ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

Günəşdəki nəhəng “dəlik" planetimizə yönəlib

Astronomlar Günəşin üzərindəki nəhəng dəliyin birbaşa Yer planetinə doğru yönəldiyini müəyyən ediblər. Məlum olub ki, bu dəlik günəş küləyini dayanmadan birbaşa planetimizə doğru sovurur. Qeyd edək ki, bu yaxınlarda Günəşin ekvatoru yaxınlığında tac dəliyi kimi tanınan nəhəng qaranlıq bölgə yaranıb. İndi isə həmin dəlikdən yerə doğru son dərəcə sürətlə günəş küləyi əsir. Maraqlısı budur ki, bu qaranlıq bölgəyə 60 Yer planeti də sığa bilər. Məlumatlara görə, tac dəliyi kimi tanınan nəhəng qaranlıq bölgə dekabrın 2-də Günəşin ekvatoru yaxınlığında əmələ gəlib və 24 saat ərzində maksimum eninə, təxminən 800.000 kilometrə çatıb. Habelə Günəşdəki nəhəng "dəlik" dekabrın 4-dən birbaşa olaraq Yer planetinə yönəlib.

Məlumat üçün qeyd edək ki, Günəşin ən xarici təbəqəsi tac adlanır. "Tac dəlikləri" demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir, buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir. Tac dəliyi bir neçə gün ərzində radio dalğalarının zərər görməsinə və ya güclü şimal işıqlarının yaranmasına gətirib çıxara bilər.

Araşdırmalar göstərir ki, tac dəliklərindən gələn radiasiya axınları adi günəş küləyindən daha sürətlidir və tez-tez geomaqnit qasırğaları ilə Yerin maqnit qalxanında pozulmalara səbəb olur. Günəş aktivliyindəki bu artımlar, əsasən Günəş maksimumunun astanasında olduğumuzun əlamətidir.

Tıxacda qalmaq sağlamlığa zərər verirmiş

Hər gün mənzilbaşına çatmaq üçün demək olar ki, günümüzün xeyli hissəsi tıxacda keçir. Amerikalı alimlər müəyyən ediblər ki, tıxacda qalmaq nəinki vaxt itkisinə, həm də sağlamlığımıza zərər verir. Belə ki, Vaşinqton Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, tıcaxda qalmaq gün ərzində qan təzyiqinin artmasına səbəb olur. Maraqlısı budur ki, bu faktorun stres ilə heç bir əlaqəsi yoxdur. Tıxacda qalan insanların sağlamlığına ən çox təsir edən səbəb avtomobillərdən çıxan tüstülərdir.

22-45 yaş arası 16 nəfərin iştirak etdiyi tədqiqatda, elm adamları adi bir avtomobillə müqayisədə HEPA filtrli avtomobildə gəzintidən sonra qan təzyiqinin 4,5 mmHg yüksəldiyini müəyyən ediblər. Təcrübələr zamanı məlum olub ki, HEPA filtr olmayan avtomobillərdə səyahət edən və tıxacda qalan sürücülərdə anormal qan təzyiqi səviyyəsi 24 saat davam edir.

Ümumiyyətlə, böyük şəhərlərdə çirkli havanın olması artıq hər kəsə məlumdur. Hətta bu yaxınlarda bununla bağlı da araşdırma aparılmışdı. Nəticədə isə məlum olmuşdu ki, iri şəhərlərin havasında ən təhlükəli zərərli hissəciklər mövcuddur. Onların diametri təxminən 100 nanometrdir ki, bu da sağlamlığa zərər vermək üçün kifayətdir.

“WhatsApp"a daha bir funksiya əlavə edildi

"Meta" şirkəti "WhatsApp"a yeniliklər etməkdə davam edir. Bu dəfə isə texnologiya nəhəngi mesajlaşma platformasına birdəfəlik səsli mesaj funksiyasını əlavə edib. Bunun əsas səbəbi isə istifadəçilərin mesajlarının məxfiliyini artırmaqdır. Belə ki, göndərilən səsli mesaj "bir dəfə bax" tətbiqindən istifadə etməklə dinlənildikdən sonra yox olacaq.

Şirkətdən verilən məlumata görə, bu funksiya sayəsində istifadəçilər öz kart məlumatlarını birdəfəlik səsli mesaj vasitəsilə başqasına göndərə bilər. O cümlədən həssas məlumatları və ya sürprizləri bu funksiya ilə indi rahatlıqla etmək mümkündür. Yeni funksiyadan istifadə edə bilmək üçün eynilə foto və videolarda olduğu kimi, birdəfəlik işarəsi seçilməlidir. Bununla da sizin səsli mesajınız başqaları tərəfindən yalnız bir dəfə oxuna bilər. O cümlədən bu mesaj başqasına ötürülə bilməz. Şirkət bildirir ki, bütün şəxsi mesajlarınız kimi, səsli mesajlarınız da şifrələmə ilə qorunur.

Yeni funksiya artıq bir çox bölgələrdə istifadəyə verilib. Məlumata görə, funksiya tədricən bütün bölgələrdə yerləşən istifadəçilər üçün əlçatan olacaq.

Süni intellektlə meyvə-tərəvəzlərin saxlanma müddəti uzadılacaq

Abdullah Gül Universitetinin (AGU) alimləri süni intellekt texnologiyasından istifadə edərək meyvə-tərəvəz və çiçəklərin saxlanma müddətini uzada bilən cihaz hazırlayıblar. Bu barədə "Trt Haber" saytı məlumat yayıb.

Süni intellektlə yanaşı, əşyaların internet texnologiyasından da (ing. internet of thing(İoT) -  ağıllı cihazların  bir-birilə əlaqədə olması) istifadə edilərək hazırlanan  "FreshSens" adlı  ağıllı qutu 1,7 milyon lirəyə başa gəlib. Kənd təsərrüfatı məhsullarının saxlama müddətini ən az 2 dəfə artıran qutu təxminən 600 litr həcmə, orta hesabla 200 kiloqram məhsul tutumuna malikdir.

AGU-nun kompüter mühəndisliyi kafedrasının müdiri, professor Çağrı Güngör məhsulların ağıllı qutulara yığılan kimi yerləşdirilməli olduğunu bildirib. Qutunun seçici qaz keçiriciliyinə malik olan  qapaqlarının  oksigen və karbon dioksid nisbətlərini tənzimlədiyini söyləyən Güngör bu yolla məhsulların saxlama müddətinin uzadıldığını izah edib.

Müxtəlif kənd təsərrüfatı məhsulları üzərində təcrübələr aparılıb. Məsələn, normal şəraitdə 10 gün saxlanıla bilən gilas, nar, əncir və digər kənd təsərrüfatı məhsullarının raf ömrünün yeni cihaz sayəsində 44 günə qədər artdığı müəyyən edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".