqraf.com”un xəbərinə görə, Hans Klüqe iqlim dəyişikliyi nəticəsində yaranan isti hava dalğasının bəşəriyyətin mövcudluğunu təhdid edir.

İsti havanın Avropada çoxlu sayda insan ölümünə səbəb olduğunu qeyd edən Hans Klüqe hökumətləri boş ritorikadan əl çəkməyə və Paris razılaşmasında iqlim dəyişikliyi proqramını həyata keçirmək üçün siyasi iradə nümayiş etdirməyə çağırıb.

Bununla yanaşı, ÜST-ün tövsiyələrinə diqqət çəkən təşkilat rəsmisi insanlara məsləhət görüb ki, bədənlərini sərin saxlasınlar və çoxlu su içsinlər.

Qeyd edək ki, Dünya Meteorologiya Təşkilatı İspaniya və Portuqaliyada son 2 həftə ərzində azı 1700 nəfərin isti hava şəraiti nəticəsində vəfat etdiyini açıqlayıb.

 

ABŞ-DA SON 43 İLDƏ İLK DƏFƏ POLİOMİELİTƏ YOLUXMA AŞKAR EDİLİB

ABŞ-da uzun illərdən sonra ilk dəfə poliomielit xəstəsi aşkar edilib. “APA”nın xəbərinə görə, bu barədə Nyu-York ştatının Səhiyyə Departamenti məlumat yayıb. Məlumata əsasən, departament əhaliyə şəhərin Roklend dairəsində poliomielitə yoluxma müəyyən edildiyini açıqlayıb. Faktı federal qurumlar da təsdiqləyib.

Bununla yanaşı, hələlik xəstəliyə yoluxan şəxsin peyvənd edilib-edilməməsi ilə bağlı heç bir məlumat yoxdur. Eyni zamanda çox güman ki, söhbət birbaşa poliomielit xəstəliyindən deyil, vaksinlə peyvənd olunma zamanı aşkar edilən bu xəstəliyin izlərindən gedir.

Verilən xəbərə görə, rəsmi statistikaya əsasən ABŞ-da poliomelitə ölkədaxili yoluxma sonuncu dəfə 1979-cu ildə qeydə alınıb. 1993-cü ildə aşkar edilən xəstə isə xaricdə yoluxmuşdu.

Məlumat üçün qeyd edək ki, poliomielit virusların törətdiyi infeksion xəstəlik olub, sinir sistemini iflic edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.