DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

ABŞ SENATINDA UKRAYNAYA VƏ İSRAİLƏ YARDIMLA BAĞLI KONSENSUS ƏLDƏ EDİLİB

ABŞ Senatı Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə edib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Senatdakı çoxluğun lideri, demokrat Çak Şumer mətbuat konfransında bildirib.

Senatorun sözlərinə görə, konsensus ABŞ prezidenti Cozef Bayden və Konqres liderləri arasında bazar günü baş tutan telefon danışığı zamanı əldə olunub.

Bununla yanaşı, Çak Şumer qeyd edib ki, İsrailə və Ukraynaya yardım göndərməyin ən yaxşı yolu Nümayəndələr Palatasının Senat tərəfindən təsdiqlənmiş milli təhlükəsizlik haqqında əlavə qanunun qəbul edilməsidir.

“İsrailin raket əleyhinə müdafiə və pilotsuz uçuş aparatları ilə mübarizə sistemini bərpa etməsinə yardımın ən yaxşı yolu bu əlavənin dərhal qəbul olunmasıdır”, - deyə Çak Şumar vurğulayıb.

GÜRCÜSTAN PREZIDENTI: “XARİCİ AGENTLƏR QANUNU” Aİ MƏQSƏDLƏRİ ÜÇÜN SƏRFƏLİ DEYİL

Gürcüstan prezidenti Salome Zurabişvili baş nazir İrakli Kobaxidzenin ABŞ və Avropa İtiifaqı (Aİ) ölkələrin səfirlərini “xarici agentlər haqqında qanun”la bağlı ictimai müzakirəyə dəvət edən bəyanatına münasibət bildirib. “Teleqraf.com”un xəbərinə görə, prezident Kobaxidze hökumətinin bu təşəbbüsünün Aİ-yə inteqrasiya prosesinə zərər verə biləcəyini diqqətə çatdırıb.

Zurabişvili qeyd edib ki, Berlində Almaniya kansleri Olaf Şoltsla görüş zamanı bu layihənin Aİ ilə heç bir əlaqəsinin olmadığı dilə gətirilib.

“Artıq Berlində baş nazirlər arasında müzakirələr aparılıb. Bu qanun Avropa qanunu deyil. Bunun parlamentin müzakirəsinə qaytarılması Avropa məqsədləri üçün sərfəli deyil”, - deyə Gürcüstan prezidenti vurğulayıb.

Xatırladaq ki, ötən ilin martında ilk dəfə parlamentin müzakirəsinə çıxarılan qanun layihəsi Gürcüstanda kütləvi etirazlara səbəb olmuşdu. ABŞ və Aİ-nin də sərt təpkisi ilə qarşılanan layihə bundan sonra geri götürülmüşdü. Qanun bir neçə gün əvvəl yenidən parlamentə təqdim edilib.

İRANIN İSRAİLƏ HÜCUMU AVİAUÇUŞLARDA CİDDİ PROBLEMLƏRƏ SƏBƏB OLUB

İranın İsrailə hücumundan sonra iki gün ərzində azı 12 böyük aviaşirkət uçuşları ləğv etməli və ya marşrutu dəyişdirməli olub. Bu barədə “Röyters” agentliyi məlumat yayıb. Bildirilib ki, hava nəqliyyatı və hava limanları ilə işləyən “OPSFROUP” konsaltinq şirkətinin yaradıcısı Mark Zi uçuşlarla bağlı fasilələrin miqyasını 2001-ci il 11 sentyabr terror aktının nəticələri ilə müqayisə edib.

“O vaxtdan bəri bizdə elə bir vəziyyət olmayıb ki, bu sayda müxtəlif hava məkanları belə tez bağlansın. Bu, xaos yaradır”, - deyə Mark Zi bildirib.

Məlumata görə, İran üzərindəki hava məkanından Avropa və Asiya arasında uçan təyyarələr istifadə edir. O, uçuşlarla bağlı fasilələrin daha bir neçə gün davam edəcəyini düşünür.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə Yaxın Şərqdə eskalasiya ilə əlaqədar İsrail, İran, İordaniya, İraq və Livan hava məkanını bağlayıb.

BÖYÜK BRİTANİYA QANUNSUZ MİQRANTLARI ERMƏNİSTANA GÖNDƏRMƏK NIYYƏTINDƏDIR

Böyük Britaniya krallıqdan qovulan qanunsuz miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlara başlayıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə “The Times” qəzeti əldə etdiyi diplomatik sənədlərə istinadən bildirib. Bu məsələ ilə bağlı Ermənistan, Botsvana, Kot-d'İvuar və Kosta-Rika ilə dialoq davam edir.

Nəşrin məlumatına görə, London məhz bu dörd ölkə ilə Böyük Britaniya və Ruanda arasında əvvəllər əldə edilmiş razılaşmanın analoqunu bağlamağı gözləyir. Braziliya, Kolumbiya, Paraqvay, Peru və Ekvadorla mümkün əməkdaşlıq məsələsi də qaldırılıb, lakin Krallığın XİN-i hesab edir ki, bu ölkələrin hakimiyyət orqanları bunda çox maraqlı olmayacaq.

Britaniya tərəfinin dialoqa başlaya biləcəyi Anqola, Kabo-Verde, Tanzaniya, Toqo, Seneqal və Syerra-Leone kimi Afrika dövlətlərinin ehtiyat siyahısı mövcuddur. Qambiya, Mərakeş, Namibiya və Tunis məsələni müzakirə etməkdən imtina ediblər.

Qəzet xatırladıb ki, Böyük Britaniya artıq bir il yarımdır ki, krallıqdan qovulan qanunsuz miqrantları qəbul etməyə hazır olacaq ölkələr axtarır. Ölkənin baş naziri Rişi Sunak ötən ilin payızında müvafiq sazişlər bağlamağa ümid etsə də, Britaniya Ruandaya bir dənə də olsun qanunsuz miqrant göndərə bilmədiyi üçün danışıqlar dalana dirənib.

YOXSUL ÖLKƏLƏRLƏ İNKİŞAF ETMİŞ DÖVLƏTLƏR ARASINDA DƏRİN UÇURUM

Dünyanın ən yoxsul 75 ölkəsindən təqribən yarısının gəlirləri ilə inkişaf etmiş dövlətlərin əldə etdiyi gəlir arasında 100 ilin ən böyük fərqi, başqa sözlə desək, dərin uçurum yaranıb. “Röyters” agentliyinin xəbərinə görə, bu barədə Dünya Bankının hesabatında bildirilir.

Məlumata görə, hər iki kateqoriyadan olan ölkələrdə adambaşına düşən gəlirin məbləği də bir-birindən kəskin şəkildə fərqlənir. Dünya Bankının baş iqtisadçısının müavini Ayhan Kösenin sözlərinə görə, bu vəziyyət ilk dəfədir ki, müşahidə olunur.

“COVID-19 pandemiyasına qədərki dövrdə Beynəlxalq İnkişaf Assosiasiyasına üzv olan əksər dövlətlərdə iqtisadi inkişaf tempində azalma müşahidə olunurdu. 2024-cü ilin yekunları onu deməyə əsas verir ki, 4 ili əhatə edən hesabat müddətində bu rəqəm 3,4 faiz təşkil edəcək. Bu, 90-cı illərdən sonra ən aşağı göstərici hesab olunur. Qeyd olunan vəziyyət artıq həyəcan təbilinin çalınmasına əsas verir. Yaranmış iqtisadi problemlərin əsas səbəbi Rusiya-Ukrayna müharibəsidir”, - deyə Ayhan Köse əlavə edib.

Eyni zamanda, sənəddə qeyd edilir ki, Beynəlxalq İnkişaf Assosiasiyasından kredit cəlb etmək hüququna 75 dövlətin siyasi sistemində dəyişiklik baş verməsə, onlar beynəlxalq səviyyədə iqtisadi dəstəkdən məhrum ola bilərlər.

Aİ-NİN SAMMİTİNDƏ YAXIN ŞƏRQDƏKİ VƏZİYYƏT MÜZAKİRƏ OLUNACAQ

Avropa İttifaqı (Aİ) ölkələrinin rəhbərliyi aprelin 17-18-də keçiriləcək fövqəladə Aİ sammiti zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək. “Trend” agentliyinin məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib.

“Yaxın Şərqdəki, o cümlədən Livandakı vəziyyət Avropa Şurasında müzakirə olunacaq”, - deyə o vurğulayıb.

Məlumata əsasən, Şarl Mişel bunu İranın İsrailə zərbələri ilə bağlı “G7”yə sədrlik edən İtaliyanın təşkil etdiyi “G7” liderlərinin videokonfransından sonra bəyan edib.

Ş.Mişelin sözlərinə görə, iclas iştirakçıları İranın İsrailə misli görünməmiş hücumunu yekdilliklə pisləyiblər. “Bütün tərəflər təmkinlik nümayiş etdirməlidirlər, biz gərginliyi azaltmaq üçün bütün səylərimizi davam etdirəcəyik”, - deyə Avropa Şurasının rəhbəri qeyd edib.

ÇEXİYADA GÖY ÖSKÜRƏK XƏSTƏLİYİNƏ REKORD YOLUXMA QEYDƏ ALINIB

Çexiyada ötən həftə rekord sayda (1494) göy öskürək xəstəliyinə yoluxma faktı qeydə alınıb. “TASS” agentliyinin xəbərinə görə, bunu Çexiya Səhiyyə İnstitutunun statistik məlumatları göstərir.

Bildirilir ki, ölkədə son 65 ildəki ən dəhşətli göy öskürək epidemiyası güclənir. Ötən həftə həkimlər tərəfindən müəyyən edilən xəstələrin sayı bütün 2023-cü ildəki yoluxma hallarının sayından iki dəfə çoxdur.

Çexiyada bu ilin yanvar ayından bəri 7888 göy öskürəyə yoluxma faktı təsdiqlənib. Sonuncu dəfə ölkədə bu xəstəliklə bağlı belə həyəcanverici vəziyyət 1959-cu ildə müşahidə olunub, o zaman 18978 sakin xəstəliyə yoluxmuşdu.

Həkimlər ölkə sakinlərinə göy öskürəyə qarşı peyvənd etməyi şiddətlə tövsiyə edir. Lakin hazırda Çexiyada cəmi dörd min ədəd peyvənd var. Onlar ilk növbədə uşaqlar və hamilə qadınlar üçün nəzərdə tutulub. Bu həftə Kanada və Fransadan Çexiyaya 90 min ədəd göy öskürək peyvəndi gətiriləcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.