Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Ənənəmizə uyğun olaraq dünya düzəninin dəyişməsinə səbəb olacaq ən mühüm hadisələrdən olan "Qoşulmama Hərəkatı" haqqında yazını oxuculara təqdim edirik.

"Respublika".

Qoşulmama Hərəkatı

Bu gün bəşəriyyətin təkamülü, dünya düzəninin yenidən formalaşması prosesində ən böyük beynəlxalq təsisat kimi Qoşulmama Hərəkatı da xüsusi əhəmiyyətə malikdir. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında böyük rol oynayan Hərəkatın başlıca məramı dünyanın inkişaf etməkdə olan ölkələrinin birlik və həmrəyliyini təmin etmək, öz tərəfsizliyini qoruyub saxlamaqdır.

Qoşulmama Hərəkatı (QH) heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən BMT-dən sonra ən böyük təsisatdır. 1955-ci ildə İndoneziyada keçirilən Bandunq konfransının prinsipləri əsasında Qoşulmama Hərəkatı 1961-ci ildə Yuqoslaviyanın Belqrad şəhərində 25 ölkə başçısının iştirakı ilə Yuqoslaviya prezidenti İosif Broz Tito, Hindistanın ilk baş naziri və prezidenti Cəvaharial Nehru, Misir prezidenti Camal Abdel Nasir, İndoneziya prezidenti Sukarno, Qananın ilk baş naziri və prezidenti Nkrume Kvamenin təşəbbüsü ilə yaradılmışdır. Qoşulmama Hərəkatı dünya əhalisinin 55 faizini təşkil edir. Hərəkatın daimi katibliyi yoxdur. Sədrlik iyerarxiya prinsipi üzrə deyil, sıra prinsipi əsasında bütün üzv dövlətləri ehtiva etməklə səs çoxluğu ilə təyin olunur.

Hərəkat rəsmən yaradılmış olduğu tarixdən etibarən bitərəf dövlətlərin təsisatı olaraq öz toplantılarında dünyada gedən prosesləri müzakirə etsə də, onun bu proseslərin gedişinə təsir etmək imkanı heç vaxt real görünməyib. Dünyada baş verən hadisələrə fəal müdaxiləsi isə məhz 2019-cu ildə Azərbaycanın bu təşkilata sədrliyi ilə başlayıb. Pandemiyanın lap başlanğıcında, dünya üçün qlobal müharibələr qədər təhlükəli olan bir şəraitdə təşkilata sədrliyi qəbul edən Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətinə o zamanadək görünməmiş bir canlanma gətirdi. Bütün dünyanın COVID-19 pandemiyası qarşısında aciz qaldığı bir zamanda Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi koronavirusa qarşı mübarizədə qlobal həmrəyliyin təmin olunması üçün cəsarətli təşəbbüslər irəli sürdü və Dünya Səhiyyə Təşkilatının moderatorluğu altında bütün dövlətlərin əməkdaşlığa cəlb olunmasına nail oldu.  Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürdü və həmin qətnamə yekdilliklə qəbul olundu.

2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə QH-yə sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəyə etimadın göstəricisi kimi Hərəkata sədrliyi daha bir il uzadıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb. Ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyası ilə əlaqədar dünyanı sarsıdan qlobal səhiyyə böhranı dövrünə təsadüf etsə də, Azərbaycan özünün sədrlik gündəliyini çevik və effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu.

Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması oldu. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada "COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi"nə dair qətnamələr qəbul edildi.

Qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmadı. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi.

2019-cu ildə keçirilən Bakı sammitində dövlətimizin başçısı ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusi diqqətin ayrılmalı olduğunu da bildirmişdi. Bunun məntiqi nəticəsi olaraq bu ilin martında ölkəmizdə keçirilən Qoşulmama Hərəkatının sammiti zamanı Prezident İlham Əliyev inkişaf edən kiçik ada dövlətləri və Afrika ölkələrinin pandemiyadan sonra daha yaxşı bərpası üçün Qlobal Çağırışlar elan etdi və ilk donor olaraq ölkəmiz bu məqsədlə hər iki Çağırışa 1 milyon ABŞ dolları məbləği ayırdı.

Eyni zamanda 2021-ci ildə Prezident İlham Əliyev Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda çıxışı zamanı Hərəkata üzv dövlətlərin artıq təsisatlanma ideyası üzərində düşünmələrinin vacibliyini qeyd etmişdi.

2021-ci ildə Prezident İlham Əliyev Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Serbiyada postpandemiya dövrünün müzakirə edilməsi məqsədilə Hərəkata üzv ölkələrin yüksək səviyyəli görüşünün keçirilməsi təklifi ilə çıxış etdi. Beləliklə, bu il martın 2-də Azərbaycanda Qoşulmama Hərəkatının COVID-19-a cavab üzrə Təmas Qrupunun növbəti sammiti uğurla keçirildi. Burada mövzu artıq pandemiyadan sonrakı dünya idi. Beynəlxalq sülh və təhlükəsizlik, beynəlxalq hüququn işləməməsi, ədalətin bərqərar olmasının vacibliyi, Şərq-Qərb ziddiyyətlərinin artdığı, "soyuq müharibə" mentalitetinin hökm sürdüyü yeni dünya nizamında Qoşulmama Hərəkatı ölkələrinin yerinin və gələcək siyasətlərinin müəyyənləşdirilməsi əsas müzakirə predmetləri oldu. Bundan əlavə, sammit zamanı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səylərin gücləndirilməsi, ərzaq təhlükəsizliyi, su qıtlığı, iqlim dəyişikliyi kimi mühüm əhəmiyyət kəsb edən məsələlər də müzakirə edildi.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi vurğuladığı məsələlərdən biri də neokolonializmlə mübarizə məsələsidir. Dövlətimizin başçısı bu ilin martında baş tutan sammitdə vurğuladı ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Prezident İlham Əliyev Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.

Beləliklə, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Məhz Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrildi.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".