Möhtəşəm Zəfərimizin sərkərdəsi
Siyasət

Möhtəşəm Zəfərimizin sərkərdəsi

Prezident İlham Əliyev Azərbaycana 20 il rəhbərliyi dövründə öz bilik və bacarığını ölkəmizin inkişafı, möhkəmlənməsi, suverenliyinin tam bərpa olunmasına həsr etmişdir.

Dövlətimizin başçısı geridə qalan bu illər ərzində respublikamızı beynəlxalq arenada sayılıb-seçilən ölkələr sırasına çıxarmağı bacarmışdır. Artıq hər kəs onu yeni reallıqlar yaradan, sözü imzası qədər dəyərli olan bir Lider kimi tanıyır.

Prezident İlham Əliyev hələ gənc yaşlarından malik olduğu idarəetmə bacarığına görə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin inamını qazana bilmişdi. Bu səbəbdən də prezidentlik dövrünə qədər icra etdiyi bütün vəzifələrdə Ulu Öndərin etimadını doğrultmuş, həmin illərdə lider olmaq yolunda əmin addımlarla irəliləmişdir.

20 il ərzində saysız-hesabsız ilklərə imza atan cənab İlham Əliyevin qazandığı uğurların başlıca səbəbi malik olduğu təhsil, getdiyi yolda prinsipal və qətiyyətli olması, qarşısına çıxan maneələrə təmkinlə yanaşması, xalqının mənafeyi uğrunda, xüsusilə də ərazi bütövlüyümüzün bərpası yolunda radikal qərarlar qəbul etməsi və ən əsası isə Heydər Əliyev siyasi məktəbinin məzunu olmasıdır. Artıq bir sıra dövlət başçıları da ona olan heyranlığını gizlədə bilmir: "Mən Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki... Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim", - kimi etiraflar da edirlər.

2003-cü ildə Prezident seçilən İlham Əliyev xalqının əksəriyyətinin səs çoxluğu ilə hakimiyyətə gəldi. Ulu Öndərin 1993-cü ildən bəri rəhbərlik etdiyi Azərbaycan 10 il ərzində əsrə bərabər yol qət etmişdi. İlham Əliyev ümummili lider Heydər Əliyevdən daxili təhlükəsizliyi təmin olunmuş, iqtisadiyyatı dirçəlmiş və inkişaf yolunu tutmuş Azərbaycanı təhvil alsa da, onun qarşısında ən ümdə və çox çətin bir vəzifə dururdu. O, bir layiqli övlad kimi həm ata vəsiyyətini yerinə yetirməli, həm də dövlət başçısı olaraq, Azərbaycan xalqının qəlbində od tutub alovlanan Qarabağ yanğısını söndürməli idi.

Heç şübhəsiz ki, cənab İlham Əliyevin həyat və peşə fəaliyyətinin zirvəsi 44 günlük Vətən müharibəsinə təsadüf edir. O, 2020-ci il sentyabr ayının 27-dən etibarən düşmənə qarşı başladılan əks-hücum əməliyyatlarının ilk günündən etibarən hər birimizlə bərabər oldu və "Qarabağ Azərbaycandır!" sözləri milli şüara çevrildi. 44 gün ərzində xalqımıza etdiyi müraciətlərdə bəzən siyasi xadim, bəzən də sadə vətəndaş kimi danışırdı. Həmin günlər ərzində dövlətimizin başçısı Silahlı Qüvvələrimizin İkinci Qarabağ müharibəsində qazandığı hər bir uğurunun - kənd və şəhərlərin düşməndən azad olunmasının müjdəçisinə çevrilmişdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər ərazilərin geri alınması xəbəri böyük coşqu və sevinclə qarşılanırdı. 44 gün boyunca xalqın ona olan sevgisi, məhəbbəti günü-gündən daha da artdı, hətta düşmən ölkənin bəzi nəşrlərində "İlham Əliyev kimi Prezident istəyirəm" sərlövhəli yazılar da dərc olunurdu. Vətən müharibəsinə qədər hər kəs ölkə başçısını daha çox güclü diplomat, strateji baxışlı siyasətçi kimi tanısa da, həmin günlər onun daha bir yüksək məharəti üzə çıxdı və qazandığımız möhtəşəm Zəfərin sərkərdəsinə çevrildi.

Qarabağın hər bir qarışı xalqımız üçün əziz və doğma olsa da, lakin bir şəhər var ki, onun yeri Türk dünyasında və Azərbaycanda tam başqa bir mövqeyə sahibdir. Bu Şuşadır!

28 il yarım işğal altında qalan Şuşa qədim dövlətçilik tarixində xüsusi yer tutur. Şuşa əsrlər boyu azərbaycanlıların məskunlaşdığı ərazi olub. Bu şəhər nəinki Azərbaycanın, bütün Qafqazın incisi sayılır. Düşmən Şuşanı işğal altında saxlamaqla uzun illər xalqımıza mənəvi-psixoloji zərbə vurmuşdu. Lakin 2020-ci ilin 8 noyabrı bütün Azərbaycan üçün Zəfər Gününə çevrildi. Bu dəfə də Prezident İlham Əliyev xalqa müraciət edirdi. Amma digər çıxışlarından tam fərqli olaraq 8 noyabr müraciətində deyilən sözlər çətin ki, bundan sonra kiminsə yaddaşından silinə bilsin. İlk növbədə, Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edən dövlətimizin başçısı Ali Baş Komandan kimi vəsiyyətin tam icra olunduğunu Böyük Azərbaycanlıya məruzə etdi. Daha sonra isə Şəhidlər xiyabanına gələrək həmin unudulmaz sözləri dedi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!". Prezident İlham Əliyevin 8 noyabr nitqində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlının dilində əzbərə çevrildi.

Daha bir məqam var ki, Prezident İlham Əliyev müasir Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazdırmağı bacarıb. O, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edərək, respublikamızın ərazi bütövlüyünü bərpa edən ilk Prezident oldu. Bu il oktyabrın 15-də separatizmin beşiyinə çevrilmiş Xankəndidə Dövlət Bayrağını ucaldaraq əsrlərdir davam edən "böyük Ermənistan" ideologiyasını darmadağın etdi. Həmçinin Əsgəran, Ağdərə, Xocavənd və Xocalını yenidən öz hürriyyətinə qovuşdurdu və xalqımızın qanına əli batmış cəlladlar öz layiqli cəzasını aldı. Qarabağ ətrafında baş verən siyasi hadisələr bir daha onu göstərdi ki, dövlətimizin başçısı bu tarixi yurd yerimizi nəinki Ermənistan və onun əlaltısı olan qondarma rejimdən, eləcə də dünyada qlobal güc sayılan bir sıra imperialist təfəkkürlü dövlətlərin caynağından xilas etdi.

Musa BAĞIRLI,

"Respublika".