İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Gimnastlarımız çempionatda uğurla çıxış edir

Portuqaliyanın Qimarayeş şəhərində keçirilən batut gimnastikası, ikili-mini batut və tamblinq üzrə Avropa çempionatında milli komandamızın üzvləri Tofiq Əliyev, Mixail Malkin, Bilal Qurbanov və Adil Hacızadə komanda hesabında qızıl medal qazanıblar. Qeyd edək ki, bu, Avropa çempionatında gimnastlarımızın tamblinq üzrə komanda hesabında əldə etdiyi ilk qızıl medaldır. Milli komandamızın digər üzvləri Əli Niftəliyev və Ammar Baxşaliyev sinxron proqramda gənclər arasında qızıl medala sahib çıxıblar. Ayan Şabanova və Samirə Hüseynova sinxron proqramda gənclər arasında gümüş medala layiq görülüblər. Qeyd edək ki, bu, Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında gənclərin sinxron proqramında qazandığı ilk gümüş medaldır.

Boksçumuz Avropa birinciliyinə qələbə ilə başlayıb

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin idmançısı rinqə çıxıb. 60 kiloqram çəkidə Məhəmmədəli Qasımzadə 1/16 final çərçivəsində Demurovi Levanla (Gürcüstan) qarşılaşıb. Hər 3 raund həmyerlimizin qələbəsi ilə yekunlaşıb - 5:0. Təmsilçimizin növbəti görüşü Fransa idmançısı ilə olacaq. Qeyd edək ki, Azərbaycan yığması Avropa birinciliyinə 11 boksçu ilə yollanıb.

İdmançımız daha üç medal qazanıb

Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən atçılığın dresaj növü üzrə cavan və böyük əsas atlar ("Qızıl Tur") arasında "Maksima Masters" çempionatında daha üç qızıl medal qazanıb. O, böyük əsas atlar arasında təşkil olunan yarışda buna nail olub. Turnirdə 3 atla iştirak edən Aydın Əlibəyov daha əvvəl iki qızıl medal əldə edib. Çempionata bu gün yekun vurulacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".