“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76; 2007, № 10, maddə 933; 2008, № 6, maddələr 464, 475; 2013, № 1, maddə 19, № 6, maddə 618, № 11, maddələr 1240, 1306; 2017, № 7, maddə 1278; 2018, № 3, maddə 400, № 5, maddə 869; 2019, № 3, maddə 380, № 12, maddə 1893; 2020, № 7, maddə 829, № 11, maddə 1331, № 12 (I kitab), maddə 1452; 2021, № 8, maddə 895; 2022, № 6, maddə 584, № 12, maddə 1391; 2023, № 2, maddə 196; Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.0.1.14-cü, 4.0.2.4-cü, 7.0.10-4-cü, 7.0.14-cü və 11.1.8-ci maddələrin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və müvafiq olaraq aşağıdakı məzmunda 4.0.1.15-ci, 4.0.2.5-ci, 7.0.10-5-ci, 7.0.15-ci və 11.1.9-cu maddələr əlavə edilsin:

“4.0.1.15. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət.”;

“4.0.2.5. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət.”;

“7.0.10-5. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət – himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda.”;

“7.0.15. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət – himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda.”;

“11.1.9. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət – himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilə ləğv edildikdə.”.

2. 5.1-1-ci maddədə “maddəsində” sözü “və ya 4.0.1.15-ci maddələrində” sözləri ilə əvəz edilsin.

3. 9.1.11-ci maddədən “təyin edilir” sözləri çıxarılsın, həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.1.12-ci maddə əlavə edilsin:

“9.1.12. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət – himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilənin qüvvədə olduğu müddətə.”.

4. aşağıdakı məzmunda 9.6-cı və 10.2-2-ci maddələr əlavə edilsin:

“9.6. Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqdan sonra ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) ödənilməklə, həmin müqavilənin qüvvədə olduğu müddətə təyin edilir.”;

“10.2-2. Bu Qanunun 4.0.1.15-ci və 4.0.2.5-ci maddələrində nəzərdə tutulan müavinət himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilə əsasında himayədar valideynlərdən birinə təyin edilir.”.

5. 10.2-ci maddəyə “4.0.1.14-cü,” sözlərindən sonra “4.0.1.15-ci, 4.0.2.5-ci,” sözləri əlavə edilsin.

6. 12-ci maddə üzrə:

6.1. 12.1-ci maddəyə “müavinətlərin” sözündən sonra “(himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla)” sözləri əlavə edilsin;

6.2. 12.2-ci maddəyə “Müavinətlərin” sözündən sonra “(himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla)” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 may 2023-cü il.