İrəvana yeddi məktub
Digər xəbərlər

İrəvana yeddi məktub

Görkəmli yazıçı-publisist, ictimai-siyasi xadim H idayət Orucovun "Burdan min atlı keçdi" kitabını vərəqlədikcə, illərin isti-soyuğunu qəlbində yaşadan, yaddaşında xoş xatirələri çözələyən yazıçının qələmə aldığı əzəli türk torpaqları olmuş Qərbi Azərbaycanda soydaşlarımızın yaşadığı ictimai-siyasi şəraitin, ədəbi-mədəni mühitin, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçdiyi yolun, görkəmli azərbaycanlı ictimai və dövlət xadimlərinin fəaliyyətinin, bütövlükdə Qərbi azərbaycanlıların illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mübarizənin canlı şahidinə çevrilirsən sanki...

Kitabın "İrəvana yeddi məktub" bölməsində isə müəllif ötən əsrin 70-ci illərindən başlayaraq İrəvanda genişlənən anti-Azərbaycan, antitürk siyasətini, xüsusilə də həmin dövrdə ermənilərin Heydər Əliyev şəxsiyyətinə qısqanclıq, paxıllıq, hətta düşmənçilik münasibətini əks etdirən müşahidələrini qələmə alıb. Kitabın "İrəvana yeddi məktub" adlı bölməsində müəllif yazır:

"Gevork Eminin "Ermənistan haqqında yeddi nəğmə"sindəki şişirtmələri də oxumuşam, S.Kaputikyanın "Karvanlar hələ yoldadır"ındakı, V.Petrosyanın "Erməni eskizləri"ndəki uydurmaları da. B.Ulubabyanın, S.Xanzadyanın, H.Şirazın, Z.Balayanın, K.Simonyanın... qatı şovinizm qoxuyan, qonşu xalqlara qarşı nifrət, soyqırımı hissləri aşılayan, həqiqətdən, məntiqdən uzaq cəfəngiyyatlarıyla da çoxdan tanışam... Xeyli vaxtdır içimdə "Yeddi məktub"u yazmağa ciddi ehtiyac duyuram. Və son aylarda hiss edirəm ki, daha yazmamaq mümkün deyil. Ona görə qələmə üz tuturam və yaza-yaza mənə elə gəlir ki, yazdıqlarım yalnız "Bakıdan İrəvana məktublar"dır...".

Yeri gəlmişkən, onu da qeyd edək ki, ermənilərin öz havadarlarına arxalanaraq açıq şəkildə həyata keçirdikləri millətçilik siyasətini tənqid etmək, xalqımızın dahi oğlu Heydər Əliyev şəxsiyyətinə düşmənçilik münasibətlərini onlarla bir məkanda çalışa-çalışa qələmə almaq o dövrdə müəllifdən böyük cəsarət tələb edirdi. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyimiz bir vaxtda XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində dünyanı heyrətləndirən siyasət korifeyi, dövlətçilik patriarxı, dünyaşöhrətli dahi şəxsiyyət haqqında ilk yazılardan olan "İrəvana yeddi məktub" bu gün də aktualdır. Oxucu marağını nəzərə alaraq həmin məktubları ardıcıllıqla təqdim edirik:

15 oktyabr, 2003 VII məktub

Böyük şəxsiyyətlərin tarixdəki yerini tarixin özü müəyyən edir, - bu, köhnə həqiqətdir, - ancaq tarixin özü də göstərir ki, siyasəti, ideyaları özləri həyatda olmayanda da əbədiyyət qatarının sükançısı olurlar. Heydər Əliyev müstəqil Azərbaycanın bu gün də əbədiyyət qatarının öndəri, dövlətçiliyimizin möhkəmləndirilməsinin baş memarıdır. Çünki bu dövlət onun gerçəkləşən ideyaları, köklü, möhkəm, məntiqi prinsipləri üzərində qurulub və gündən-günə inkişaf edir, çünki dövlətin başında onun layiqli davamçısı, yüksək intellektli siyasətçi və dövlət xadimi, az yaşında çox təcrübə qazanmış İlham Əliyev dayanıb. Deməli, erməni şovinistlərinin, terrorçularının Heydər Əliyevi, özlərinin etiraf etdiyi kimi, aradan götürmək cəhdləri əbəsmiş, Heydər Əliyevi Tanrı saxladı. Azərbaycanın böyük oğlu müstəqil Azərbaycan dövlətini qurdu, etibarlı əllərə tapşırdı. Bu dövlət yaşayacaq, daha da güclənəcək, Heydər Əliyevin başladığı böyük quruculuq işləri davam etdiriləcək, Azərbaycanın ən böyük problemi də - sizlərin işğal etdiyi torpaqların azad olunması da həyata keçiriləcək. Çünki İlham Əliyev Böyük Öndərin başladığı işləri yarıda qoymur. Bunu siz də bilirsiniz və... narahatsınız.

Təkcə sizin də, bizim də Avropa Şurasına daxil olduğu son üç ildə İlham Əliyevin bu nüfuzlu beynəlxalq təşkilatda Azərbaycan nümayəndə heyətinin başçısı kimi prioritet fəaliyyəti sizləri çox düşündürür. Qısa zaman kəsiyində İlham Əliyevin gördüyü böyük işlərin nəticəsidir ki, Azərbaycan həqiqətləri Avropa Şurasına olduğu kimi, necə varsa, eləcə təqdim olundu və həqiqət kimi təsdiqləndi: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyondan artıq soydaşımızın qaçqına və məcburi köçkünə çevrilməsi, onların məskunlaşdığı çadır düşərgələrində və başqa yerlərdə dözülməz həyat şəraiti...

İlham Əliyev Avropa Şurasında çox qısa vaxtda böyük nüfuz qazandı, Parlament Assambleyasının Büro üzvü və sədr müavini seçildi. Müxtəlif vaxtlarda bu istedadlı, enerjili siyasətçinin, diplomatın və dövlət xadiminin və onun başçılıq etdiyi nümayəndə heyətinin AŞ Parlament Assambleyasının sessiyalarında qaldırdığı məsələlərin bir qismini xatırlayaq:

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi"nə dair qətnamə üçün təklif;

"Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş genosidin tanınması" haqqında yazılı bəyannamə;

"Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş genosidin tanınması" haqqında yazılı bəyannamə (II əlavə);

"Azərbaycan Respublikasında (Dağlıq Qarabağ, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl) ekoloji vəziyyətə dair" tövsiyə üçün təklif;

"Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması" haqqında yazılı sorğu;

"Ermənistan və Dağlıq Qarabağda saxlanılan hərbi əsirlər və girovlar" haqqında tövsiyə üçün təklif;

"Azərbaycanda qaçqın, qadın və uşaqların humanitar vəziyyəti" haqqında tövsiyə üçün təklif;

"Üzv dövlətlər tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsi"nə dair tövsiyə üçün təklif;

"Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında insan hüquqlarının bərpasına dair tövsiyə üçün təklif;

"Avropa Şurası üzvü olan dövlətlər tərəfindən Avromədəniyyət almanaxının yaradılması"na dair tövsiyə üçün təklif;

"Ermənistan Respublikasının Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirdiyi blokada siyasətindən irəli gələn hədələrin qarşısının alınması zərurəti" haqqında yazılı sorğu;

"Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində ermənilər tərəfindən tarixi qəbiristanlıqların dağıdılması və yeni daimi fəlakət "qəbiristanlıqlarının" yaradılması" haqqında tövsiyə üçün təklif;

"Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dəstəklənən terrorçu təşkilatlar şəbəkəsi" haqqında tövsiyə üçün təklif;

"Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində nüvə texnologiyaları və nüvə tullantıları"na dair tövsiyə üçün təklif;

"Cənubi Qafqazda kütləvi dağıntı təhlükəsi" haqqında yazılı bəyannamə;

"Avropada təhsil sahəsində gələcək inkişaf kontekstində Azərbaycanda qaçqın və məcburi köçkünlərin təhsil hüququ"na dair tövsiyə üçün təklif;

"Azərbaycanın mədəni irsinin qəsbi və məhv edilməsi" haqqında tövsiyə üçün təklif;

"Ermənistan ərazisində və Azərbaycanın işğal edilmiş torpaqlarında nüvə, bioloji və kimyəvi silahların hazırlanması ilə bağlı aparılan tədqiqat işlərinin yoxlanılması" barədə sorğu;

"Avropa Şurasının prinsiplərini pozan dövlətlər barəsində tətbiq edilə biləcək sanksiyalar" barəsində sorğu;

"Ermənistan Respublikasının ərazisində xarici hərbi kontingentin sayının artması və bununla da Cənubi Qafqaz regionunda qüvvələr balansının pozulması təhlükəsi" haqqında tövsiyə üçün təklif;

"Metsamor - ətraf mühit və insan hüquqları üçün təhlükə mənbəyi haqqında" tövsiyə üçün təklif;

"Kartoqrafik işğal - siyasi məqsədlər və xəritələrin təhrif olunması məqsədilə kütləvi şəkildə toponimlərin dəyişdirilməsi" haqqında tövsiyə üçün təklif;

"Avropanın uşaqları üçün narkotiksiz gələcək" haqqında yazılı bəyannamə;

"Avropa Şurasına üzv ölkələr tərəfindən ölüm hökmünü ləğv etmək öhdəliyini yerinə yetirməkdən imtina etməyin məsuliyyəti" haqqında qətnamə üçün təklif;

"Azərbaycanın təmiz su hövzələrinə axıdılan transsərhəd sularının mənfi təsiri" haqqında tövsiyə üçün təklif;

"Siyasi məhbus" anlayışının universal meyarlarının müəyyənləşdirilməsi probleminə dair qətnamə üçün təklif;

"Cənubi Qafqazda mədəni vəziyyət" haqqında məruzə.

Bu sadalananlar, dediyim kimi, Avropa Şurasında qaldırılan və bəziləri İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin təklifi ilə müzakirə edilən məsələlərin bir qismidir və bütün bunlar İlham Əliyevə xas uyğun normalarda diplomatik səviyyədə Azərbaycan rəhbərinin torpaqlarımızın işğaldan azad olunması istiqamətində fəaliyyəti - mübarizəsi ardıcıl və davamlıdır.

Azərbaycan qüvvətləndikcə mübarizə də güclənəcək.

Heydər Əliyev HAQQI qalib gələcək, axır ki, siz də bir gün anlayacaqsınız ki, əsl həqiqətin önündə top da aciz qalır, tüfəng də...

P.S. V.Petrosyanın "Son müəllim" povestində bəlkə müəllif özü də hiss etmədən erməni "vətənpərvərliyinin" kosmopolitik qəlizliyini əyani surətdə açıb: əsərin qəhrəmanı Armen tez-tez Anadolu türkcəsində, "vatan, vatan" söyləyən, ancaq Avstraliyaya köçməyə hazırlaşan atasına deyir: "çox vatan, vatan - deyirsən, özün də Avstraliyaya köçürsən. Doğrudan, Avstraliya sənə vətəndir?".

İndi Qarabağı da özünüzə "vətən" sayırsınız, ancaq ermənilər günü-gündən Qarabağda da seyrəlir, İrəvanda da, Mığrıda da, Gümrüdə də... Səsləri insan yaşaya bilən beş qitənin beşindən də gəlir: "vətən, vətən"... Bilmirsən Sidney sizə vətəndir, yoxsa Los-Anceles, Paris...

P.P.S. 1989-cu ilin 18 noyabrında dərc edilmiş "Didərginlərə məktub"um Ermənistan mətbuatında, deyəsən, indiyəcən də xatırlanır. Ələlxüsus, bu sətirlər üçün: "Yüz ildir ki, torpaqlarımızı itirə-itirə gəlirik, bizim ötən nəsilləri bağışlamamağa haqqımız var, gələcək nəsillər də bizi hətta topa tutsalar da azdır! Ancaq haçansa o torpaqlarımıza qayıdacağıq!

Mən bunu inamla deyirəm, ulu tariximizin dərslərini xatırlayıb deyirəm, - bizim xalqımız - türklər heç vaxt qonşu torpağına, yad diyarına göz dikməyiblər, amma vaxtilə itirdiyi ana torpağını haçansa özünə qaytarıblar".

O illərdə dönə-dönə demişəm, indi də qəti fikirdəyəm: "Biz öz torpaqlarımıza qayıdacağıq! Və Heydər Əliyevin, bütün şəhidlərimizin ruhu önündə müqəddəs borcumuzu ləyaqətlə, şərəflə yerinə yetirəcəyik".

VƏ SONDA!

1966-cı ilin 16 mart gecəsi - "Zəngəzur" qatarıyla, Arazın qırağıyla, Qədim Naxçıvan torpaqlarıyla İrəvana işləməyə gəldiyimi "Burdan min atlı keçdi" yazılarıma yerli-yataqlı köçürmüşəm. Sonralar qatarla da, avtomobillə də, təyyarəylə də çox uzun səfərlərim olub, amma o gecənin hər anı indiyəcən həkk olunub yaddaşıma. Əminəm ki, bu əsrdə başqa bir gənc Hidayət Mığrıdan "Zəngəzur" qatarına minib Arazın qırağıyla, ulu Naxçıvanın tarixlərin keşməkeşlərində qarsalanmış torpağıyla İrəvana gedəcək və mənim kimi Bakıya dönməyəcək, ömrü boyu Qərbi Azərbaycanda yaşayıb-yaradacaqdır.

Mən buna varlığım qədər inanıram!

Yanvar-mart, 2004, Bakı.