MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Global Vippasana Paqoda

Şərq memarlığının abidələri arasında Hindu və Buddist paqodaları öz gözəlliyi ilə hər zaman insanları valeh edib. Belə unikal abidələrdən biri də Hindistanın Mumbay şəhərindən şimalda yerləşən Qoray çayı ilə Ərəb dənizi arasındakı yarımadada inşa olunub. Global Vippasana Paqoda adlandırılan bu məbədin tikintisi Vipassana meditasiyası ilə məşğul olan insanların ianələri ilə həyata keçirilib. Paqodanın dayanıqlı olması üçün mühəndislər tikinti materialı kimi yalnız daşdan istifadə ediblər. Daha sonra tavanı dəstəkləmək üçün bir neçə sütun əlavə etmək qərarına gəlinib. Bünövrə qara bazalt daşından, günbəzin özü isə hər birinin çəkisi 600-700 kiloqram olan qum daşından hazırlanıb. Ümumilikdə tikinti zamanı 2,5 milyon ton daşdan istifadə olunub. Paqodanın üstü böyük kristalla, qalan hissəsi isə qızıl boya ilə bəzədilib.

Dünyanın ən böyük dayaqsız abidəsinin ümumi hündürlüyü 96,12 metrdir ki, bu da təxminən 30 mərtəbəli binanın hündürlüyünə bərabərdir. Paqoda biri digərinin üstündə oturan üç alt günbəzdən ibarətdir. Birinci və ən böyük günbəzin hündürlüyü təxminən 29, xarici diametri 97,46 metrdir. Günbəzin daxili diametri isə 85,15 metrdir. Mərkəzdə ümumi sahəsi 6000 kvadratmetrdən çox olan və 8000 meditatoru qəbul edə bilən dairəvi meditasiya zalı yerləşir. Günbəzin tam mərkəzində Qautama Buddanın qalıqları saxlanılır. Kompleksdə həmçinin audiovizual mərkəz, rəsm qalereyası, kitab və hədiyyə mağazası da var.

Puerta de Europa

İspaniyanın Madrid şəhərində yerləşən Puerta de Europa kimi tanınan dünyanın ilk maili göydələnləri Küveyt İnvestisiya Ofisi (KİO) tərəfindən sifariş edilib. 1989-1996-cı illərdə tikilən binaların dizaynı "Leslie E. Robertson Associates", mühəndis işləri isə FCC şirkətləri tərəfindən həyata keçirilib. Amerikalı memarlar Filip Conson və Con Burgeenin layihələndirdikləri bu qeyri-adi struktur Madridin ən mühüm bulvarlarından birinin - Paseo de la Castellananın yanında ucaldılıb. Cazibə qanunlarına meydan oxuyan iki ikonik göydələn  şübhəsiz ki,  bir çox əyilmiş qüllələr üçün ilham mənbəyi olub.

Hündürlüyü 114 metr olan göydələnlər 26 mərtəbədən ibarətdir. Postmodern üslubda tikilmiş qüllələr 15 dərəcə bucaq altında bir-birinə meyillidir. Hər iki tikilinin ümumi sahəsi 125.000 kvadratmetrdir. Qüllələrin fasadı şüşə, alüminium və paslanmayan poladdan ibarətdir. Qüllələrdən biri Caixa Bankına, digəri isə  Realia daşınmaz əmlak şirkətinə məxsusdur. Qüllələr arasında Paseo de la Castellana və Plaza de Castilla qovşağı var.

İspanların "Avropanın qapısı" adlandırdığı hər iki göydələnin damında fövqəladə hal baş verdiyi zaman təhlükəsiz evakuasiya üçün helikopter meydançası var.

Denver İncəsənət Muzeyi

Denver İncəsənət Muzeyinin yaranması 1893-cü ilə, Denver Rəssamlar Klubunun yaradıldığı vaxta təsadüf edir. 1916-cı ildə klub - Denver İncəsənət Assosiasiyası adlandırılır, nəhayət 1918-ci ildə Denver İncəsənət Muzeyi adını alır.

Daha çox Amerika Hindu İncəsənəti kolleksiyası ilə tanınan muzeyin yeddimərtəbəli Şimal binası 1971-ci ildə istifadəyə verilib. Həndəsi formada tikilən kompleks modernizm üslubunda dizayn edilib. Layihəni isə italyan memar Gio Ponti və "Assoc" şirkətinin baş dizayneri James Sudler hazırlayıb. 3100 polad blokdan ibarət konstruksiya 2740 tonluq dayağın üzərində quraşdırılıb.

Titan panellərdən hazırlanan konstruksiyanın ümumi sahəsi 21000 kvadratmetrdir. Dekonstruktivizm üslubunda dizayn edilən bina bir-birinə paralel və perpendikulyar olmayan 20 maili müstəvidən ibarətdir. Qərb Sahili ilə Çikaqo arasındakı ən böyük sənət muzeylərindən biri olan Denver muzeyində 68.000-dən çox eksponat var. Doqquz şöbədən ibarət muzeydə interaktiv təhsil sistemi şöbəsi fəaliyyət göstərir.  Kompleks mütəmadi olaraq müxtəlif sərgilərə  ev sahibliyi edir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".