1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir
Siyasət

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir

XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövrdür. Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdi, xalqımız çoxəsrlik dövlətçilik tarixinə söykənərək yenidən milli azadlığına nail oldu. Azərbaycan xalqı müstəqilliyin qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu məhz 1991-1993-cü illərin hadisələri fonunda daha aydın şəkildə gördü. Çünki bu illərin iqtidarının yarıtmaz siyasəti, idarəçilik qabiliyyətinin yoxluğu ucbatından daxili çəkişmələr, vətəndaş müharibəsi, xaos, anarxiya baş alıb gedir, torpaqlarımız işğal edilirdi. Bu hallar ölkədə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və müstəqilliyini itirmək təhlükəsini yaşamasına gətirib çıxardı. Xalq ayağa qalxaraq öz xilaskarına - Ulu Öndər Heydər Əliyevə üz tutdu.

Ümummilli Lider xalqın təkidli tələbi ilə iyunun 9-da Naxçıvandan Bakıya gəldi, 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. İyulun 24-də isə Milli Məclisin qərarı ilə prezident səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də Prezident seçildi. Əgər Ulu Öndər Heydər Əliyev o çətin günlərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi. Məhz bu böyük şəxsiyyətin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü, düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan ağır vəziyyətdən çıxdı, ölkədə sabitlik yarandı və inkişaf dövrü başlandı.

Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin başlanmasıdır. Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Məhz bu dahi liderin rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda xalqımız əmin idi ki, Ulu Öndər Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını qoruyacaq və gələcək inkişafla bağlı ən düzgün qərar verəcəkdir.

Ümummilli Lider Heydər Əliyev ilk gündən belə bir çağırışı səsləndirdi ki, sabitlik olmasa heç bir sosial-iqtisadi layihənin həyata keçirilməsindən danışmaq olmaz. Atəşkəsin əldə olunması Ulu Öndər Heydər Əliyevin siyasi nüfuz və peşəkarlığının nəticəsi idi. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu 1994-cü il mayın 8-də imzalamağa məcbur oldu. Protokol mayın 12-də qüvvəyə mindi və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırıldı. Atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm mərhələ oldu.

Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin başlanmasıdır. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə idi. Ümummilli Lider "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisini irəli sürərək "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. "Əsrin müqaviləsi" Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Həmin müqavilə daha sonra 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. Ulu Öndər Heydər Əliyev demişdir: "Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır".

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynadı. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmət qazandı.

2003-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqa müraciəti dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin davamı oldu. Belə ki, bu müraciətdən sonra Azərbaycanın bugünkü inkişafının əsası qoyuldu. Ulu Öndər həmin müraciətində cənab İlham Əliyevə özü qədər inandığını, gələcəyinə böyük ümidlər bəslədiyini bildirdi.

Son 20 ildən artıq dövrün uğurları göz qabağındadır. Cənab İlham Əliyev Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirərək onun görmək istədiyi Azərbaycanı qurdu. Bu gün Azərbaycanın dünyaya səs salan Zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından bəhs edirik. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bunun nəticəsində Kəlbəcər, Ağdam və Laçın bir güllə atılmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.

 Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verildi. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Soydaşlarımız mərhələ-mərhələ öz doğma yurd-yuvalarına qayıdırlar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişdi və region ölkələrinin inkişafı üçün yeni imkanlar açıldı. Münaqişənin həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Şanlı qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir. Dövlət başçısı İlham Əliyev keçilən yolun təhlili fonunda böyük inamla qeyd etdi ki, 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi.

Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhədlərimizdə dalğalandırıldı. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin edildi. Ötən ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi və suverenliyimiz tam bərpa olundu. 15 oktyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağını ucaltdı. Bu gün işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanına çevrilib, soydaşlarımızın qayıdış ünvanlarının sayı artır.

Azərbaycanın uğurlarında bu il yaradılmasının 20 ili tamam olan Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr tarixi şəxsiyyət Heydər Əliyevin gələcək nəslə ərmağan olan irsinin, siyasi fəaliyyətinin əbədi yaşamasını təmin etməklə tariximizin, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin təbliğində də misilsiz rola malikdir. Şərqlə Qərb arasında sivilizasiyalararası körpü, dialoq mərkəzi olan Azərbaycan mədəniyyət və incəsənətinin dünyada tanıdılmasında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi qurumun xeyriyyəçilik, humanistlik missiyası çoxşaxəli və davamlıdır. Hazırda Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərimizdə tarixi və dini abidələrin bərpası işini yüksək səviyyədə həyata keçirir. Eyni zamanda Fondun təşkilatçılığı ilə bu torpaqlarda keçirilən tədbirlər tarixi Zəfərimizin yaratdığı reallıqların dünyaya təqdimatında öz sözünü deyir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti ölkəmizdə və onun hüdudlarından kənarda yüksək dəyərləndirilir.

Heydər Əliyev siyasəti bundan sonra da yeni dövrə qədəm qoyan qalib Azərbaycana uğurlar qazandıracaq. Ümummilli Lider Heydər Əliyevin "Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!" çağırışı dünənimizin, bu günümüzün və gələcəyimizin aydın təsəvvürünü yaradır.

Etibar HACIYEV,

YAP Ağstafa Rayon Təşkilatının sədri.