Belarus Mədəniyyət Günləri
Mədəniyyət

Belarus Mədəniyyət Günləri

Belarus Respublikasının Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, aprelin 2-dən Azərbaycan Respublikasında Belarus Mədəniyyət Günləri başlayıb. Mədəniyyət Günləri aprelin 4-dək davam edəcək.

Mədəniyyət Günləri çərçivəsində Heydər Əliyev Sarayının əsas səhnəsində Belarus Dövlət Akademik Rəqs Ansamblının, Belarus Böyük Teatrının opera solistləri Dariya Qorojanko və Denis Yantseviçin, XXXII Beynəlxalq Estrada Mahnı İfaçıları Müsabiqəsinin birinci mükafatçısı Samir Yolçiyevin, Fransisk Skorina medalı laureatı Günəşin, Belarus Dövlət Ansamblı “Pesnyary”nın çıxışları gözlənilir.

Mədəniyyət Günlərində Azərbaycan Milli İncəsənət Muzeyində Belarus rəssamlarının Belarusun faşizmdən azad olunmasının 80 illiyinə həsr olunmuş əsərlərinin sərgisi keçiriləcək. Xalq sənətkarlığı nümunələrinin nümayişi və banner sərgisi təşkil ediləcək.

Azərbaycanda Belarus kino günləri  aprelin 1-də Bakının “Nizami” Kino Mərkəzində “Gözləmə siyahısı” (“List ojidaniə”) dramının nümayişi ilə başlayıb. Bu gün daha iki film – “Zəng” (“Perezvon”) sənədli filmi və “Partlayış” (“Podrıv”) tarixi dramının nümayişi təşkil ediləcək. Növbəti gün isə tamaşaçılar “Xilas edilmiş nəhəngin ölkəsi” (“Strana spasennoqo velikana”) sənədli filmini izləyə biləcəklər.

“Respublika”.