DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

“MİLLİYET”: ABŞ TÜRKİYƏNİ MÜTTƏFİQ KİMİ İTİRİB

ABŞ Silahlı Qüvvələrinin PKK terror təşkilatının Suriya bölməsinin döyüşçüləri ilə birgə təlimlər keçirməsindən sonra Vaşinqton Ankaranı müttəfiq kimi itirib. Bu barədə Türkiyənin nüfuzlu “Milliyet” qəzetində dərc olunan məqalədə qeyd olunur.

“ABŞ Türkiyəni itirdi. İctimai rəy üçün bildirək ki, ABŞ çoxdan bizim əsas düşmənimizə çevrilib”, - deyə nəşrdə vurğulanır.

Nəşrin məlumatına görə, ölkə əhalisi başa düşür ki, Vaşinqtonun planlarına Türkiyəyə yardım yox, onun bölünməsi daxildir. Məqalə müəllifləri qeyd edirlər ki, əgər əvvəllər NATO Türkiyə üçün zəmanət idisə, bu gün Türkiyə NATO üçün zəmanət olub.

Eyni zamanda, məqalədə bildirilir ki, Türkiyə Milli Müdafiə Nazirliyi PKK-nın Suriya bölməsi ilə ABŞ-ın birgə təlimlərinə mənfi reaksiya verib. Nəşr həmçinin əminliklə qeyd edir ki, Ankara Vaşinqtonun bölgədəki hərəkətləri barədə kifayət qədər məlumatlıdır.

“Türkiyə amerikalı əsgərlərin rütbələrini, adlarını və hətta silah-sursatlarının vəziyyəti barədə hər bir məlumata sahibdir”, - deyə “Milliyet” qəzetindəki məqalədə qeyd olunur.

İSRAİLDƏN GİROVLARIN AZAD EDİLMƏSI ÜÇÜN NÖVBƏTİ ADDIM

İsrail kəşfiyyatının (Mossad) rəhbəri David Barnea HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi barədə yeni sazişin müzakirəsi üçün Avropaya göndərilir. “Trend” agentliyinin İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, David Barnea burada Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşəcək.

Məlumata əsasən, bu, bir həftəlik atəşkəs rejimi başa çatdıqdan sonra İsrail və Qətər nümayəndələri arasında ilk görüş olacaq.

İsrail televiziyasının “13-cü kanal”ı isə öz növbəsində İsrailin hərbi nazirlər kabinetinin fikir ayrılığına görə, “Mossad” rəhbərini girovların azad olunması üzrə yeni müqavilə barədə mümkün danışıqlara göndərməmək qərarına gəldiyini iddia edib.

Eyni zamanda, İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalant Qəzza zolağında hərbi əməliyyatları davam etdirməyi və HƏMAS hərəkatından yeni sazişə dair müvafiq siqnal gözləməyi zəruri hesab edir.

Dekabrın 15-də David Barnea ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivanla Təl-Əviv şəhərində görüşüb. Görüşdə Qəzza zolağında girovların vəziyyəti müzakirə olunub.

NİDERLAND HAKİMIYYƏTİ BOLQARISTANLA BAĞLI ETİRAZINI GERİ GÖTÜRÜB

Niderland Bolqarıstanın Şengen zonasına daxil olması ilə bağlı etirazını geri götürüb. “Report” agentliyinin  xəbərinə görə, bu barədə dövlət katibi Erik van der Burq bildirib.

Məlumata görə, əvvəllər Niderland Bolqarıstanın müəyyən edilmiş meyarlara cavab vermədiyini əsas gətirərək, kifayət qədər uzun müddət ərzində Bolqarıstanın Şengenə qəbulunu əngəlləyib. Xüsusilə sərhəd nəzarətinin düzgün aparılması, korrupsiyaya qarşı mübarizə və konstitusiya normalarının demokratik prinsiplərə uyğunluğu müzakirə edilib.

“Biz müəyyən etdik ki, Bolqarıstan bütün zəruri konstitusiya islahatlarını həyata keçirib. Bunun əsasında belə nəticəyə gəlmək olar ki, Bolqarıstan Şengenə qoşulmaq üçün bütün tələblərə cavab verir”, - van der Burq vurğulayıb.

Eyni zamanda, dövlət katibinin sözlərinə görə, Bolqarıstanın xarici sərhədlərini gücləndirmək üçün fəaliyyətini davam etdirməsi son dərəcə vacib olaraq qalır.

Avropa Komissiyasının son hesabatında Bolqarıstanın Şengen zonasına daxil olması üçün heç bir maneənin olmadığı bildirilir.

ABŞ-DA QRİPLƏ ƏLAQƏDAR 2300-DƏN ÇOX ÖLÜM QEYDƏ ALINIB

Bu mövsüm ABŞ-da ən azı 3,7 milyon qripə yoluxma halı qeydə alınıb və xəstələrin 38 mini xəstəxanaya yerləşdirilib, 2300 nəfər isə vəfat edib. “Trend” agentliyinin xəbərinə görə, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) dərc etdiyi son hesablamalarda qeyd olunur.

Bununla yanaşı, “CDC”in həftəlik hesabatında bildirilir ki, mövsümi qrip ölkənin əksər bölgələrində, cənub-şərq və cənub-mərkəzi bölgələrdə böyük intensivliklə yayılmaqda davam edir.

Məlumata görə, dekabrın 9-da uşaqlar arasında qriplə bağlı iki ölüm hadisəsi qeydə alınıb və bununla da 2023-cü il mövsümündə uşaq ölümlərinin ümumi sayı 14-ə çatıb.

“CDC” böyüklərə və uşaqlara hər il qripə qarşı peyvənd olunmağı tövsiyə edir.

PESKOV: FİNLANDİYADAKI SİLAHLAR RUSİYA ÜÇÜN TƏHLÜKƏ YARADA BİLƏR

Finlandiya öz ərazisində NATO silahlarını yerləşdirərsə, bu, rəsmi Moskva ilə Helsinki arasında münasibətlərdə gərginliyə səbəb olacaq. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı açıqlayıb.

“Biz sadəcə təəssüflənə bilərik, çünki Finlandiya ilə əla münasibətlərimiz var idi. Heç kim heç kimə hədə-qorxu gəlməyib, qarşılıqlı iddialar olmayıb, heç kim maraqlara toxunmayıb, qarşılıqlı maraqlar olub”, - deyə Peskov vurğulayıb.

Bununla yanaşı, Kreml rəsmisi əlavə edib ki, hazırda Finlandiya NATO ölkəsi olduğu üçün Şimali Atlantika Alyansının infrastrukturu Rusiya üçün təhlükə yaradacaq.

Xatırladaq ki, Finlandiya bu ilin aprelində rəsmi olaraq NATO-ya üzv olub. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko daha əvvəl bildirmişdi ki, Finlandiya öz ərazisində xarici NATO kontingentini qəbul etməyə artıq hazırdır və hətta müvafiq sazişlər də bağlayıb.

ABŞ SÜNİ İNTELLEKTİ MALİYYƏ SİSTEMI ÜÇÜN TƏHLÜKƏ HESAB EDİR

ABŞ hökumətinin Maliyyə Sabitliyinə Nəzarət Şurası süni intellektdən istifadəni maliyyə sistemi üçün mümkün risklər siyahısına daxil edib. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu barədə ölkənin maliyyə naziri Canet Yellen bildirib.

“Şura maliyyə xidmətlərində süni intellektdən istifadəni maliyyə sisteminə qarşı zəiflik kimi müəyyən edib”, - deyə ABŞ Maliyyə Nazirliyinin rəhbəri bəyan edib.

Canet Yellen vurğulayıb ki, maliyyə təşkilatları innovativ texnologiyaları tətbiq etməyə davam etdikləri üçün süni intellektin tətbiqi də sürətlənə bilər. O, əlavə edib ki, Şura bu texnologiyanın inkişafını müşahidə etməklə və yaranmış risklərə reaksiya verməklə süni intellekt texnologiyalarının istifadəsinə nəzarət sahəsində rol oynayacaq.

Süni intellekt məsələlərindən əlavə, maliyyə naziri həmçinin Şuranın ABŞ hökuməti ilə özəl xarici şirkətlər arasında zəifliklərin davamlı qiymətləndirilməsini və məlumat mübadiləsini tələb edən ABŞ maliyyə sisteminin kibertəhlükəsizliyinin gücləndirilməsinə diqqət çəkib.

ALMANİYA SƏRHƏDİNDƏ GÜCLƏNDİRİLMİŞ NƏZARƏT REJİMİNİN MÜDDƏTİNİ UZADIB

Almaniya Şengen Sərhədləri Məcəlləsinin 25-ci maddəsinə əsasən, qeyri-qanuni miqrant axınının məhdudlaşdırılmasına kömək məqsədilə ölkəyə Polşa, Çexiya və İsveçrədən gələnlərə qarşı müvəqqəti daxili nəzarəti gələn il martın 15-dək uzadıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fezer bildirib.

“Bu gün Polşa, Çexiya və İsveçrə ilə sərhədlərimizdə 2024-cü ilin mart ayının ortalarına qədər daha üç ay müddətinə müvəqqəti nəzarətin davam etdirilməsi ilə bağlı qərar qəbul etmişəm”, - deyə daxili işlər naziri qeyd edib.

Nensi Fezer bu tədbirlərin tətbiq olunduğu oktyabr ayının ortalarından etibarən alman polisinin təxminən 340 qaçaqmalçını saxladığını bildirib. O, həmçinin bildirib ki, ölkəyə qanunsuz girişlərin sayı 60 faizdən çox azalıb.

Bununla yanaşı, nazir miqrantlara sığınacaq verilməsi üçün vahid Avropa sisteminin yaradılmasının zəruriliyini vurğulayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.