Milli Məclisin cavab bəyanatı bütün arqumentləri darmadağın etdi
Digər xəbərlər

Milli Məclisin cavab bəyanatı bütün arqumentləri darmadağın etdi

Bildiyiniz kimi, 5 oktyabr tarixində Avropa Parlamenti qərəzli şəkildə Azərbaycana qarşı iftirayla dolu məkrli bir qətnamə qəbul etmişdir. Fransanın təşəbbüsü ilə Avropa Parlamentində Azərbaycana qarşı atılan bu addım qurumun qərəzliliyini növbəti dəfə sərgilədi.

Fransa düşünürsə ki, Azərbaycana təzyiq etmək, güc dilində danışmaq mümkün olacaq, bu alınmayacaq. Çünki Azərbaycan dövləti öz milli maraqlarını heç bir təzyiqə, heç bir güc dili ilə danışanların fikirlərinə baxmadan formalaşdırır. Bildiyiniz kimi, həmin iftira dolu, azərbaycanofobiya, türkiyəfobiya, islamofobiya elementlərini özündə ehtiva edən qətnaməyə qarşı Milli Məclisin çox kəskin sərt bəyanatı oldu. Milli Məclisin bəyanatında Avropa Parlamentində səslənən bütün iftira dolu məqamların hamısı ifşa olunaraq rədd edildi.

Avropa Parlamentinin qətnaməsi, korrupsioner siyasətçilərin mövqeyi onu göstərir ki, yeni geosiyasi reallığa uyğun olaraq Azərbaycanın öz suverenliyini tam bərpa etməsi, xunta rejiminin regiondakı varlığının sona çatdırılması onları ciddi narahat edir. Çünki onlar erməni diasporunun pulu ilə maliyyələşən, erməni maraqlarına xidmət edən siyasətçilərdir. Azərbaycanın Qarabağ bölgəsində "boz zona"nın, qanunsuz xunta rejiminin mövcud olması onların maraqlarına xidmət edirdi. Parlamentarilərin siyasi fəaliyyəti tamamilə bu xunta rejimini, separatizmi dəstəkləyir. Ancaq bu separatizmə son qoyulması onların planlarını alt-üst etdi. Təbii ki, bu halda da Fransa Avropa Parlamentindən bir alət kimi bizə qarşı istifadə etmək cəhdi ilə ortaya çıxdı. Ancaq dediyimiz kimi, Avropa Parlamentinin bu sənədi bizim üçün bir kağız parçasından artıq dəyərə malik deyil.

Avropa Parlamentinin qətnaməsində bəzi absurd fikirlər var: sanksiyaların tətbiq edilməsinə çağırış, xristian təəssübkeşliyi məsələləri və s. Bunlar anlamırlar ki, Azərbaycan beynəlxalq hüquqa əsasən öz torpaqlarını azad edib və suverenliyini bərpa edib. Antitürk, antiislam, anti-Azərbaycan elementləri əks olunan Avropa Parlamentinin qətnaməsi daha çox onların özlərini ifşa edir, maskalarını yırtır və öz nifrət dolu Azərbaycanofobiya hisslərini ortaya qoyur.

Azərbaycan öz milli maraqlarını qətiyyətli şəkildə qoruyur. Dövlət başçımızın uğurlu hücum diplomatiyası bu gün öz sözünü deyir. Məhz bunun nəticəsidir ki, bütün planlar alt-üst edilir. Qeyd etdiyim kimi, Milli Məclisin bugünkü cavab bəyanatı da bu qəbildəndir. Bu bəyanat Avropa Parlamentinin bütün yalançı, məkrli siyasətini ifşa etmişdir.

Tural Gəncəliyev,

Milli Məclisin deputatı.