DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZURABİŞVİLİ İCAZƏSİZ SƏFƏRLƏRİNİ DAVAM ETDİRƏCƏYİNİ BİLDİRİB

Gürcüstan prezidenti Salome Zurabişvili hökumətdən icazəsiz xaricə səfərlərini davam etdirəcəyini açıqlayıb. Prezident bu barədə Fransanın “Le Monde” nəşrinə müsahibəsində bəyan edib. Dövlət başçısı hökumətin ona qarşı təhdidlərinin davamlı olduğunu vurğulayıb. O, əlavə edib ki, hakim “Gürcü Arzusu” partiyasının ona qarşı başlatdığı impiçment işi artıq bağlanıb, lakin hökumət indi başqa bir ittihamla çıxış edə bilər.

Bununla yanaşı, Salome Zurabişvili “Gürcü Arzusu”nun ona qarşı impiçment prosesini sabiq baş nazir Bidzina İvanişvilinin icazəsi olmadan başlatmasının mümkün olmadığını diqqətə çatdırıb. Prezident qeyd edib ki, “Gürcü Arzusu”nun bu məsələdə uğur qazanmasının ölkənin Avropa yolu baxımından son dərəcə mənfi nəticələri ola bilərdi.

Salome Zurabişvili 2018-ci ildə prezident seçilməsində Bidzina İvanişvilinin dəstəyinin böyük rol oynadığını, lakin indi İvanişviliyə tabe olmadığı üçün ittihamlara məruz qaldığını dilə gətirib.

“Aydındır ki, hakim partiyanın dəstəyi olmadan müstəqil namizəd kimi mənim seçilmək üçün rıçaqlarım yox idi. O, ehtimal ki, məni “Gürcü Arzusu”nun liderləri kimi onunla razılaşmadığım üçün ittiham edir”, - deyə dövlət başçısı əlavə edib.

MACARISTAN Aİ İLƏ BAĞLI MƏSLƏHƏTLƏŞMƏLƏRƏ BAŞLAYIB

Macarıstanda  noyabrın 17-dən etibarən ölkə vətəndaşlarının Avropa İttifaqı ilə fikir ayrılıqları, həmçinin Ukraynanın bloka daxil olması və ona hərbi yardımın göstərilməsi ilə bağlı öz fikirlərini ifadə edə biləcəkləri milli məsləhətləşmələr başlayıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə Macarıstan hökumətinin rəsmi nümayəndəsi Aleksandra Sentkirayi bildirib.

Hökumət rəsmisi videomüraciətində qeyd edib ki, son vaxtlar rəsmi Brüsselin və Budapeştin Macarıstana aidiyyəti olan siyasi, iqtisadi və təhlükəsizlik problemləri ilə bağlı çoxsaylı mübahisələri yaranıb.

A.Sentkirayi xatırladıb ki, Avropa liderləri Macarıstan rəhbərliyindən rəsmi Kiyevə silah tədarükünün maliyyələşdirilməsinin artırılmasını və ölkədə mühacirlər üçün gettonun yaradılmasını, habelə mənzil-kommunal təsərrüfatı xidmətləri üzrə subsidiyaların, faiz dərəcələri üzrə yuxarı həddin və izafi mənfəət vergilərinin ləğv olunmasını tələb edirlər.

KANADA VƏ YAPONİYA ARASINDA ƏMƏKDAŞLIQ MÜZAKİRƏ OLUNUB

Kanadanın baş naziri Castin Trüdo San-Fransisko şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri Liderlərinin sammiti çərçivəsində Yaponiyanın baş naziri Fumio Kisida ilə görüşündə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Bu barədə “Report” agentliyinin məlumatında qeyd olunur.

Baş nazirlər Yaxın Şərqdəki münaqişənin, Şimali Koreyanın nüvə silahı proqramı və raket təhlükəsi kimi qlobal problemlərin həllində birgə işləməyə hazır olduqlarını bildiriblər.

Eyni zamanda, Castin Trüdo Yaponiyanın “G7”yə sədrliyi dövründə beynəlxalq qaydalara əsaslanan nizamın qorunmasına yönəlmiş liderlik və razılaşdırılmış fəaliyyətdəki rolunu yüksək qiymətləndirib. Baş nazirlər öz prioritetlərini irəli sürmək üçün birgə işlərin davam etdirilməsinə dəstəklərini ifadə ediblər.

Bununla yanaşı, hökumət başçıları ticarət, investisiya və innovasiya sahələrində ikitərəfli əlaqələri, eləcə də davamlı təchizat zəncirlərinin qurulmasının vacibliyini xatırladıblar. Görüşdə həmçinin Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

İNTERPOLUN AXTARDIĞI NARKOBARON TÜRKİYƏDƏ SAXLANILDI

Türkiyə hüquq-mühafizə orqanları İstanbulda narkotik tacirinə qarşı “Kartel-2” əməliyyatı keçiriblər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazirin sözlərinə görə, əməliyyat nəticəsində Xorvatiyanın İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olan Nenad Petrak adlı narkobaron saxlanılıb. Onun Cənubi Amerikadan əldə etdiyi narkotiki Avropaya daşıdığı məlum olub.

Eyni zamanda, Xorvatiyanın Korrupsiyaya qarşı Mübarizə və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Agentliyinin hesabatına görə, Nenad Petrak təxminən doqquz ölkədə bir çox insanı cinayət təşkilatına bağlayan narkotik alverçisidir.

Bununla yanaşı, daxili işlər naziri Ali Yerlikaya narkotacirlərə qarşı mübarizənin davam edəcəyini bəyan edib.

TÜRKİYƏ “EUROFIGHTER” QIRICI TƏYYARƏLƏRİ ALMAQ NİYYƏTİNDƏDİR

Türkiyə hakimiyyəti ölkənin Hərbi Hava Qüvvələrini gücləndirmək üçün 40 ədəd “Eurofighter Typhoon” qırıcısı almağa hazırlaşır. “Anadolu” agentliyinin xəbərinə görə, bu barədə ölkənin müdafiə naziri Yaşar Güler bildirib.

Məlumata əsasən, “Eurofighter Typhoon” qırıcı təyyarəsi Böyük Britaniya, Almaniya və İspaniyadan olan bir neçə müstəqil şirkətin birgə səyinin nəticəsidir. Yaşar Güler artıq rəsmi London və Madridlə döyüş təyyarələrinin alınması ilə bağlı razılaşmanın əldə olunduğunu, lakin Berlinlə danışıqlar mərhələsində problemlər yarandığını qeyd edib.

“Biz “Eurofighter” almaqda qərarlıyıq, bu, çox effektiv təyyarədir. Lakin Almaniya buna etiraz edir. Biz İngiltərə və İspaniyadan 40 döyüş təyyarəsi almağı planlaşdırırıq”, - deyə nazir vurğulayıb.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın mövqeyinə baxmayaraq, ölkənin özünü döyüş təyyarələri ilə təmin edəcəyini bəyan edib.

2024-2028-Cİ İLLƏRDƏ “İNTERNET APOKALİPSİSİ” PROQNOZLAŞDIRILIR

Güclü günəş fırtınaları qlobal rabitə sisteminə, o cümlədən internetə kritik zərbə vura bilər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, Corc Meyson Universitetinin fizika və astronomiya üzrə professoru Piter Bekker apardığı araşdırmalar nəticəsində bu qənaətə gəlib.

Professorun sözlərinə görə, 2024 və 2028-ci illər arasında dünya həddindən artıq Günəş aktivliyi vəziyyətində həftələr, hətta aylarla internetin tamamilə bağlanması riski ilə üzləşə bilər.

Günəşdən gələn yüklü hissəciklərin emissiyası nəticəsində yaranan bu tufanlar Yerin maqnit sahəsinə təsir etməklə, peyklərin və yerüstü rabitənin ciddi pozulmasına səbəb ola bilər. Bunun bariz nümunəsi 1859-cu ildə teleqraf sisteminin dağıdılması və operatorların elektrik cərəyanına məruz qalması ilə nəticələnən Karrinqton hadisəsidir.

Bekker və həmkarları peykləri vaxtında təhlükəsiz rejimə keçirməyə və zədələnmənin qarşısını almaq üçün erkən xəbərdarlıq sisteminin yaradılması üzərində işləyirlər.

MALİYYƏ PROBLEMİNƏ GÖRƏ MARSIN TƏDQİQİ DAYANDIRILIR

Alimlərin Marsda həyatın olub-olmadığını, qırmızı planetdə insanın yaşaması imkanlarını araşdırdığı bir şəraitdə ortaya mühüm bir problem çıxıb. “Nature Science” jurnalının xəbərinə görə, NASA Marsdan torpaq və süxur nümunələrin gətirilməsi missiyasını dayandırıb. ABŞ-ın aerokosmik agentliyi bildirib ki, hazırda bu məsələdə ciddi maliyyə problemləri yaranıb.

Bununla yanaşı, NASA bəyan edib ki, ötən həftə bu missiya ilə məşğul olan 3 tədqiqat mərkəzinə həmin istiqamətdə fəaliyyəti dayandırmaq tövsiyə edilib. Belə ki, Agentlik 2024-cü il üçün büdcə layihəsində Marsdan nümunələr gətirmək məqsədilə 949,3 milyon dollar vəsait ayrılmasını tələb etsə də, büdcəyə nəzarət üzrə alt komissiya bu məqsədlər üçün cəmi 300 milyon dollar ayırıb.

Məlumata görə, problemin nə qədər davam edəcəyi məlum deyil, lakin NASA indi “Perseverance” missiyasının Marsda topladığı nümunələri alternativ yollarla Yerə gətirmək üzərində iş aparır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.