Təki vətən sağ olsun
Sosial həyat

Təki vətən sağ olsun

Daşkəsənli şəhidlər Süleymanov Turxan İdris oğlunun və Verdiyev Nihad Nicat oğlunun anım günlərində və şəhid Məmmədov Elnur İsrafil oğlunun doğum günündə Daşkəsən Rayon və Gəncə Şəhər Şəhidlər xiyabanlarında keçirilən mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, Türkiyənin Gəncə şəhərindəki baş konsulu Recep Öztop, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhidlərin valideynləri, yaxınları, digər şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə, şəhidlərin məzarları ziyarət edilib, üzərinə tər qərənfillər düzülüb, xatirələri böyük ehtiramla anılıb, dualar oxunub.

Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açaraq bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətini, gücünü əyani şəkildə gördük. Onlar bizim qəlbimizdəki 30 illik Qarabağ həsrətinə son qoydular. Şəhidlərimiz Azərbaycan oğullarının qəhrəman, igid, yenilməz olduqlarını sübut etdilər. Onlar Azərbaycanın hər bir vətəndaşına örnək olan bir həyat yolu keçdilər. Şəhidlər təkcə valideynlərinin deyil, hər bir azərbaycanlının, Azərbaycanı sevənlərin əzizi, doğmasıdır. Onlar Azərbaycan tarixində, xalqımızın yaddaşında əbədi yaşayacaqlar.

Şəhid ailələrinin üzvləri birmənalı bildiriblər ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun igidliyi nəticəsində Vətən müharibəsində qələbə qazanıldı. Şəhidlərin qanı yerdə qalmadı. Övladlarımızın döyüşçü yoldaşları onların yarımçıq qalan işlərini sona qədər tamamladılar. Biz övladlarımızla fəxr edirik "TƏKİ VƏTƏN SAĞ OLSUN".

Sonda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".