Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin “Zirvə Görüşü” keçiriləcək
Türk dünyası

Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin “Zirvə Görüşü” keçiriləcək

Mayın 31-dən iyunun 2-nə qədər Bakıda türk dövlətlərinin qiymətləndiricilərinin növbəti “Zirvə Görüşü” keçiriləcək.

Bunu “Respublika”ya Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, tədbirdə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) prezidentlik səlahiyyətləri AQC sədri olaraq onun şəxsində Azərbaycana, vitse-prezidentlik səlahiyyətləri isə Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçecinin timsalında Türkiyəyə ötürüləcək.

V.Oruc “Zirvə Görüşü”nə Rusiyadan, Belarusdan və digər ölkələrdən qiymətləndirmə birliklərinin rəhbərlərinin də qonaq qismində qatılacağını bildirib.

O bildirib ki, Qiymətləndiricilər Palatasını formalaşdırmaq üçün təsis olunan Təşkilat Komitəsinin fəaliyyətində də AQC yaxından iştirak edir: “İstər Dövlət İmtahan Mərkəzinin təşkil edəcəyi imtahanlarda test bazasının hazırlanmasında, istərsə də yeni qanunun işlək mexanizmlərinin formalaşmasında fəal iştirak edirik”.

O vurğulayıb ki, Palatanı formalaşdırmaq üçün təsis olunan Təşkilat Komitəsinə müraciət qəbul olunub. Qiymətləndirmə subyektləri Təşkilat Komitəsindən onlara müqavilə əsasında fəaliyyət göstərən təsisatlarla əməkdaşlığın davam etdirilməsinə şərait yaradılması üçün bir il müddətində güzəşt tətbiq olunmasını xahiş ediblər.

V. Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin nəzdində Bank Ekspert Şurasının təsis edildiyi və hazırda hər bankdan bir nəfər olmaqla 11 bank rəsmisinin Şurada təmsil olunduğu barədə məlumat verib. O, əlavə edib ki, gələcəkdə onların sayının artacağı gözlənilir.