DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSİYA VƏ İRANDAN DÜNYANI TƏƏCCÜBLƏNDİRƏCƏK ADDIM

Rusiya və İran enerji sahəsində Qərb hegemonluğu ilə mübarizə çərçivəsində öz “qaz OPEC”ini yarada bilər. Bu barədə “Sputnik” informasiya agentliyi “Al-Watan Suriya” qəzetinə istinadən xəbər verib.

Məlumata əsasən, Rusiya Qərbə qarşı qaz bazarında iki ən böyük rəqib arasında layihə üzərində işləyir. Moskva təkcə Türkiyənin qaz habının yaradılmasında deyil, həm də İranın enerji mərkəzinin yaradılmasında da iştirak edəcək. Bu, bütün dünyanı təəccübləndirib, çünki İranın “mavi yanacağı” Rusiya qazının birbaşa rəqibidir. Lakin başqa sözlə, Rusiya və İran digər ölkələrlə birlikdə “qaz OPEC”i yaratmaq niyyətindədirlər.

Eyni zamanda, nəşr qeyd edir ki, ən böyük enerji gücləri arasında yeni birgə layihə Qərb ölkələrini ciddi şəkildə narahat edir. Əgər bu reallaşarsa, o zaman Rusiya digər ölkələrlə müttəfiq olaraq enerji bazarının böyük hissəsinə nəzarət edəcək.

Bununla yanaşı, məqalə müəllifləri əlavə ediblər ki, layihənin potensialı çox böyük siyasi və iqtisadi çəkiyə malik olduğundan Rusiya və İran bir çox Qərb sanksiyalarından uğurla yan keçə bilər.

 

YENS STOLTENBERQ UKRAYNANI NATO-ya QƏBUL ETMƏYİ TƏKLİF EDİB

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Şimali Atlantika Alyansına üzvlüklə bağlı fəaliyyət planını yerinə yetirmədən qoşulması imkanları barədə razılığa gəlməyi təklif edib. Bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilir ki, Yens Stoltenberq müttəfiqlərinə özəl olaraq bəyan edib ki, Ukrayna müharibədən sonra NATO-ya üzv olmaq üçün fəaliyyət planını həyata keçirmədən üzv ola bilər. Onun sözlərinə görə, bunu hərbi və demokratik islahat saymaq olar.

Eyni zamanda, baş katib iyulda Vilnüsdə keçiriləcək sammitdə alyansın liderlərinin Ukraynanı bloka dəvət etmək fikrində olmadığını bildirib.

 

ABŞ-ın DÖVLƏT BORCU İLƏ BAĞLI YENİ ANTİREKORD

ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 32 trilyon dollar həddini keçib. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Maliyyə Nazirliyinin dərc olunmuş məlumatları sübut edir.

“Ümumi ödənilməmiş dövlət borcu 32 trilyon 39 milyard 244 milyon dollardır”, - deyə açıqlamada qeyd edilir.

Bununla yanaşı, ABŞ-ın dövlət borcunun əvvəlki səviyyəsi 31,95 trilyon dollar səviyyəsində qiymətləndirilir.

2022-ci ilin sonunda ölkənin dövlət borcu rekord həddə - 31,42 trilyon dollara çatıb. İkinci yeri 9,59 trilyon dollar borcu ilə Yaponiya, üçüncü yeri isə 3,75 trilyon dollarla Çin tutub.

Bu ərəfədə “The Economist” ABŞ hökumətinin borcunu qlobal iqtisadiyyat üçün təhlükə adlandırıb. Məqalədə qeyd edilir ki, defolt dünyanın ən mühüm maliyyə sisteminə inamı sarsıdacaq, büdcənin ciddi şəkildə kəsilməsi isə dərin resessiyaya səbəb olacaq.

 

FRANSADA BAŞ VERƏN GÜCLÜ ZƏLZƏLƏ DAĞINTILARA SƏBƏB OLUB

Fransada cümə günü axşam saatlarında baş vermiş 5,3 maqnitudalı zəlzələ nəticəsində ölkənin qərbində onlarca ev və bir neçə kilsə dağılıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, Deux-Sevr departamentinin prefekturası bu barədə şənbə günü səhər məlumat yayıb.

Qeyd edilir ki, yeraltı təkanların episentri 277 min insanın yaşadığı Nant şəhərindən 127 kilometr cənub-şərqdə yerləşib.

Departament rəsmilərinin məlumatında bir nəfərin yüngül xəsarət aldığı qeyd olunur. Zəlzələ mühüm maddi zərərə, o cümlədən daşların tökülməsinə, çatlara və damların qismən uçmasına səbəb olub.

Təhlükəsizliyi təmin etmək məqsədilə sakinlər müvəqqəti olaraq qohumlarının evlərinə və ya xüsusi şəhər meriyası tərəfindən ayrılan binalara köçürülüb.

Qeyd edək ki, iyunun 17-də səhər saat 04:27-də seysmoloqlar ilkin zəlzələ rayonunda daha növbəti yeraltı təkanlar qeydə alıblar. Zəlzələnin maqnitudası 5,3-5,8 olaraq qiymətləndirilir.

 

TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRİ: İXRAC MƏHDUDİYYƏTLƏRİ QƏBULEDİLMƏZDİR

Türkiyəyə qarşı olan ixrac məhdudiyyətləri qəbuledilməzdir. “Trend” agentliyinin məlumatına görə, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler bəyan edib.

“Müttəfiqlərimiz tərəfindən ixrac məhdudiyyətlərinə məruz qalmağımız qəbuledilməzdir. Bu məhdudiyyətlər təkcə ölkəmizin təhlükəsizliyini təmin etmir, eyni zamanda NATO-nun təhlükəsizliyinə də mənfi təsir göstərir”, - deyə nazir vurğulayıb.

Eyni zamanda, Yaşar Gülerin sözlərinə görə, Türkiyə NATO-nun açıq qapı siyasətini dəstəkləyir.

“PKK/YPG/PYD, FETÖ, İŞİD, “Əl-Qaidə” və digər terror təşkilatlarına qarşı sona qədər mübarizə aparacağıq. Bu mövzuda bütün müttəfiqlərimizdən tam dəstək gözləyirik”, - deyə nazir əlavə edib.

İsveçin NATO-ya üzvlüyü məsələsinə toxunan nazir qeyd edib ki, İsveç 28 iyun 2022-ci ildə Türkiyə və Finlandiya arasında imzalanan Üçtərəfli Memorandumda qeyd olunan öhdəlikləri yerinə yetirərsə, NATO-ya üzv ola bilər.

 

TÜRKMƏNİSTANDA YENİ ŞƏHƏRİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLƏCƏK

Türkmənistanda iyunun 29-da Arxadağ adlı yeni şəhərin açılışı olacaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.

Bildirilir ki, şəhər Ahal vilayətinin yeni inzibati mərkəzi statusunu daşıyacaq. Həmçinin vurğulanır ki, şəhərin əhalisi təxminən 73 min nəfər olacaq.

Ölkə tarixində ilk dəfə qanunvericilik səviyyəsində şəhərə dövlət əhəmiyyətli şəhər statusu verilib. Məlumat üçün qeyd edək ki, hətta paytaxt Aşqabad belə statusa malik deyil.

Türkmənistanın paytaxtından 30 kilometr aralıda yerləşən Arxadağ şəhərinin tikintisinə türkmən xalqının ümummilli lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə 2019-cu ildə başlanılıb. Arxadağın “ağıllı şəhər” sistemi əsasında idarə olunması planlaşdırılır. Şəhər ekoloji cəhətdən təmiz nəqliyyatdan istifadə edəcək və “ağıllı dayanacaqlar”, eləcə də günəş panelləri quraşdırılacaq.

 

ÇİN İLK TORİUM NÜVƏ REAKTORUNU İŞƏ SALMAĞA HAZIRLAŞIR

Çin ölkənin ilk torium reaktorunu istifadəyə verməyə hazırlaşır. “Trend” agentliyinin məlumatına görə, ölkə hakimiyyəti 2 meqavat gücündə olacaq bu reaktorun istismara verilməsini təsdiqləyib, lakin ilkin olaraq bir sıra sınaqlar aparılacaq.

Məlumata görə, torium reaktorlarının adi nüvə reaktorlarından daha təhlükəsiz və ekoloji cəhətdən təmiz olduğu bildirilir, eləcə də onlarda enerji yaratmaq üçün uran əvəzinə toriumdan istifadə edirlər. Digər tərəfdən, torium urandan daha əlçatan elementdir və ehtiyatları da daha çoxdur.

Qeyd edək ki, Çin torium reaktoru texnologiyasını fəal şəkildə inkişaf etdirən azsaylı ölkələrdən biridir. Hesabata görə, Çin 20 min ildən artıq bir müddətdə ölkənin ehtiyaclarını ödəyə biləcək qədər böyük torium ehtiyatına malikdir. Başqa sözlə, Çindəki torium ehtiyatı ölkə üçün 20 min il elektrik enerjisi istehsal edə biləcək.

Ölkə rəsmiləri ümid edirlər ki, torium reaktorları gələcəkdə əsas enerji mənbəyinə çevriləcək və bunun sayəsində qalıq yanacaq istehlakı, eləcə də karbon qazı emissiyaları azalacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.