İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Gimnastlarımız Vətənə dönüblər

Portuqaliyanın Qimarayeş şəhərində keçirilən batut gimnastikası, ikili - mini batut və tamblinq üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan millisi Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Tamblinq üzrə millinin üzvləri Tofiq Əliyev, Mixail Malkin, Bilal Qurbanov və Adil Hacızadə komanda hesabında qızıl medala yiyələniblər. Yığmamız bu növ üzrə ilk dəfə Avropa çempionatında komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əli Niftəliyev və Ammar Baxşaliyev də (batut gimnastikası) sinxron proqramda birinci yeri tutublar. Tofiq Əliyev (tamblinq), Ayan Şabanova və Samirə Hüseynova (batut gimnastikası) sinxron proqramda gümüş medal qazanıblar. Bu, Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında gənclərin sinxron proqramında qazanılan ilk gümüş mükafatdır.

Komandamız İtaliyada 4 qızıl medal qazanıb

İtaliyanın Genuya şəhərində keçirilən beynəlxalq turnirdə Azərbaycan savatçıları uğurla çıxış ediblər. Komanda üçü qızıl, biri isə gümüş olmaqla dörd medal qazanıb. Yığmanın heyətində Yasin İbrahimov (56 kiloqram), Məhəmməd Məmmədli (48 kiloqram) və Raul Hüseynzadə (30 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihat Quliyev (60 kiloqram) isə ikinci yeri tutub. Onlar assault və prokombat növləri üzrə yarışlarda buna nail olublar.

İdmançımız beynəlxalq yarışda qalib olub

Rusiyanın paytaxtı Moskva şəhərində atçılığın dresaj növü üzrə keçirilən "Maksima Masters" turnirində ölkəmizi təmsil edən Aydın Əlibəyov çempionatda qalib olub. 4 gün davam edən yarışda 3 atla iştirak edən təmsilçimiz cavan atlar arasında təşkil olunan turda 4 qızıl, böyük atlar arasında turda 2 qızıl və 1 bürünc medala sahib çıxıb. Bu nəticə ilə ölkəmiz MDB dövlətləri arasında "Maksima Masters" çempionatı tarixində cavan atlar arasında keçirilən yarışlar üzrə ən yüksək qiymətə layiq görülüb. Təmsilçimiz Aydın Əlibəyov isə bu kateqoriyaya yiyələnən ilk idmançı olub. Yığmanın əsas məqsədi 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır.

Güləşçilərimiz "Paris-2024"də mübarizə aparacaqlar

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turniri yekunlaşıb. Turnirin son günündə mübarizə aparan güləşçilərimiz "Paris-2024"ə vəsiqə qazanıb. Georgi Meşvildişvili (125 kq) bolqarıstanlı rəqibini məğlub edərək bu uğura imza atıb.  Həmçinin sərbəst güləşçi Osman Nurmaqomedov (86 kq) ukraynalı rəqibini 4:1 hesabı ilə məğlub edərək lisenziya qazanıb. Xatırladaq ki, daha əvvəl bu turnirdə mübarizə aparan sərbəst güləşçilərimiz  Turan Bayramov (74 kiloqram), Hacı Əliyev (65 kiloqram) və Əliabbas Rzazadə (57 kiloqram), həmçinin Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya əldə ediblər.

Nərgiz İSMAYILOVA,

"Respublika".