DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ RUSİYA-UKRAYNA MÜNAQİŞƏNİN HƏLLİ ÜÇÜN SƏYLƏRİNİ DAVAM ETDİRİR

Rəsmi Ankara regional problemlərin, o cümlədən Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün səylərini davam etdirəcək. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Hökumətləri Sammitində çıxışı zamanı bəyan edib.

“Türkiyə Rusiya ilə Ukrayna arasında atəşkəsin əldə olunmasında fəal rol oynayıb. Biz taxıl sazişini həyata keçirib ciddi səylər göstərmişik. Əminəm ki, Türkiyə bu və digər münaqişələrin həllində nəticələr əldə etmək üçün bu kontekstdə fəaliyyətini davam etdirəcək”, - deyə Ərdoğan vurğulayıb.

Bununla yanaşı, Türkiyə lideri əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsi enerji, ərzaq və hərbi-sənaye kompleksi sahələri də daxil olmaqla hər kəs üçün ciddi nəticələrə səbəb olub.

Ərdoğanın sözlərinə görə, daha ədalətli dünyaya ehtiyac var: “Hər zaman dediyimiz kimi, dünya beşdən böyükdür. Bu gün dünyanın ayrı-ayrı yerlərindəki gərginlik bəşəriyyət üçün yaxşı nə isə vəd etmir”.

QƏZZADA GİROVLARLA BAĞLI DANIŞIQLAR HƏLLEDİCİ MƏRHƏLƏYƏ DAXİL OLUB

Qəzza zolağında girovların azad edilməsi və anklavda atəşkəsin yaradılması ilə bağlı razılaşma üzrə danışıqlar həlledici mərhələyə qədəm qoyub. Bu barədə “CNN” telekanalı HƏMAS hərəkatındakı mənbəyə istinadən məlumat yayıb.

“Danışıq tərəfləri atəşkəs, əsir mübadiləsi prosesinin başlanması, ərzaq, dərman və malların çatdırılması ilə bağlı anlaşmaya nail olmaq üçün aydın və güclü niyyətə malikdirlər”, - mənbə bildirib.

Verilən xəbərə görə, hazırda Qahirədə Misir, ABŞ, Qətər və İsrail nümayəndələri arasında məşvərət görüşü keçirilir. Burada Qəzzada radikalların əlində olan girovların İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə dəyişdirilməsinə dair mümkün razılaşma, habelə anklavda atəşkəs rejiminin yaradılması perspektivləri müzakirə olunur.

FRANSIZ FERMERLƏR ÖLKƏ HÖKUMƏTİNƏ 10 GÜN VAXT VERİB

Fransa fermerləri ölkə hakimiyyətinin onlara dəstək üçün əlavə tədbirlər həyata keçirməyəcəyi təqdirdə etiraz aksiyalarını bərpa etməyə hazır olduqlarını bəyan ediblər. “Report” agentliyinin xəbərinə görə, bunu Fransa Kənd Təsərrüfatı Həmkarlar İttifaqları Milli Federasiyasının (FNSEA) rəhbəri Arno Russo bildirib.

“Biz əlavə tədbirlərin həyata keçirilməsini istəyirik. On gün ərzində bu istiqamətdə dəyişikliklər görməsək, tətilləri bərpa edəcəyik”, - federasiya rəhbəri vurğulayıb.

Arno Russonun sözlərinə görə, hökumət aqrar sahədə dəyişiklikləri elan edəndən sonra onların həyata keçirilməsi üçün az iş görülüb və bu da fermerlərin narazılığına səbəb olur.

Məlumat üçün qeyd edək ki, son zamanlar Avropanın bir sıra ölkələrində fermerlərin etirazları geniş vüsət alıb.

BALTİK DƏNİZİNdƏ SİRLİ MEQASTRUKTUR AŞKARLANIB

Alimlər Baltik dənizinin Almaniyanın Meklenburq körfəzi hissəsində 21 metr dərinlikdə yaşı 10 min ildən çox olan tarixi daş meqastruktur tapıblar. Bu barədə “Trend” agentliyinin məlumatında qeyd olunur.

Xəbər verilir ki, təxminən bir kilometr uzunluğunda və böyük daşlardan ibarət olan Daş dövrünə aid bu strukturun təbii olmadığı, minlərlə il əvvəl hansısa məqsəd üçün tikildiyi ehtimal olunur.

Kiel Universitetinin geofiziki Yakob Qirsenin rəhbərlik etdiyi alman tədqiqat qrupu bu quruluşun illər əvvəl bölgədə məskunlaşmış ovçu-yığıcı insanların ov səylərinə kömək etmək üçün bir sədd olduğu qənaətindədir.

“Bu meqastruktur Yer kürəsinin ən qədim süni ov quruluşlarından birini təmsil edir və Avropanın ən böyük məlum Daş dövrü strukturlarından hesab olunur. Bu, yaşayış strategiyalarını anlamaq üçün vacib bir tapıntıdır”, - deyə tədqiqatçılar vurğulayıblar.

Bildirilir ki, ərazidə təxminən 971 metr uzunluğunda, 1700 ədəd daşdan ibarət bir struktur aşkarlanıb. Bu daşların hər birinin hündürlüyü 1 metr, eni isə 2 metrə yaxın olub, onlar strukturun uzunluğu boyunca yan-yana şəkildə düzülüblər.

“POLITICO”: NATO-NUN DAĞILMASI ZAMAN MƏSƏLƏSİDİR

ABŞ-da keçiriləcək prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, NATO-nun dağılması an məsələsinə çevrilib. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə “Politico” nəşrində dərc olunan məqalədə qeyd olunur.

Nəşr ABŞ-ın keçmiş prezidenti və dövlət başçısı vəzifəsinə namizəd Donald Trampın Avropanı “Amerika təhlükəsizlik köpüyü”ndən kənarlaşdıran bəyanatını xatırladır. Xüsusilə, Tramp bildirib ki, o, prezident olarkən NATO-nun adı açıqlanmayan “böyük ölkəsi”nin rəhbəri ondan Rusiyanın hücum edəcəyi təqdirdə Vaşinqtonun alyansı müdafiə edib-etməyəcəyini soruşub. Tramp etməyəcəyini vurğulayaraq, bunu NATO ölkələrinin müdafiə üçün kifayət qədər vəsait ayırmadığı ilə izah edib.

“ABŞ-ın NATO qarşısındakı öhdəliyini  birbaşa və əsaslı şəkildə şübhə altına almaqla o, əslində Alyansın ürəyinə bir bıçaq vurdu. Onun yenidən seçilib-seçilməməsinin indi praktiki olaraq əhəmiyyəti yoxdur: Avropa təkbaşınadır. İndi seçkilərin nəticələrinin Avropa təhlükəsizliyi üçün cavab verəcəyi yeganə əhəmiyyətli sual NATO-nun nə vaxt dağılacağıdır”, - deyə məqalədə qeyd olunur.

Eyni zamanda, nəşrin yazdığına görə, ABŞ prezidenti Cozef Baydenin administrasiyası da öz növbəsində ölkənin hazırkı liderinin yenidən seçiləcəyi təqdirdə Alyansın əvvəlki kimi təhlükəsiz olacağını bəyan edə bilər. Lakin bunun nə vaxta kimi davam edəcəyi isə bir başqa sualdır.

BMT BAŞ KATİBİ ƏRZAQ TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI NARAHATLIĞINI BİLDİRİB

BMT-nin baş katibi Antoniu Quterriş dünya ölkələrinin ərzaq təhlükəsizliyi və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün pullar xərcləmək əvəzinə bu vəsaitlərin silahların alınması və işlənib hazırlanmasına sərf etməsindən narahatdır. “TASS” agentliyinin xəbərinə görə, baş katib bu barədə BMT Təhlükəsizlik Şurasında iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi ilə bağlı açıq müzakirələr zamanı bəyan edib.

“Bir sıra dövlətlərin ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi və davamlı inkişaf üçün büdcələri kəsərkən silahlara böyük məbləğlər xərclədiyini görmək narahatedicidir. Biz aclıq, iqlim xaosu və münaqişə ilə onların beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdid arasında ölümcül əlaqəni qıra bilərik. Gəlin bunu reallığa çevirmək, eləcə də aclıq və müharibə dəhşətlərindən azad, yaşana bilinən, davamlı gələcək qurmaq üçün addımlar ataq”, - deyə Quterriş bildirib.

AEBA RƏHBƏRİ: YAXIN ŞƏRQ MÜNAQİŞƏSİ GENİŞLƏNƏ BİLƏR

Yaxın Şərq münaqişəsi genişlənərək nüvə statusu ala bilər. “Report” agentliyinin məlumatına görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi “Sky News Arabia” telekanalına müsahibəsində bildirib.

Baş direktor İsrail rəsmilərinin nüvə silahından istifadə ilə bağlı bəyanatlarını şərh edərkən deyib: “Biz Yaxın Şərqdəki hazırkı münaqişənin genişlənəcəyindən olduqca narahatıq”.

Rafael Qrossi vurğulayıb ki, regiondakı vəziyyət çox kövrək, eləcə də qeyri-sabitdir və AEBA belə nəticələrin qarşısını almaq üçün mümkün qədər aktiv olmağa çalışır.

Eyni zamanda, İranın nüvə proqramı probleminə toxunan AEBA rəhbəri həll yolunun diplomatiya olduğunu qeyd edib və İranı bu məsələdə agentliklə əməkdaşlığa çağırıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.