Füzuli sakinləri arzularına qovuşur
Sosial həyat

Füzuli sakinləri arzularına qovuşur

Doğma torpağa qayıdışı fırtınalı dənizlər arasında uzun və məşəqqətli bir yol keçdikdən sonra nəhayət, tanış sahili görən dənizçinin yaşadığı hisslərə bənzətmək olar. Keçmiş məcburi köçkünlərin ürəkləri bu gün qürur və sevinc hissi ilə doludur. Bu, qayıdış tapmacanın cavabını tapmaq, çoxdan yarımçıq qalmış şəkli tamamlamaq kimidir. Bu gün Füzuli sakinləri vətən torpağında bir zaman ayrı düşmüş köhnə dostlara, qonşulara qovuşur, xatirələrin şirin qoxusunu duyur.

Martın 18-də Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb. Bu mərhələdə daha 34 ailə - 123 nəfər köçürülüb.  Ümumilikdə, indiyədək şəhərdə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Ata-baba yurduna qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Qeyd edək ki, Füzuliyə bundan əvvəlki köç karvanı martın 15-də yola salınıb. Həmin mərhələdə şəhərə daha 35 ailə - 153 nəfər köçürülüb.

Otuz ildən çoxdur ki, bu günü gözləyən sakinlər arzularına qovuşur. Qabaqdan Novruz bayramı gəlir. Bu bayram isə digərlərindən fərqlənir. Çünki ilk dəfə tam suveren Azərbaycanda qeyd edilir. Artıq doğma yurda qayıdan sakinlər bayramı daha qürurla, sevinclə qeyd edəcəklər. İllər boyu bu anın həsrətində olan keçmiş məcburi köçkünlər nəhayət,  doğma torpağın qoynuna qayıdırlar. Doğma küçələr keçmiş günlərin, gülüşlərin, göz yaşlarının, zəfərlərin və çətinliklərin xatirələri ilə doludur. Hər küncün bir hekayəsi var və hər biri onların həyat kitabının bir fəslidir.

Azərbaycanın şanlı qələbəsilə yekunlaşan İkinci Qarabağ müharibəsi nəticəsində bu gün əzəli torpaqlarımız işğaldan azaddır. Hər birimiz qəhrəman Ordumuzla fəxr edirik. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz xalqımızın 30 illik həsrətinə son qoyub. Bu gün məcburi köçkünlərin doğma yurda ləyaqətli qayıdışı davam edir. Torpaqlar işğaldan azad edildikdən qısa bir müddət sonra o yerlərdə  irimiqyaslı bərpa-quruculuq layihələri həyata keçirilməyə başlanılıb. İşğaldan azad olunmuş ərazilərimiz minalardan və partlamamış hərbi sursatlardan təmizlənir,  həmçinin müasir yaşayış, istehsal və xidmət infrastrukturu qurulur, iqtisadi fəaliyyətin və nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində əhəmiyyətli layihələr icra edilir. Ölkəmiz dayanıqlı sülhə, inkişafa əsaslanan yeni mərhələyə qədəm qoyub. Bu mərhələ rayonların sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.

Qeyd edək ki,  Füzuli şəhəri 17 oktyabr 2020-ci ildə işğaldan azad olunub. 2020-ci ildən sonra Qarabağ və Şərqi Zəngəzurda tikinti, quruculuq, abadlıq işlərinin görülməsi əsas prioritetlərdən birinə çevrilib. İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Füzulidə də irimiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Həmçinin Füzuli şəhərinin Baş planına uyğun olaraq, əhalinin yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələri salınır. Ölkə başçısı İlham Əliyev tərəfindən təməli qoyulan ikinci yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidən ibarətdir. Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

Bu gün məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini yaxından izləyir və səbirsizliklə doğma yurdlarına  qayıdacaqları günü gözləyirlər.

Nurcan SÜLEYMANOVA,

"Respublika".