Yeni dövrün başlanğıcı
Siyasət

Yeni dövrün başlanğıcı

Azərbaycan son illərdə yüksələn nüfuzu, strateji siyasəti ilə fərqlənir. Bu inkişafın yeni mərhələsinin təməli 2020-ci il İkinci Qarabağ müharibəsində atılıb. Belə ki, 44 gün müddətində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın göstərdiyi misli görünməmiş birlik nümunəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı ilə şanlı qələbə əldə edilib. Qazanılan zəfərlə birlikdə ərazi bütövlüyümüz təmin edilib, ölkəmizdə yeni dövrün və inkişafın təməli atılıb. 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri isə ölkəmizin inkişafı və sabitliyi üçün atılmış növbəti addım olub. Ötən il sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoyulub, suverenliyimiz tam bərpa edilib. Oktyabr ayında Xankəndidə Azərbaycan bayrağının dalğalanması hər birimizə qürur hissi yaşadıb. 30 il vandalizmə məruz qalmış torpaqlarda tarixi ədalət bərpa edilib. Əzəli torpaqlarımıza sancılan üçrəngli bayraq yeni mərhələnin, inkişaf dövrünün simvolu olub.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib ki, bu tədbirlər 23 saatdan da az müddətdə yekunlaşıb. Ölkə başçısı həmçinin fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqlayıb. O, qeyd edib ki, bu, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqəlidir. Digər bir səbəb isə müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək ilk seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyidir: "Mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur".

Şübhəsiz ki, prezident seçkiləri ölkənin istiqamətini formalaşdıra və yeni dövrün gündəmini müəyyən edə bilər. Seçilmiş lider tez-tez səlahiyyətləri müddətində prioritetlərini, siyasətlərini və millətə baxışlarını təsvir edir. Bu isə iqtisadi, sosial, xarici siyasət və idarəetmənin digər aspektlərini əhatə edir. Azərbaycan xalqı öz liderini, Prezidentini 2003-cü ildən seçib və bu qərarın düzgünlüyü hər il bir az da öz təsdiqini tapır. Xalqın iradəsi ilə verilmiş qərarla birlikdə ölkəmizdə Heydər Əliyev siyasəti davam edib. O tarixdən Azərbaycanın inkişafı üçün ciddi addımlar atılıb. Və bu gün bu inkişafın, yeni dövrün, yeni missiyanın növbəti mərhələsinin başlanğıcı qoyulub. 20 il boyunca Azərbaycanın keçdiyi məşəqqətli yolda ölkəmizin adını inkişaf etməkdə olan güclü ölkələr siyahısına yazdırmış dövlət başçımız beynəlxalq aləmdə, regionda nüfuzumuzu qaldırıb, dövlətimizin reytinqini yüksəldib.

Prezident İlham Əliyevin siyasəti və 20 il müddətində gördüyü işlər isə göz qabağındadır. Bu vaxt ərzində ölkəmizin beynəlxalq münasibətləri, xüsusən qonşu ölkələr və qlobal tərəfdaşlıqlarla əlaqələri əhəmiyyətli dərəcədə inkişaf edib. İqtisadi strategiyalarda, inkişaf planlarında və investisiyaları cəlb etmək səylərində yüksək inkişaf müşahidə edilib. Sosial rifah, səhiyyə, təhsil və infrastrukturun inkişafı kimi mühüm daxili məsələlərin həlli istiqamətində müəyyən addımlar atılıb.

Regionda sabitlik və inkişafın təmin olunması üçün əsas şərtlərdən biri sülhün əldə edilməsidir. 2024-cü ildə həll olunması nəzərdə tutulan prioritet məsələlərdən biri də budur. Sülh istiqamətində nikbin və əmin addımlarla irəliləyirik. Təbii ki, burada Azərbaycanın təklif etdiyi beş baza prinsipi əsas götürüləcəkdir. Ölkələrin bir-birilərinin ərazi bütövlüyünün tanınması, nəqliyyat, infrastruktur işlərinin tamamlanması, qarşılıqlı səfərlərin və diplomatik nümayəndəliklərin açılması, dövlətlərarası münasibətlərin qurulması və sair kimi məsələlər öz əksini tapacaqdır.

Gündəmdə olan məsələlərdən biri də Zəngəzur dəhlizidir. Artıq hər kəsə məlumdur ki, bu dəhlizin açılmasında və yükdaşımaların təmin edilməsində bir çox ölkə maraqlıdır. Lakin indiyə kimi, Ermənistan bu məsələdə düzgün qərarlar verə bilməyib. Bu səbəbdən də ölkə başçımız müsahibəsində Azərbaycanla Zəngəzur dəhlizi, anklav 8 kəndlə bağlı mübahisə aparmaq istəyən İrəvana ciddi mesajlar verib.

Yeni dövrün tələblərindən biri də bərpa oluna bilən enerjidən istifadə məsələsidir. Bildiyimiz kimi, Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik İli" elan edilib. Bu da ölkəmizin regionda, həmçinin bütün dünyada sülhün bərqərar olunmasında və planetin ekoloji balansının qorunmasında aktiv fəaliyyətinin təzahürüdür. Qarabağ regionunda həyata keçirilən "yaşıl" enerji zonası yanaşması uzaqgörən siyasətin, düzgün strategiyanın nümunəsidir. Ölkəmiz həm də "yaşıl" kənd təsərrüfatı, "yaşıl" nəqliyyat, "ağıllı" şəhərlər, "ağıllı" kəndlər kimi yanaşmaları tətbiq edib. Azərbaycanın 2024-cü ildə evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 isə ölkəmizin əldə etdiyi növbəti nailiyyətlərdən biridir.

Ölkə başçısı qeyd edir ki, bu gün ölkə qarşısında yeni dövrün yeni vəzifələri durur. Bildiyimiz kimi, Azərbaycan öz suverenliyini bərpa etməklə əsas missiyasını həyata keçirib. 2024-cü ildə, yeni dövrün başlanğıcında keçiriləcək 7 fevral prezident seçkiləri ilə 20 illik inkişaf yolu keçmiş Azərbaycanın yeni mərhələyə qədəm qoyacağına şübhə yoxdur.

Nurcan SÜLEYMANOVA,

"Respublika".