Yurd yerlərimiz bizi gözləyir...
Digər xəbərlər

Yurd yerlərimiz bizi gözləyir...

"Böyük Ermənistan" iddiası ilə 200 ildən artıq bir dövrdə türk xalqlarına qarşı düşmənçilik mövqeyində duran erməni şovinistləri özlərini "zavallı və əzabkeş" bir xalq kimi qələmə vermiş, güclü dövlətlərin qoltuq ağacına çevrilərək, qanlı terror hadisələri törətmişlər.

Rusiya imperiyası Cənubi Qafqazda möhkəmlənmək və özünün gələcək işğalçılıq planlarını həyata keçirməkdən ötrü Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsaslanaraq erməniləri İrandan və Osmanlı imperiyası ərazisindən kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına köçürməyə başladı.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq ölkəmizin ərazisində erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi. İran və Türkiyə sərhədlərində bufer xristian zolağı yaratmaq niyyətində olan Rusiya erməniləri başlıca olaraq Azərbaycanın İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərinə, habelə Qərbi Azərbaycanın münbit torpaqlarına köçürdü. Türkmənçay müqaviləsinin təsdiq edilməsinin ertəsi günü I Nikolay "erməni vilayəti" yaratmaq haqqında fərman imzaladı.

Erməni vandalları illər ötdükcə Qərbi Azərbaycan ərazilərində get-gedə azğınlaşır, azərbaycanlılara qarşı xəyanət toru hazırlayır, dinc şəraitdə yaşayan soydaşlarımıza min bir əzab-əziyyət verir, onları öz havadarlarının köməyi ilə yaşadıqları ərazilərdən sıxışdırıb çıxarırdılar.

Birinci Dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən erməni daşnakları öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən Qərbi Azərbaycanda erməni vandalları daha da azğınlaşdılar. Həmin vaxtlarda hayların törətdikləri cinayətlər Qərbi azərbaycanlıların yaddaşına əbədi həkk olundu. İrəvan şəhərində, Vedidə, Amasiyada, Göyçədə, Dərələyəzdə, Zəngibasarda, Lori-Pəmbək vadisində, Zəngəzurda və digər ərazilərdə minlərlə dinc əhali milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurur, insanları diri-diri yandırır, xalqımıza mənsub olan milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb viran edirdilər.

Mən əslən Qərbi Azərbaycanın Ağbaba mahalının Öksüz kəndindənəm. Vurğulamaq lazımdır ki, Amasiyanın əhalisi 1918-1920-ci illərdə erməni zülmündən xilas olmaq üçün Türkiyə, İran və Gürcüstana üz tutmuş, onların bir hissəsi 1922-ci ildə yenidən doğma yurdlarına qayıtmışlar.

Ermənistan SSR-in dövlət və hökumət rəhbərliyi türklərə qarşı düşmən münasibətlərini müxtəlif formalarda davam etdirdilər. Minlərlə qeyrətli, savadlı, mərd amasiyalı repressiya qurbanı oldu. Bir hissəsi güllələndi, bir hissəsi isə Sibirə, Qazaxıstana və başqa bölgələrə sürgün olundu. İkinci Dünya müharibəsi zamanı (1939-1945) Amasiyanın azərbaycanlı əhalisindən 1767 nəfər cəbhəyə getmiş, onlardan 888 nəfəri həlak olmuşdur.

1950-ci illərdən başlayaraq, xüsusilə də 1965-ci ildən sonra Ermənistan SSR-in başqa bölgələrində olduğu kimi, Amasiya rayonunda da türk kadrlarına qarşı ayrı-seçkilik siyasəti aparılırdı.

1948-1953-cü illərdə Qərbi azərbaycanlıların həyatında yenidən məşəqqətli günlər başlandı. İ.Molotov, İ.Stalin, Q.Harutyunov və digər ermənipərəst qüvvələrin təzyiqi ilə Qərbi azərbaycanlılara qarşı xəyanət toru hazırlandı. 150 min azərbaycanlı ata-baba yurdlarından "könüllülük" pərdəsi altında zorla Azərbaycanın Aran rayonlarına köçürüldü. Çoxları iqlim şəraitinə dözə bilmədi. Əlbəttə, bu, azərbaycanlılar üçün gözlənilməz zərbə, açıq respressiya idi. Bu qərarda heç bir arqument göstərilmədən nəyin bahasına olursa-olsun, azərbaycanlıların Ermənistandan köçürülməsi tələb olunurdu.

1970-1980-ci illərdə artıq SSRİ imperiyasının zəifləməsi prosesi gedirdi. Xalq arasında kommunizm utopiyasına inam azalırdı. İllərdən bəri formalaşmış inzibati amirlik sistemi artıq iflic vəziyyətinə düşmüşdü. M.Qorbaçov Sov. İKP MK-nın I katibi vəzifəsində işləyərkən ölkədə hərc-mərclik hökm sürürdü. Bu özbaşınalıqdan istifadə edən faşist xislətli ermənilər ölkə rəhbərini xaricdəki havadarlarının köməyi ilə ələ aldılar. Əsassız olaraq ermənilər Azərbaycana qarşı ərazi iddiası irəli sürdülər. 1987-ci ilin oktyabrında İrəvan şəhərindəki Puşkin adına parkda "Qarabağ komitəsi"nin ilk nümayişi keçirildi. Bu komitənin liderləri Qarabağı Ermənistana birləşdirmək üçün aktiv mübarizəyə qoşuldular.

Ermənistanı azərbaycanlılara qarşı nümayiş dalğası bürüdü. Daşnaklar "Türklərsiz Ermənistan" planlarını reallaşdırdılar. XX əsrdə xalqımız yenidən deportasiyaya məruz qaldı. 1988-ci ildə 300 min soydaşımız məcburən Qərbi Azərbaycandakı ata-baba yurdlarını tərk etməli oldu. "Qızıl Moskva" həmişəki kimi yenə də susdu…

18 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası hərtərəfli tədqiq edildi, bu tarixi cinayətə hüquqi-siyasi qiymət verildi.

Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar qədim Oğuz ellərindən, tarixi torpaqlarından ayrı düşmüşlər. O yurdun bütün sakinləri Vətən həsrəti ilə yaşayır. Xüsusilə, yaşlı nəslin nümayəndələri düşmən tapdağında olan doğma torpaqları üçün darıxırlar. 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan ordusu erməniləri ağır məğlubiyyətə uğratdı. 30 ilə yaxın erməni tapdağı altında olan torpaqlarımız işğaldan azad olundu. "Dəmir yumruq" Paşinyanı və onun komandasını ömürlük şoka saldı. İndi bizim əsas hədəfimiz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını reallaşdırmaqdır. Qərbi Azərbaycan İcmasında bu istiqamətdə məqsədyönlü iş aparılır.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşü olmuşdur. Həmin tədbirdə ölkə başçımız demişdir: "Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indi Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır…".

Qərbi Azərbaycana qayıdış bizim haqqımızdır. Zaman xeyrimizə işləyir. Biz çox tezliklə qəribsəmiş yurd yerlərimizə dönəcək, Arpaçayın nəğməli sahillərində "Ağbaba yallısı" gedəcəyik…

Elmar HÜSEYNOV,

Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyinin səlahiyyətli nümayəndəsi, "Azərbaycan Bayrağı" ordenli, ehtiyatda olan polkovnik.