Su qəbulunun miqdarı ilə bağlı fikirlər alt-üst oldu
Elm adamları gündəlik su qəbulunun miqdarı ilə bağlı indiyə qədər bilinən bütün fikirləri alt-üst edəcək yeni bir araşdırmaya imza atıblar. Belə ki, Şotlandiyanın Aberdin Universitetinin tədqiqatçıları orqanizmin suya olan tələbatını ödəmək üçün gün ərzində iki litr su qəbulunun çox olduğunu iddia edirlər.
"Science" jurnalında dərc edilən araşdırmada gündəlik suya olan tələbatın bir hissəsinin qidalardan əldə edildiyi üçün indiyə qədər qəbul edilən miqdarın yanlış olduğu bildirilir. Bu səbəbdən də alimlər gündə 1,5 litr suyun kifayət edəcəyi qənaətindədirlər.
Sözügedən Universitetin professoru John Speakman BBC-yə verdiyi müsahibəsində su miqdarının qəbulu ilə bağlı əvvəlki hesablamalarda bir yanlışlıq olduğunu söyləyib.
"Əslində, gün ərzində qəbul edəcəyimiz suyun miqdarı orqanizmimizin tələbatını ödəyəcək ümumi suyun miqdarı ilə digər qidalardan aldığımız su miqdarı arasındakı fərqdir. Bu səbəbdən də gün ərzində istehlak edilən qidaların tərkibindəki mayenin miqdarı ilə qəbul edilən suyun miqdarının cəmi mütləq hesablanmalıdır", - deyə professor bildirib.
Tədqiqatçılar 23 müxtəlif ölkəni təmsil edən 96 yaşa qədər olan 5 min 604 insanı sınaqlara cəlb ediblər. Onlar xüsusi texnikadan istifadə edərək insanların içdiyi sudakı hidrogen molekulunun sabit izotopu olan deuteriumla (ağır hidrogen) əvəz ediblər. Məlumat üçün qeyd edək ki, deuterium insan orqanizmində olan tamamilə zərərsiz bir elementdir. Elm adamları suyun orqanizmdə nə qədər tez həzm olunduğunu öyrənmək üçün əlavə deuteriumun bədəndən xaric olunma sürətini müəyyənləşdiriblər. Nəticədə məlum olub ki, maddələr mübadiləsi sürətli olan insanlar daha çox su içirlər. Bundan əlavə, araşdırma nəticəsində müəyyən edilib ki, isti və rütubətli mühitlərdə və yüksək hündürlükdə yaşayanların, həmçinin idmançıların, hamilə qadınların orqanizmində su dövranı daha sürətli olduğu üçün onların suya tələbatı çoxdur.
Qəflətən ortaya çıxan göyərmələrin səbəbi nədir?
Əksər insanlar travma almadığı və heç bir xəsarətə məruz qalmadığı təqdirdə, bədənlərinin müxtəlif nahiyələrində müəmmalı şəkildə ortaya çıxan göyərmələrdən şikayət edirlər. Bu halın nədən qaynaqlandığını öyrənməyə çalışan alimlərin ortaya çıxardıqları nəticələr yəqin ki, çoxlarınıza maraqlıdır...
Mütəxəssislərin sözlərinə görə, göyərmələrin əmələ gəlməsinin səbəbi konkret amillərlə bağlıdır. Bələ ki, alimlərin fikrincə, bədəndə gözlənilmədən ortaya çıxan göyərmələrin səbəbi insanların qida vərdişləri ilə əlaqəli ola bilər.
Bundan əlavə, səbəblər arasında, həmçinin orqanizmdə bəzi vitaminlərin çatışmazlığı, yaşlanma, qəbul edilən dərmanlar, habelə bir sıra nadir xəstəliklər də mövcuddur. Belə ki, orqanizmdə C və D vitaminlərinin çatışmazlığı öz növbəsində balanslaşdırılmamış qidalanma ilə əlaqədardır.
İnsan yaşlandıqca kapilyar qan damarlarını əhatə edən toxumalar və dəri incələşərək elastikliyini itirir. Buna görə də yaşlı insanlarda belə bir səbəbdən yaranan göyərmələrə daha çox rast gəlinir.
İnformasiya sözcü.com.tr veb saytında yayımlanıb.
Sən demə, çay bu xəstəliklərdən də qoruyurmuş
Yaşlanma ilə əlaqədar yaranan yaddaş və idrak problemlərinin qarşısını almaq artıq düşündüyümüz qədər çətin olmaya bilər. Belə ki, amerikalı alimlər nəhayət indiyə qədər səbəbi və müalicəsi tapılmayan demans və Alzheimer kimi xəstəliklər zamanı qidalanmanın əhəmiyyətini ortaya qoyan yeni bir araşdırmaya imza atıblar.
"Apetite" jurnalında dərc edilən araşdırmaya görə, tədqiqatçılar çay, pomidor və yaşıl yarpaqlı tərəvəzlər də daxil olmaqla antioksidant təsirə malik flavonoidlərlə zəngin olan qidalara üstünlük verən insanların yaddaş itkisi ilə bağlı problemlərinin daha az olduğunu müəyyən ediblər. Bu səbəbdən də alimlər ən çox flavonoidlərlə zəngin olan çayın gündə iki stəkan içilməsini tövsiyə edirlər.
Amerikanın Nevrologiya Akademiyası tərəfindən 7 il ərzində onlayn aparılan araşdırmaya, demans diaqnozu qoyulmayan, 81 yaşına qədər olan 961 nəfər cəlb edilib. Müəyyən qidaların qəbulu ilə bağlı anket dolduran iştirakçılar, eyni zamanda idrak və yaddaş testlərindən də keçiblər.
Tədqiqat zamanı əsasən gün ərzində qəbul edilən flavonoidlərin miqdarına diqqət yetirilib. Yaş, cins və siqaret kimi yaddaşa mənfi təsir göstərə biləcək digər faktorlar da nəzərə alınmaqla flavonoidləri daha çox qəbul edən insanların koqnitiv qabiliyyətlərinin yaxşı olduğu müşahidə edilib.
Elm adamları gün ərzində 2 fincan çay içməklə gündəlik flavonoid tələbatının ödənə biləcəyini və bununla da gələcəkdə yaddaş itkisi, idrak geriliyi ilə bağlı problemlərin ortaya çıxma riskinin az olacağı qənaətinə gəliblər.
Stres sağlamlığımıza hansı zərərləri vurur?
Görəsən, orqanizmimizdə yaranan bəzi problemlərin sadəcə stresdən qaynaqlandığını bilsəydik, yenə də əsəb keçirməyə davam edərdikmi? Əslində, bir çox problemin səbəbinin streslə əlaqəli olduğunu bilsək belə, ondan qaçmaq bəzən mümkünsüz olur. Bəs stres hansı problemlərə səbəb olur?
Stresin səbəb olduğu ən böyük problemlərdən biri dəri xəstəlikləridir. Əsasən sızanaq, sədəf kimi bir çox dəri xəstəliklərinin ən başlıca səbəbi stresdir.
Pəhriz və ya fiziki məşqlərlə çəkini tarazlaya bilməmək də streslə əlaqəlidir. Stresli vəziyyətlər kortizon hormonu ifrazına səbəb olur. Bu hormon metabolizma zamanı yağ və karbohidratların tarazlaşmasına və qandakı şəkər səviyyəsinin tənzimlənməsinə kömək edir. Əgər bir insanda kortizon hormonunun miqdarı çoxdursa, o daha çox yemək yeyər və bədən daha az kalori yandırar. Bu vəziyyət isə kökəlməyə yol açır. Qeyd edək ki, stres bəzi insanlarda çəki itkisinə də səbəb ola bilir. Belə ki, bunun səbəbi streslə birlikdə ifraz olunan adrenalindir. Adrenalin metabolizmanı sürətləndirir, lakin yağların atılmasını ləngidir.
Stresin orqanizmə vurduğu zərərlər həzm sistemindən də yan ötmür. Bundan əlavə, stres qismən və ya tamamilə keçəlləşməyə də yol açır. Saçlarınızın əvvəlkindən daha az olduğunu hiss edirsinizsə və vitaminlər təsir etmirsə, bu problem birbaşa streslə əlaqəli ola bilər.
Bəzən işdə və ya evdə yaşadığınız duyğusal stres səbəbi ilə başağrı problemi də ortaya çıxır. Belə hallarda ağrıkəsicilər kömək etsə belə, hər zaman dərman ataraq qaraciyərinizi də məhv edə bilərsiniz. Bu səbəbdən də bacardıqca stresə səbəb olacaq vəziyyətlərdən uzaq durmaq məsləhətdir.
Stres yuxu ilə əlaqəli də bir çox ciddi problemlərin səbəbi ola bilər. Uzun müddət stresə məruz qaldıqda yuxu problemləri qaçılmazdır. Çünki hər bir insan yaxşı yuxu almadan normal həyat yaşaya və ondan zövq ala bilməz. Stresin ürəyə də vurduğu zərbələr sübuta yetirilmişdir. Alimlər xroniki stresin ürək xəstəliklərinə ən çox səbəb olan faktorlardan biri olduğunu söyləyirlər.
Odur ki, gələcəkdə belə problemlərlə üzləşməmək üçün sağlamlığınız naminə çalışın stresdən uzaq durun.
Məlumatı muhalif.com.tr veb saytı yayıb.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".