Fransada iğtişaşlar səngimir
Dünya xəbərləri

Fransada iğtişaşlar səngimir

Makron Fransa prezidenti olandan bəri Paris yavaş-yavaş “yanmaqdadır”. Bu dəfə “dərvişin Parisi partlatmasına” ehtiyac yoxdur, çünki Parisin öz “barıtı” özünə bəsdir. Yanvarın 19-da Fransada ölkənin ən böyük həmkarlar ittifaqları assosiasiyasının təşkilatçılığı ilə pensiya yaşının 64-ə qaldırılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Parisdə keçirilən aksiyalar zamanı polis və etirazçılar arasında toqquşma halları yaşanıb və mindən çox etirazçı həbs olunub. Makronun həyata keçirdiyi zorakılıq siyasəti ölkədə son üç ilin ən böyük aksiyalarının başlamasına səbəb olub.

Həmçinin iyunun 27-də fransız polisi Nanterredə onların tələblərini yerinə yetirməkdən imtina edən 17 yaşlı oğlanı güllələyib.

Daha sonra sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına etiraz çağırışları səslənməyə başlayıb. Aksiyalar paytaxt Parisi və ölkənin bir sıra şəhərlərini əhatə edir. Polis etirazçıları uzaqlaşdırmaqla yanaşı, zorakılıqlara əl atıb, hətta gözyaşardıcı qazdan istifadə edib. Vətəndaşlar eyvanlara çıxaraq hökumətin zorakılıqlarına etiraz əlaməti olan şüarlar səsləndirirlər. Şüarlarda müsəlmanlara qarşı təzyiqlərə son qoyulması, Emmanuel Makronun istefası və digər tələblər səsləndirilir.

Antidemokratik ruhlu Makronun siyasi təcrübəsizliyinin nəticəsidir ki, ölkənin paytaxtı Paris kimi digər şəhərlərdə də səngiməyən etiraz aksiyaları davam edir. Bir sözlə, Prezident Emmanuel Makronun bu ölkəyə rəhbərliyi ölkə əhalisinə bədbəxtlikdən başqa heç nə gətirmir.

Fransadakı etirazların fonunda ölkə prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron Parisdə baş tutan konsertdə iştirak ediblər. Onların əylənməsi böyük hiddətə səbəb olub. Fransa prezidentinin konsertdə iştirakı Fransa ictimaiyyətində tənqid olunduğu üçün o, "imici"ni düzəltmək görüntüsü yaradaraq Aİ toplantısını tərk edib.

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlərin görüşü keçirilib. Görüşdə "Kolonializmin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda keçirilən tədbir zamanı Fransız Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatın üzvü Maurice Pindard deyib ki, Fransada əhalinin 50 faizi yoxsul, 40 faizi isə işsizdir: "Fransa tərəfindən təbii sərvətlərimiz talan edilir. Məmurlarımız da Fransa hökuməti tərəfindən təyin edilir", - deyə o əlavə edib.

Tədbirdə Yeni Kaledoniya Parlamentinin sədri Rok Vamitanın sözlərinə görə, Fransa müstəmləkəçilik siyasətini davam etdirir və bu siyasətə son qoyulmalıdır.

Qeyd edək ki, dövlət başçımız İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak edib və çıxışı zamanı bildirib ki, Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır: "Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir. Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır".

Röya RÜSTƏMLİ,

"Respublika".