Ekofəalların tələbləri yerinə yetirilməlidir
Digər xəbərlər

Ekofəalların tələbləri yerinə yetirilməlidir

Ölkəmizin Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı yönəlmiş Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası artıq 131 gündür ki, davam edir. Aksiya iştirakçıları dünya ictimaiyyətini ekologiyanı qorumağa, bu qeyri-qanuni fəaliyyəti gözardı etməməyə çağırırlar.

Ekoaktivistlər haqlı narazılıqlarını nümayiş etdirərək tələbləri yerinə yetirilənə qədər aksiyanı davam etdirməkdə israrlıdırlar. Etirazçıların toplaşdığı yol ilk gündən etibarən humanitar məqsədlər üçün tam olaraq açıqdır. Etirazçılar həmişə olduğu kimi, bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Fəallar Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyur, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının təhlükəsizliyi də yüksək səviyyədə təmin olunur. Bu məqsədlə, Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər əraziyə cəlb edilmişdir. Xatırladaq ki, aksiya Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən keçirilir. Ötən ilin dekabr ayında Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlılar tərəfindən sözügedən monitorinqin qarşısı alındı.

Laçın-Xankəndi yolunda minlərlə vətəndaş cəmiyyəti fəalını birləşdirən aksiya bəşəri və ümummilli amalların kəsişməsi hesab olunur. Aksiya, həmçinin beynəlxalq aləmdə tanınan ərazilərimizdə Ermənistanın qanunsuz əməllərini ifşa edir. Çünki Qarabağdakı mədənlərimizin qanunsuz istismarı təkcə ölkəmizin sərvətlərinin talanması anlamına gəlmir, həmçinin buradan əldə edilən gəlirlər bir sıra ölkə və təşkilatlarda qanunsuz lobbiçilik fəaliyyətlərini, korrupsiya əməliyyatlarının geniş vüsət almasına sərf olunur. Prezident İlham Əliyevin Laçın-Xankəndi yolundakı aksiyaya dəstək göstərməsi iştirakçıları motivasiya edən əsas səbəblərdəndir. Ölkə başçımızın fevralın 18-də baş tutmuş Münxen görüşündən sonra televiziya kanallarına müsahibəsi bunun ən bariz nümunəsidir. Belə ki, müsahibə zamanı dövlətimizin başçısı ərazilərdə sərhəd-buraxılış məntəqələrinin yaradılmasının vacibliyini vurğulamış, belə məntəqələrin Laçın yolunda da yaradılmasının zəruriliyini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.

Aksiya iştirakçılarına ictimai dəstək də günbəgün artmaqdadır. Belə ki, ekologiya, geologiya və digər sahələr üzrə alimlər, ekspertlər, tələbələr, vətəndaş cəmiyyətinin təmsilçiləri də ekofəallara qoşulurlar.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Nəzrin ELDARQIZI,

"Respublika".