Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Jewish Journal":  Qarabağ: Əminlik bayrağı, sülh vədi

Azərbaycan Prezidenti İlham Əliyev 30 ildən sonra Xocalını gəzərək Azərbaycan bayrağını qaldırdı. Bu barədə yəhudi mətbuatı irihəcmli məqalə yayımlayıb.

Məqalədə qeyd edilib ki, Xocalı əsrin ən dəhşətli qırğınlarından birinə şahidlik edib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən faciədə 613 dinc sakin qətlə yetirilib.

"Foreign Brief": Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçirir

"Foreign Brief" xəbər saytı 2 gün davam edəcək Türkiyə və Azərbaycan birgə hərbi təlimləri barədə xəbər yayımlayıb. Sözügedən xəbərdə bildirilib ki, təlimlər Azərbaycanın paytaxtı Bakıda, o cümlədən Naxçıvan bölgəsində və 2020-ci ildə işğaldan azad edilmiş ərazilərdə keçiriləcək.

Qeyd edək ki, yayımlanan yazıda təlimlərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdən sonra baş tutduğu qeyd edilib.

"Kazinform": İtaliya Azərbaycandan qaz idxalını artırır

Avropa İttifaqının Statistika İdarəsindən verilən məlumata görə, İtaliya 2023-cü ilin avqustunda Azərbaycandan təbii qaz idxalı 758,7 milyon kubmetr artıb, iyulda bu göstərici 743,2 milyon kubmetr olub. Qazaxıstan mediası bununla bağlı xəbər yayımlayıb.

Bu, Azərbaycandan İtaliyaya qaz ixracının həcmində aylıq müqayisədə təxminən 2,09 faiz artım deməkdir.

İtaliya 2023-cü ilin ilk səkkiz ayı ərzində Azərbaycandan ümumi dəyəri 3,3 milyard avro olmaqla 6,02 milyard kubmetr qaz idxal edib. Avqustda bu idxalın dəyəri iyulda 259,4 milyon avro ilə müqayisədə 252 milyon avro təşkil edib.

"Alarabiya": İran, Ermənistan-Azərbaycan arasında sülh prosesi ilə bağlı bir neçə dövlətin qatıldığı iclasa evsahibliyi edir

"Alarabiya" xəbər saytı, İran, Türkiyə, Rusiya xarici işlər nazirlərinin Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşü haqqında xəbər yayımlayıb. Yazıda sülh sazişi istiqamətində müzakirələrin aparılacağı qeyd edilib. Xəbərə, həmçinin Azərbaycan-Ermənistan arasında problemlərin başlamasının səbəbləri və antiterror tədbirləri barədə məlumat əlavə edilib.

"Vestnik Kavkaza":  Azərbaycan gimnastları qitə çempionatında yeddi qızıl medal qazanıb

Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında qızıl medal qazanıblar.

"Vestnik Kavkaza"nın məlumatına görə, idmançılar balans hərəkətlərində birinci yeri tutublar.

Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü də temp hərəkətlərində qızıl medal əldə edib.

Yığma ümumilikdə yarışı 7 qızıl və 2 gümüş medalla başa vurub.

"Respublika".