20023-2023: MİLLİ RUHLU, MİLLİ LƏYAQƏTLİ VƏ VƏTƏNPƏRVƏR GƏNCLİYİN İNKİŞAFI DÖVRÜ
Siyasət

20023-2023: MİLLİ RUHLU, MİLLİ LƏYAQƏTLİ VƏ VƏTƏNPƏRVƏR GƏNCLİYİN İNKİŞAFI DÖVRÜ

Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunurdu. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi və Gənclər Günü təsis edildi.

2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il "Gənclər ili" elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı" təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilən yeni nəslin Vətən müharibəsində rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edirik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün müasir Azərbaycan gəncinin fəaliyyətini qiymətləndirərək demişdir: “Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi.

Əlbəttə, müharibədə əldə edilmiş Qələbənin bir çox səbəbləri var: həm ölkədaxili səbəblər, həm də bizim xarici müstəvidəki fəaliyyətimiz, əlbəttə ki, güclü iqtisadiyyatımız, ordumuzun müasirləşdirilməsi. Ancaq əsas amil vətənpərvərlikdir. Bunu mən, sadəcə olaraq, xoş söz üçün demirəm. Bunu mən Ali Baş Komandan kimi müharibə dövründə hər an, necə deyərlər, bütün əməliyyatlara rəhbərlik edən şəxs kimi deyirəm və görürəm ki, bəzi hallarda, hətta çətin anlarda bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı”.

2003-2023-cü illərdə Azərbaycan gəncliyinin fiziki və mənəvi inkişafı, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində dövlət tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. Bu sahədə normativ hüquqi baza müasir dövrün tələblərinə uyğun və dünyada mövcud müsbət təcrübəyə əsaslanaraq təkmilləşdirilmiş, gənclərə xidmət göstərən, müasir standartlara cavab verən infrastrukturun yaradılması və inkişaf etdirilməsi təmin olunmuşdur.

2024-2031-ci illərdə gənclər siyasəti sahəsində aşağıdakı hədəflərə nail olunması nəzərdə tutulur:

  • Gənclər və idman sahəsində infrastrukturun daha da təkmilləşdirilməsi;
  • Gənclərin elmə və təhsilə həvəsləndirilməsi;
  • Gənclərin idmana və sağlam həyat tərzinə bağlılığının artırılması;
  • Gənclərin sahibkarlıq bacarıqlarının daha da inkişaf etdirilməsi;
  • Gənclərin ölkənin ictimai-siyasi həyatında rolunun artırılması;
  • Könüllülük hərəkatının bütün ölkəni, o cümlədən işğaldan azad olunmuş əraziləri və orada yaşayan gəncləri əhatə etməsi.

Bu dövr ərzində 32 "Gənclər evi" sosial xidmət müəssisəsi tikilmiş, ölkənin bütün inzibati ərazi vahidlərində Gənclərin İnkişaf və Karyera Mərkəzi nümayəndəliklərinin fəaliyyəti təşkil olunmuş, 30 Olimpiya İdman Kompleksi və onlarla digər idman qurğusu gənclərin və idman həvəskarlarının istifadəsinə verilmişdir. İdmana, idmançılara göstərilən diqqət və qayğı sayəsində təkcə Olimpiya medalçılarının sayı 47 nəfər olmuşdur.

Gənclərin məşğulluğu, biznes fəaliyyətinin təşkili və karyera quruculuğuna xüsusi diqqət yetirilmişdir. Azərbaycanın və dünyanın aparıcı universitetlərində müxtəlif sahələrdə dövlət vəsaiti hesabına təhsil almış gənclərimiz Azərbaycan dövlətinin davamlı inkişafına öz töhfələrini verirlər.

İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə "Yüksəliş" müsabiqəsi təsis edilmişdir və hər il müntəzəm olaraq keçirilir.

Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində əldə edilmiş nailiyyətlər Vətən müharibəsində şanlı Zəfərimizi şərtləndirən əsas amillərdən biri olmuşdur.

Dövlətin xüsusi diqqəti nəticəsində könüllülük gənclərin həyat tərzinə çevrilmiş və institusionallaşdırılmışdır. Bu gün Azərbaycanda könüllülük hərəkatına qoşulmuş yüz minlərlə gənc cəmiyyətə təmənnasız xidmət göstərir.

Hazırda azad, sabitlik olan və özünə güvənən ölkəmizdə yaşayan gənclərin imkanları daha genişdir. Gənclər bu imkanlardan öz gələcək həyatlarını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün məharətlə istifadə etməlidirlər. Bu gün haqlı olaraq, hər birimiz fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq.

Qeydə alınmış namizədlərin bu ödənişsiz təşviqat materialları Seçki Məcəlləsinə və MSK-nın müvafiq təlimatına əsasən dərc edilir.

Seçkiqabağı təşviqat materiallarındakı fikirlərə görə redaksiya məsuliyyət daşımır