Pakistanli alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib
Mədəniyyət

Pakistanli alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Nizami Gəncəvi irsinin tədqiqatçısı, Pakistanın Lahor GC Universitetinin Urdu dili və ədəbiyyatı bölməsinin dosenti Safeer Hydar Gəncə şəhərində olub. Səfərin məqsədi Azərbaycanın qədim və zəngin mədəniyyətini, tarixini qonağa əyani şəkildə göstərmək və dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərə kompleksini ziyarət etmək olub.

"Respublika" xəbər verir ki, Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov qonağa dahi şairin zəngin bədii irsi, milli kimliyi barədə ətraflı məlumat verib, Azərbaycanda Nizami Gəncəvi irsi ilə bağlı dövlət səviyyəsində görülən işlərdən, aparılan tədqiqatlardan, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hələ ötən əsrin 80-ci illərində Nizaminin 840 illik yubileyinin keçirilməsinə nail olmasından ətraflı söhbət açıb.

Mərkəzin direktoru, eyni zamanda, müasir Azərbaycan nizamişünaslığının dünya nizamişünaslığı səviyyəsinə yüksəlməsində Prezident İlham Əliyevin həyata keçirdiyi tarixi fəaliyyətlər kontekstində dahi mütəfəkkirin 870, 880 illik yubileyləri, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi haqqında qonağa məlumat verib. Qonağın diqqətinə çatdırılıb ki, ölkə rəhbərinin 2012-ci ildə imzaladığı Sərəncamla fəaliyyətə başlayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Azərbaycan Prezidentinin himayəsi altında 2013-cü ildən həyata keçirilən Qlobal Bakı forumları, habelə Gəncədə Nizami Gəncəvi Muzeyinin inşa edilməsi, “Xəmsə”sinin nəfis şəkildə çap edilməsi, dünya ölkələrində abidələrinin ucaldılması, Oksford Universitetində akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin yaradılması, ölkəmizdə fundamental monoqrafiyaların nəşr edilməsi, beynəlxalq konfransların keçirilməsi Azərbaycanda Nizami Gəncəvi irsinə dövlət səviyyəsində olan diqqətin təzahürüdür.

Daha sonra qonaq dahi şairin atası Yusifin və anası Rəisənin məzarlarını, Nizami Gəncəvi Muzeyini ziyarət edib.

Səfər çərçivəsində həm də “İmamzadə” dini kompleksi, şəhərin müxtəlif tarixi abidələri ziyarət olunub, AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzində aparılan tədqiqat işləri haqqında qonağa məlumat verilib.