SAĞLAM HƏYAT
Səhiyyə

SAĞLAM HƏYAT

Payızda saçlarımız niyə tökülür?

Adətən payız fəsli girəndə  saçlarımız tökülməyə başlayır. Bəs bu hal normaldır, yoxsa patologiyadır? Mütəxəssislər mövsümi saç tökülməsinin səbəblərini açıqlayıblar.

Əslində, payızda tüklərin tökülməsi təbii prosesdir. Payızda orqanizm dəyişən havaya uyğunlaşır. Günəş azalır, insan havada az olur və baş geyimlərindən çox istifadə edilir. Saç itkisi əvvəlki insolyasiya (Günəş radiasiyası axını), yəni isti hava və Günəşin təsirləridir ki, payızda özünü büruzə verir. İnsolyasiya baş dərisi problemlərini - alopesiya, psoriaz və s. kimi xəstəlikləri də aktivləşdirir.

Eyni zamanda payız qrip və respirator xəstəliklər mövsümü olduğundan  immnunitetin azalması ilə  müxtəlif xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olur və saçlara neqativ təsir göstərir. Qeyd edək ki, avitaminoz, stres və bəzi dərmanlar da saçların tökülməsinə gətirib çıxarır. Problemi çözüb səbəbi tapmaq üçün həkim trixoloqla məsləhətləşmək lazımdır. Beləliklə, saç tökülməsi həm ayrıca xəstəlik, həm də başqa səbəbdən ola bilər. Məhz bu səbəbdən trixoskopiya üsulu vasitəsilə  saç kökləri müayinə edilib, diaqnoz  dəqiqləşdirilməlidir.

Soğanın hansı rəngi daha faydalıdır?

Soğan elə bir tərəvəzlərdəndir ki, demək olar bütün yeməklərin hazırlanmasında istifadə edildiyindən hər kəsin mətbəxində olur. Hər gün istifadə etməyimizə baxmayaraq, çoxlarımız onun faydalı xüsusiyyətlərindən xəbərdar deyilik. Hətta qoxusundan narahat olub ondan tamamilə imtina edənlər də var. Halbuki, soğan orqanizmimiz üçün ən faydalı tərəvəzlərdəndir. Bəs onun hansı rəngi daha faydalıdır: ağ, sarı, yoxsa qırmızı?

Kanadalı elm adamlarının araşdırmaları göstərib ki, bütün soğan növləri arasında qırmızı soğan daha çox faydalı xüsusiyyətlərə malikdir. Belə ki, qırmızı soğanın tərkibində olan kversetin və antosian antioksidantlarının damarları möhkəmləndirmək və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaltmaq xüsusiyyətləri ortaya çıxıb. Sözügedən maddələr orqanizmi köhnə hüceyrələrdən təmizləyir, qocalma prosesini ləngidir, sərbəst radikalların dağıdıcı təsirini azaldır. Mütəxəssislər, həmçinin müəyyən ediblər ki, digər soğan növləri ilə müqayisədə qırmızı soğan xərçəng əleyhinə daha güclü təsirə malikdir. Bundan əlavə, araşdırmalar zamanı məlum olub ki, qırmızı soğan  immunitet sistemini də  stimullaşdırır.

Qeyd edək ki, faydalı xüsusiyyətlərinə görə, ikinci yerdə sarı, üçüncü yerdə isə ağ soğan yer alır.

Kimlərə "yod kletkası" çəkmək olmaz?

Yəqin elə bir insan tapılmaz ki, ömründə bir dəfə də olsa  bədəninə  "yod kletkası" çəkilməsin. Bəs xalq arasında geniş istifadə edilən bu üsul həqiqətən orqanizmə fayda  verirmi?

"Yod kletkası"ndan adətən  daha çox soyuqdəymə və osteoxondroz ağrıları zamanı  istifadə edilir. Dəriyə yod çəkildiyi zaman dərialtı kapilyarlarda genişlənmələr baş verir ki, bu da həmin nahiyəyə qan axınını sürətləndirir və ağrı hissini azaldır. Dəridə kiçik iltihabi nahiyələrə yod sürtülən zaman iltihaba uğramış toxumalarda da qan axını sürətlənir. Bu isə iltihab əlamətlərini tez bir zamanda aradan qaldırır.

Bu cür müalicə vasitəsi yuxarı tənəffüs yolları (angina, bronxit, laringit və s.), əzələ, yumşaq toxumaların iltihabı və travmaları (miozit, bağların dartınması, hematoma və s.) zamanı da çox geniş  tətbiq edilir. Lakin bəzi insanlar üçün bu vasitədən istifadə ziyanlı ola bilər. Xüsusilə kiçikyaşlı uşaqlara (5 yaşadək) "yod kletkası"ndan istifadə tövsiyə edilmir. Belə ki,  yod molekulları uşağın dərisindən qana asanlıqla keçə bilir və bu da azyaşlının orqanizmində yodun səviyyəsinin artmasına səbəb olur. Bu isə qalxanvari vəzinin fəaliyyətinə mənfi təsir edə bilər. Hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması ilə müşayiət olunan xəstəlik) zamanı da bu üsuldan  istifadə etmək qəti şəkildə olmaz. Bundan əlavə, yodla müalicə alan, yod preparatlarını qəbul edən insanlar, hamilə qadınlar da bu müalicə üsulundan  imtina etməlidir. Həmçinin yüksək hərarət zamanı da "yod kletkası"ndan istifadə qəti şəkildə məsləhət görülmür.

Ananas yeyərkən dilimiz niyə acışır?

Adətən ananas yeyərkən dilimiz acışır. Bəs bu  xoşagəlməz hal hansı  səbəbdən baş verir?

Dildə yaranan ağrıya meyvənin tərkibindəki bromelain adlı maddə səbəb olur. Ananasın meyvəsində,  daha çox isə onun gövdəsində olan bu maddə qısa müddətdə zülalları parçalamaq və həzmini asanlaşdırmaq gücünə malikdir. Qeyd edək ki, meyvənin tərkibindəki  sözügedən maddənin miqdarı orqanizmə  kəskin zərər verə biləcək səviyyədə deyil və ananas mədəyə ötürüldükdən sonra mədə turşuları hesabına parçalanır.  

Sağlamlıq baxımından da çox faydalı olan bu meyvə  arterial təzyiqi aşağı salır, qanı təmizləyir, ürək-damar xəstəliklərinin əmələgəlmə riskinin qarşısını alır. Ananasın tərkibindəki  bromelain fermenti orqanizmin cavanlaşmasına və artıq piylərdən azad olmasına da kömək edir. Bu maddə arıqlamaq üçün müasir tibdə istifadə olunan aktiv qida əlavələrindən biridir. Ona görə də artıq çəkidən azad olmaq istəyənlər üçün ananas ən yaxşı qida vasitəsidir. Onun tərkibində olan serotonin hormonu aclıq hissinin aradan qalxmasına səbəb olur. Məhz bu səbəbdən, bəzi dietoloqlar orqanizmin çəkisinin azalması və artıq şlaklardan xilas olması üçün  pasiyentlərinə həftədə bir dəfə "ananas günü"  təyin edirlər. Onu da qeyd edək ki, qastritdən əziyyət çəkənlərə və mədə turşuluğu çox olan adamlara ananasdan çox istifadə eləmək olmaz. Bu, əlamətlərin artmasına və xəstənin narahatlığına səbəb ola bilər.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".