Torpaq şəhid qanı ilə Vətən olur
Digər xəbərlər

Torpaq şəhid qanı ilə Vətən olur

Vətən üçün canından keçib şəhidlik zirvəsinə ucalan mərd oğullarımızdan biri də  Lerik rayon Xəlifəkücə kəndində dünyaya göz açan Azərbaycan Ordusunun zabiti, kapitan Cəlil Ağaddin oğlu Cavadovdur.

2003-cü ildə orta məktəbin 8-ci sinfini bitirən Cəlil C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Liseyi bitirdikdən sonra 2006-cı ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə oxuyub və 2010-cu ildə motoatıcı ixtisası üzrə ali təhsilini başa vurub. İkinci Qarabağ müharibəsində tabor komandiri müavini vəzifəsində Füzuli, Qubadlı, Cəbrayıl, Hadrut istiqamətlərində rəşadətlə döyüşüb. Vətəninə, torpağına bağlı dağlar qartalı Xocavənd istiqamətində gedən ölüm-dirim savaşında qəhrəmancasına şəhadətə yüksəlib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən kapitan Cəlil Cavadov ölümündən sonra "İgidliyə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə"  medallarına layiq görülüb.

Şəhid Cəlil Cavadovun anım mərasimi keçirilib. Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasovun, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyevin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, kənd sakinləri və şəhidin ailə üzvlərinin qatıldığı mərasimdə şəhidin xatirəsi ehtiramla yad edilib.

Zəfər ORUCOĞLU.