Torpaq kanallar beton üzlüyə alınır
Region

Torpaq kanallar beton üzlüyə alınır

Hacıqabul rayonu iqtisadiyyatının əsasını təşkil edən aqrar sahəyə xidmət göstərən Hacıqabul Suvarma Sistemləri İdarəsinin vəzifəsi 2023-cü ildə rayonun 19 min hektardan artıq suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərini, meşə zolağını və 34 min hektar qış otlaqlarında su təminatını həyata keçirməkdən, mülkiyyətdə olan suvarma sistemlərinin  istismarını təşkil etməkdən, bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.

Bu əsas vəzifənin yerinə yetirilməsi üçün idarənin balansında olan suvarma sistemlərinin qorunub saxlanılması, onların normal iş rejimində istismar olunmasına ciddi diqqət yetirilir. Su itkisinin qarşısının alınması istiqamətində idarə tərəfindən hər il işlər həyata keçirilir. Bunlara bariz nümunə olaraq hazırda beton üzlüyə alınan Ələtli kanalını göstərmək olar. Ələtli kanalının beton üzlüyə alınması xidməti ərazisində olan əkin sahələrinin suvarılmasını yaxşılaşdıracaq.

Ümumilikdə Hacıqabul rayonunda bu il müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilib və əkinin mövsümə  uyğun davam etdirilməsi nəzərdə tutulub.

İdarə tərəfindən ötən il 78 ədəd hidrotexniki qurğu, 2 km   nov kanallar, 3 km beton kanallarda, 2 km boru xətlərində, 7 ədəd mülki və istehsalat binasında, 7 ədəd nasos stansiyada cari təmir işləri yerinə yetirilib. Əsaslı təmir işləri üzrə boru kəmərində 1,3 km məsafədə 200 mm-lik polietilen borudan  yeni boru xətti  çəkilib. Bundan başqa, 23 ədəd hidrotexniki qurğu, 1 km nov kanallar, 2,5 km beton kanallarda, 1 km boru xəttində, 5 ədəd mülki və istehsalat binalarında, 4 ədəd nasos  stansiyada cari təmir işləri həyata keçirilib.

Nəriman CAVADOV,

"Respublika".