Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub
İdman

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında 9-cu turun partiyaları oynanılıb.

Azərbaycan Şahmat Federasiyasından "Respublika"ya bildiriblər ki, çempionatın lideri Məhəmməd Muradlı hesabat turunda Abdulla Qədimbəyliylə xalı yarı bölüb. Aydın Süleymanlı qara fiqurlarla Vüqar Manafovu məğlub edib. Vüqar Rəsulov ağ fiqurlarla Read Səmədovu üstələyib. Xəzər Babazadə-Toğrul Həsənzadə arasında partiya heç-heçə yekunlaşıb.

Reqlamentə əsasən 9 turdan sonra ilk dörd yeri tutan şahmatçılar yarımfinalda mübarizəni davam etdirəcək. Aprelin 21-də başlayacaq yarımfinalda 9 turdan sonra lider olan Məhəmməd Muradlı dördüncü yerdə qərarlaşan Vüqar Rəsulova, 2-3-cü yerləri tutan Aydın Süleymanlı isə Xəzər Babazadəyə rəqib olub. Yarımfinal iki oyundan ibarət olacaq. İlk oyunda Xəzər Babazadə və Vüqar Rəsulov ağ fiqurlarla yarışacaq.