DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

RUSİYA XİN: FRANSA PREZİDENTİ ODLA OYNAYIR

Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi kontingentin mümkün göndərilməsi ilə bağlı müzakirələrə başlamaqla odla oynayır. Bu barədə “TASS” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk bəyan edib.

Məlumata görə, Fransa liderinin müvafiq bəyanatlarını şərh edən diplomat bildirib ki, belə sözlər narahatlıq doğurmaya bilməz. O, əlavə edib ki, bir çox Qərb siyasətçiləri öz ölkələrinin milli maraqlarını siyasi vəziyyətə və seçki maraqlarına qurban verirlər.

“Görünür, onlar böhranın eskalasiyası və böyüməsi risklərindən xəbərsizdirlər. Bu, siyasi infantilizmdir. Rəsmi Kiyevə silah ötürməyin ağır nəticələri ilə bağlı xəbərdarlıqlarımıza məhəl qoyulmur”, - deyə Aleksey Polişuk vurğulayıb.

Verilən xəbərə görə, bir müddət öncə Emmanuel Makron bildirib ki, Parisdə 20-yə yaxın Qərb dövlətinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Ukraynaya mümkün quru qoşunlarının göndərilməsi mövzusu qaldırılıb. Onun sözlərinə görə, iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz.

NATO STRUKTURUNDA PROBLEMLƏR MÜŞAHİDƏ OLUNUR

Hazırda NATO bir sıra daxili təşkilati problemlər yaşayır. Bu barədə “The Times” qəzetində dərc olunan məqalədə qeyd edilib.

Nəşrin açıqlamasına əsasən, alyansın komanda strukturunda tam qarışıqlıq mövcuddur. Həmçinin məqalədə vurğulanır ki, NATO-nun silah ehtiyatları azalıb, logistika imkanları zəifləyib, avadanlığın özü isə köhnəlib.

Bununla yanaşı, nəşr hesab edilir ki, Şimali Atlantika Alyansına üzv ölkələrin Ukrayna ilə müharibədə Rusiyanı məğlub etməyə fokuslanması heç də reallığa uyğun gəlmir.

Eyni zamanda, bildirilib ki, Avropa və ABŞ Rusiyanın imkanlarını az, Qərbin imkanlarını isə həddindən artıq qiymətləndirir. “Bu, yanaşma köhnəlmiş, özündənrazı düşüncəyə əsaslanır”, - deyə nəşr qeyd edib.

Xatırladaq ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smitin sözlərinə görə, Ukraynanın alyansa daxil olması yalnız Rusiya ilə hərbi münaqişə bitdikdən sonra mümkündür.

SERGEY LAVROV VƏ ÇİN LİDERİ ARASINDA GÖRÜŞ KEÇİRİLİB

Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib. Bu barədə “Sputnik” informasiya agentliyinin xəbərində qeyd olunur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüş zamanı bildirib ki, Moskva və Pekin iki ölkə liderlərinin qarşıya qoyduğu yeni strateji vəzifələri həyata keçirməyə davam edəcək.

Si Cinpin açılış nitqində rusiyalı nazirdən prezident Vladimir Putinə səmimi salamlar çatdırmağı xahiş edib. O qeyd edib ki, Lavrov təcrübəli diplomat və Çin xalqının çoxdankı dostudur və münasibətlərin inkişafında böyük işlər görüb.

Eyni zamanda, Çin lideri vurğulayıb ki, Pekin və Moskva firavan yaşamaq yolunu tutublar və ikitərəfli münasibətlərin mütərəqqi və davamlı inkişafı maraqları naminə qarşılıqlı faydalı əməkdaşlığa nail olmağa çalışırlar.

İSVEÇRƏ PARTİYASININ AVROPA ŞURASINDAN ÇIXMAQLA BAĞLI BƏYANATI

İsveçrə Avropa Şurasını tərk etməlidir. “TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin ən böyük siyasi qüvvəsi sayılan, sağçı mühafizəkar İsveçrə Xalq Partiyasının bəyanatında bildirilir.

Qeyd edilir ki, partiya Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) İsveçrəni iqlim dəyişikliyi ilə mübarizə üçün adekvat tədbirlər görməməkdə ittiham edən qərarına cavab verib. Bəyanatda vurğulanıb ki, AİHM-in qərarı “qalmaqallı” adlanır.

Partiyanın açıqlamasına əsasən, Avropa məhkəmələrində reallığın inkarı açıq şəkildə üstünlük təşkil edir və Strasburq hakimləri İsveçrənin CO2 emissiyalarının azaldılması baxımından nümunəvi olduğunu nəzərə almayıblar.

Verilən xəbərə görə, bu səbəbdən partiya AİHM-in qərarı ilə bağlı xarici hakimlərin müdaxiləsini qətiyyətlə pisləyib və İsveçrəni Avropa Şurasından çıxmağa çağırıb.

İSRAİL HÖKUMƏTİ İRANA SON XƏBƏRDARLIĞINI EDİB

“İsrail İranla müharibə istəmir, lakin ölkəmizə birbaşa zərbələr endirilərsə, hərbi əməliyyatlara əl atmalı olacağıq”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu İsrailin xarici işlər naziri İsrail Kats bəyan edib.

Eyni zamanda, nazir İranın Suriyadakı konsulluğuna hava hücumuna görə, Təl-Əvivin məsuliyyəti öz üzərinə götürmədiyini xatırladıb.

İsrail Katsın fikrincə, İranın yaratdığı təhlükə Qərbdə düzgün başa düşülmür. Onun sözlərinə görə, indiyədək İsrail “Hizbullah” və husilərin hava zərbələrinə məhdud cavablar verib: “Lakin məsələn, Dəməşqin qisası kimi Livandan Təl-Əvivə raketlər uçsa, İsrail təyyarələri, hətta canlı qüvvələrini də ona qarşı yönəldəcək. “Hizbullah”ın raketlərinə görə minlərlə israillini təxliyə etməliyik. Əgər onlar BMT-nin 1701 saylı qətnaməsində nəzərdə tutulduğu kimi, Əl-Litani çayından geri çəkilməsələr, biz Beyruta qarşı müharibəyə başlamalı olacağıq. Bunu istəmirik, ABŞ, Fransa, İtaliya və o zonada qoşunları olan digər ölkələrin dəstəyi ilə danışıqlar yolu ilə getməyə üstünlük veririk”.

UKRAYNA NÜVƏ YANACAĞI İSTEHSALI ZAVODU TİKMƏYİ NƏZƏRDƏN KEÇİRİR

Ukraynanın atom elektrik stansiyalarının operator şirkəti “Energoatom” Nikolayev vilayətinin Yujnoukrainsk şəhəri yaxınlığında nüvə yanacağı istehsalı zavodu tikməyi planlaşdırır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə şirkətin rəhbəri Pyotr Kotin bildirib.

“Biz zavodu Yujnoukrainsk şəhəri yaxınlığında inşa etmək qərarına gəldik. Mən şəhər sakinlərindən belə böyük dəstək olacağını gözləmirdim”, - deyə şirkət rəhbəri açıqlamasında vurğulayıb.

Eyni zamanda, Pyotr Kotinin sözlərinə görə, Ukrayna nüvə yanacağı ilə təchizat mənbələrini təmin etməlidir və onlardan biri də öz istehsalı olacaq.

Bununla yanaşı, şirkət rəhbəri qeyd edib ki, “Energoatom” ABŞ-ın “Westinghouse” şirkətinin texnologiyasından istifadə etməklə nüvə yanacağı istehsal etmək niyyətindədir. O deyib: “Bu gün biz Rusiya nüvə yanacağının tədarükündən tamamilə imtina etmişik, yanacağı yalnız ABŞ-ın “Westinghouse” şirkətindən alırıq”.

BRİTANİYADA ƏSKİNASLARDA MONARXIN TƏSVİRİ İLK DƏFƏ DƏYİŞDİRİLİB

Böyük Britaniya kralı III Çarlz ilk dəfə yeni funt-sterlinq əskinaslarında öz təsvirini görmək imkanı qazanıb. “BBC” agentliyinin verdiyi məlumata görə, yeni banknotlar artıq iyun ayında dövriyyəyə buraxılacaq.

Bununla yanaşı, agentliyin xəbərinə əsasən, monarxın təsviri dövriyyədə olan bütün nominallarda olacaq.

Məlumata görə, İngiltərə Bankının direktoru Endryu Beyli və baş kassir Sara Con Bukingem sarayında krala onun təsviri olan ilk əskinasları təqdim ediblər.

Bildirilir ki, kral, ənənəyə görə, mütləq qaydada yeni əskinasların ilk nüsxələrini almalıdır. Bu o deməkdir ki, monarxa 00001 nömrəli əskinaslar verilib.

Eyni zamanda, agentlik qeyd edir ki, kral III Çarlzın təsviri olan əskinaslar II Elizabetin təsvir olunduğu əvvəlki əskinaslarla yanaşı istifadə olunacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.