Sağlam həyat
Maraqlı

Sağlam həyat

Sən demə, beynimizdə "tərəzi" var imiş...

İsveçli elm adamları ən mürəkkəb orqanımız olan beynimizlə bağlı maraqlı bir faktı ortaya çıxarıblar. Belə ki, tədqiqatçılar orqanizmimizin daxili tərəziyə malik olduğunu, bunun isə beynimizdə yerləşdiyini müəyyən ediblər. Onlar iddia edir ki, beynimizdə kaloriləri hesablayan tərəzi sistemi mövcuddur.

Araşdırmanın nəticələri göstərib ki, çəkimiz artanda beyin kaloriləri çəkimizə nəzarət etməli olduğumuzu şüuraltı olaraq bizə çatdırır. Laboratoriya siçanları üzərində aparılan təcrübələr zamanı məlum olub ki, gəmiricilər kökəldikcə, onların beynində şüuraltı siqnal işə düşür və yeməyi azaltmağa sövq edir. Təəssüf ki, mütəxəssislər bu daxili tərəzinin hər kəsdə aktiv olmadığını söyləyirlər. Belə ki, ofis işçiləri, evdar qadınlar bir sözlə, oturaq həyat tərzi keçirənlərdə "tərəzi" işləmir.

Çünki belə insanlar çox yeməyə başlayanda beyinləri xüsusi siqnal göndərmir. Bu isə dolayısı ilə oturaq həyat keçirənlərin niyə daha çox kökəldiyini sübut edir. Alimlər ümid edir ki, bu kəşf gələcəkdə arıqlamaq üçün beynin gücündən, daxili tərəzidən istifadəni aktuallaşdıracaq.

Şirniyyat yeməsək orqanizmimizdə nə baş verər?

Elə insanlar var ki, gündəlik qida rasionunu şirniyyatsız təsəvvür edə bilmir. Maraqlıdır, xüsusilə şirniyyata alışmış insanlar 15-20 gün şirniyyat yeməsələr nə baş verər?

İsrail Tibb Universitetinin alimləri məhz bu mövzu ilə bağlı araşdırma aparıblar. Onlar şirniyyatı dayandırdıqdan sonrakı 3 həftə ərzində insan orqanizmində baş verən dəyişiklikləri qeydə alıblar. İndiyə qədər aparılan araşdırmanın nəticələri göstərir ki, şəkər qanda ani qlükoza sıçrayışlarına səbəb olduğu üçün insan tez yorulur, enerjisi düşür və yuxulayır. Eləcə də beyin şirniyyata alışır. Şirniyyat istehlakını dayandırdıqdan 10 gün sonra iştirakçılar özlərini daha enerjili hiss edib, gündüzlər yuxulamırlar. Eləcə də onların dərilərində təmizlənmə və hamarlaşma müşahidə olunub. Çünki şəkər sızanaq, səpki və iltihabın əsas səbəblərindən biridir.

Beynin və dad reseptorlarının alışdığı şirniyyata qarşı həssaslıq isə təxminən 4 həftə sonra bərpa olmağa başlayıb. İnsanlar daha az şirniyyat istəyib, digər dadlardan zövq almağa başlayıblar. Odur ki, gec olmadan şirniyyat yemə vərdişini tərgitməyə dəyər.

Onların cavanlıq sirrini bilmək istəyirsiniz?

Dünyanın ən uzunömürlü insanları dedikdə ağıla ilk olaraq yaponlar gəlir. Maraqlıdır, bəs onların bu qədər uzun yaşamasının sirri nədədir?

Ən böyük səbəblərindən biri onların istehlak etdikləri qida ilə bağlıdır. Xüsusilə Yaponiyanın Okinava bölgəsində yaşayan, uzunömürlü olmaları ilə tanınan insanların cavanlıq sirri bənövşəyi kartofdadır. Belə ki, həmin bölgədə yaşayan insanların qida rasionunda bu qida növü daha çox üstünlük təşkil edir. Bənövşəyi kartofun qida dəyərinin bölgədəki insanların uzun ömür sürməsinin sirri ilə əlaqəli olduğu təxmin edilir və sakinlərin hər gün bir kartof istehlak etdikləri məlumdur.

Araşdırmalar zamanı məlum olub ki, bənövşəyi şirin kartof ürək-damar xəstəlikləri riskini azaldır və qan şəkərinin səviyyəsini yaxşılaşdırmağa kömək edir. O, sözün əsl mənasında beyin sisteminin fəaliyyətinə müsbət təsir edərək yaddaşı gücləndirir və konsentrasiyanı artırır. Eyni zamanda yaponlar sinir və beyin hüceyrələrinin böyüməsini birbaşa dəstəkləyən 0meqa-3 vitamini ilə zəngin qidaları da çox istehlak edirlər. Bunun üçün onlar bol balıq yeyirlər. Somon, alabalıq, sardina və skumbriya kimi balıqlar yağlı balıqlar arasındadır. Yaponlar eyni zamanda yaşıl çay içməyə üstünlük verirlər ki, bu da beynin inkişafına müsbət təsir edir.

Qəhvəni səhərlər acqarına içməyin!

Son dövrlər xüsusilə gənclər arasında səhər yeməyini bir fincan qəhvə ilə əvəz etmək bir dəb halını alıb. Lakin son araşdırmanın nəticələri bunun çox təhlükəli vərdiş olduğunu göstərib. Belə ki, acqarına içilən qəhvənin diabet və xərçəngə yol açdığı ortaya çıxıb.

Amerikalı elm adamları müəyyən ediblər ki, acqarına qəhvə içmək qanda şəkəri sürətli sıçrayışla qaldırır ki, bu da diabet və ürək-damar probleminə səbəb olur. İçkinin digər zərəri isə mədədə ayırıcı klapanı zədələyərək onun fəaliyyətini pozmasıdır. Nəticədə qida borusuna mədə və öd şirəsi axır ki, bu sistematik iltihaba yol açır. Qida borusu iltihablandıqda isə gələcəkdə xərçəngə gətirib çıxarır. Mütəxəssislər qəhvəni yalnız səhər yeməyindən sonra içməyi tövsiyə edirlər. Bundan əlavə qəhvənin tərkibində  olan kofein mərkəzi sinir sistemini aktivləşdirən stimulyator rolunu oynadığı üçün panik atak, nevrozu olan insanlara səhərlər ondan istifadə məsləhət görülmür. Qan təzyiqi stabil olmayanlarda da qəhvə baş ağrısı və başgicəllənmə yarada bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".