ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

"Tesla"nın elektromobili üzə də biləcək

Xatırladaq ki, bu yaxınlarda "Tesla" şirkətinin "Cybertruck" adlı elektromobilini rəsmi olaraq ictimaiyyətə təqdim etməsi barədə məlumat vermişdik. Bu dəfə isə model ona əlavə edilən yeniliklərlə gündəmə gəlib. Belə ki, Elon Musk elektromobilin indi də suda qayıq kimi üzə biləcəyi barədə məlumat verib. Belə bir futuristik yeniliyin yayılması ilə bir anda bütün nəzərlər yenidən bu modelə yönəlib.

Məlumat üçün qeyd edək ki, ilk dəfə "Cybertruck" modeli 2019-cu ildə elan edilmişdi. Ötən ay isə rəsmi təqdimat mərasimindən sonra elektromobilin tədarükünə başlanılmışdı. Lakin elektromobilin tədarükü gözləniləndən çox yavaş olduğu üçün həvəskarlarını məyus etmişdi.

Əslində avtomobillərdə qayıq funksiyasının olması və ya onların suda üzməsi heç də yeni deyil. Belə ki, oxşar funksiya əlavə modifikasiya olmadan Çinin "YangWang U8 SUV" modelində mövcuddur. İndi isə "Tesla" öz elektromobilinə əlavə edəcəyi modifikasiya ilə onun üzməsinə imkan verəcək. Hələlik bu modifikasiyanın nə qədər qiymətə təklif ediləcəyi və ya nə zaman təqdim olunacağı barədə məlumat verilməsə də, yaxın gələcəkdə mümkün olması gözlənilmir. Buna əsas səbəb də təbii ki, "Cybertruck" modelinin istehsal müddətinin çox uzun olmasıdır.

Suyu qısa müddətdə təmizləyən nanokompozit

Rusiyanın Tomsk Politexnik Universitetinin (TPU) elm adamları suyu bir neçə dəqiqə ərzində zəhərli arsendən təmizləmək üçün nanokompozit hazırlayıblar.

Yeni nanokompozitin ölçüsü 100 nanometrə qədər olan bir neçə materialdan ibarətdir. Komponentlərə maqnit dəmir oksidi və qrafen daxildir. Maqnetit əvvəllər sözügedən universitetdə hazırlanmış qrafen oksidin səthində uğurla sınaqdan keçirilib. Bu yeni material ağır metal ionlarını, üzvi boyaları və mikroorqanizmləri adsorbsiya etmək qabiliyyəti də daxil olmaqla unikal xüsusiyyətlərə malikdir.

Tədqiqatın ən mühüm nəticələrindən biri yüksək adsorbsiya dərəcəsidir. Sınaq zamanı nanokompozit cəmi bir dəqiqə ərzində arsen ionlarının 81 faizini çıxara bilib. Bu təsirli nailiyyət indiyə qədər əlçatmaz görünən suyun ağır metallarla çirklənmə probleminin həlli üçün perspektivlər açır.

Süni intellekt elektrikli velosipedə inteqrasiya edildi

Son dövrlər süni intellekt texnologiyaları müxtəlif platformalara inteqrasiya edilir. Bu dəfə isə "OpenAI" şirkəti tərəfindən hazırlanmış qabaqcıl süni intellekt sistemi "ChatGPT" elektrikli velosiped modelinə təchiz edilib.

Qeyd edək ki, süni intellekt sistemi inteqrasiya edilən ilk elektrikli velosiped "Urtopia" şirkətinə məxsusdur. Məlumata görə, xüsusi dinamiklərə və mikrofona malik velosipeddə süni intellekt sayəsində səsli ünsiyyət qurmaq da mümkündür. Sadəcə, bir düymə ilə sürücünü dinləməyə başlayan süni intellekt verilən bütün suallara yüksək səslə cavab verməyə başlayır. Hətta bu prosesi əks etdirən bir video sosial şəbəkədə maraq doğurub.

Paylaşılan rəsmi videoda "ChatGPT" ilə birbaşa velosiped mərkəzli qarşılıqlı əlaqə ortaya çıxır. Süni intellekt sistemi istənilən məkanda müxtəlif marşrutlar hazırlaya və onları səsli şəkildə izah edə bilir. Bir sözlə, kiçik ekran vastəsilə velosiped sürücülərinə bələdçilik edir. Qeyd edək ki, sözügedən nəqliyyat vasitəsi üçün xüsusi olaraq ağıllı üzük də hazırlanıb. Üzük sürücüyə sağlamlığı haqqında məlumat verir. Gələn ay keçiriləcək CES 2024 sərgisində nümayiş etdiriləcək model, şirkətin indiyə qədər istehsal etdiyi ən ağıllı elektrik velosipedi hesab olunur.

NASA kosmosdan Yerə video göndərib

NASA tarixdə ilk dəfə olaraq kosmosdan Yer kürəsinə yüksəkkeyfiyyətli video göndərib. Agentlikdən verilən məlumata görə, video planetimizə 31 milyon kilometr yol qət edərək çatıb. Bu məsafə Yer kürəsi ilə Ay arasındakı məsafədən 80 dəfə daha uzundur.

Videonun göndərilməsi üçün "Psyche" adlı kosmik aparatdan istifadə edilib. Qeyd edək ki, sözügedən aparat bir neçə həftə bundan öncə kosmosa göndərilmişdi. Onun əsas məqsədi Yupiter ilə Mars arasında yerləşən eyniadlı asteroidin araşdırılması idi. Məlumata əsasən kosmik aparat videonu lazer şüalanması vasitəsilə göndərib. Maksimal ötürülmə sürəti saniyədə 267 Mbit, minimal ötürülmə sürəti isə saniyədə 62.5 Mbit təşkil edən video planetimizə 1 dəqiqə 41 saniyə ərzində çatıb.

Qeyd edək ki, astronomlar siqnalı Kaliforniyadakı teleskop vasitəsilə əldə ediblər. Maraqlısı odur ki, videonun NASA mərkəzinə ötürülməsinə onun Yer kürəsinə çatmasından daha çox zaman sərf edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".