Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 18-ci günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

14 oktyabr

  • Vətən müharibəsinin 18-ci günündə Azərbaycan Silahlı Qüvvələri Füzuli və Xocavənd istiqamətində uğurlu döyüş əməliyyatlarını davam etdirib.
  • Azərbaycan Ordusu gecə və səhər saatlarında Ermənistan silahlı qüvvələrinin ümumilikdə 3 ədəd "Elbrus" raket qurğusunu raketlərlə birlikdə məhv edib. Cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən vurulub. Ermənistanın növbəti əməliyyat-taktiki ballistik raket kompleksi dəqiq zərbə ilə sıradan çıxarılıb.
  • "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Prezident İlham Əliyev rəsmi tviter səhifəsində belə bir paylaşım edib.
  • Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrimiz tərəfindən məhv edilən əməliyyat-taktiki raket komplekslərinin mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutmaq məqsədilə start mövqeyinə çıxarılmasının videogörüntülərini paylaşıb.
  • Prezident İlham Əliyev Fransanın "France 24" televiziya kanalına müsahibə verib: "Sizə deyə bilərəm ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə. Əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik. Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu, onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır onlar bütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan tapıblar, çox güman ki, onu pulsuz əldə ediblər".
  • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 14-ü saat 12:00-dək 43 mülki şəxs həlak olub, 214 nəfər isə xəsarət alıb, 1505 ev, 66 çoxmənzilli yaşayış binası və 277 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
  • Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl şəhərinin videogörüntüsünü paylaşıb.
  • Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd "Osa-AKM" ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası sıradan çıxarılıb.

"Respublika".