Vətənpərvərlik nümunəsi
Sosial həyat

Vətənpərvərlik nümunəsi

Respublikamızın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə - Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Ordumuzun zabit və əsgərləri həmin döyüşlərdə böyük hünər və rəşadət göstəriblər. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!

Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır.

Aprel şəhidi Orucov Müşfiq Arif oğlu əslən Zəngilanlı idi. 1993-cü il oktyabr ayının 26-da  ailəsi Zəngilandan köç edib. Müşfiq 1994-cü ildə dünyaya göz açıb. O, 7 nömrəli Zəngilan rayon məktəbini başa vuraraq Azərbaycan  Texniki Universitetinin avtomatika və kompüter texnikası fakültəsinə 700 bal toplayaraq  qəbul olub. Universiteti bitirdikdən sonra Naftalan şəhərində hərbi xidmət keçib.  Müşfiq  2016-cı il aprelin 5-də Tərtərdə düşmənlə döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin Sərəncamı ilə Müşfiq Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə  "Vətən uğrunda" medalı ilə təltif olunub.

Atası Arif müəllim: “Müşfiqin cibindən  iki dənə güllə də götürmüşdü komandiri. Döyüşə gedəndə cibinə qoyub ki, birdən erməni əlinə keçərsə, son anda özünü vursun. Müşfiq çox zəhmətkeş oğul idi. Onunla ata-oğul yox, dost-qardaş idim.  Elə şərait yaratmışdım ki,özünü həmişə sərbəst hiss etsin, zəhməti sevsin. Universitet tətillərində hər zaman gedib özünə pul-para qazanırdı ki, ailəyə əziyyət verməsin. Buna biz onu məcbur etmirdik. Özü belə istəyərdi. Boş oturmağı sevmirdi. Universitetə qəbul olunanda da 700 bala yaxın yığdı. Cəbhədə vəziyyət gərginləşmişdi. Aprelin 1-dən sonra narahatlığım başladı. Məndə olan telefon nömrələrinə nə qədər zəng çalsam da, bir düz söz deyən olmadı. Dedilər uşaqlar təlimdədir. Aprelin 4-ü qardaşım və bacım zəng vurub məndən Müşfiqi xəbər aldılar. Dedilər ki, yaralanıb. Əlim çatan, ünüm yetən hər yerə zəng vurdum. Uşaqdan bir xəbər deyən olmadı. Məəttəl qaldım. Heç ağlıma da gəlməzdi axı. Sonra axşamüstü saat 5-də artıq oğlum bayrağa bükülmüş tabutda gəldi. Nə ömrü vardı ki, nə də hekayəti ola. İndi də tam təfərrüatı ilə anlayanda, durub yerimin içərisində otururam. Tək oğlun ola, o da biləsən ki, bir də gəlməyəcək...”

Anası Aygün xanımın dediklərindən: "...Müşfiqlə 2016-cı il martın 29-da danışdıq, dedi ki, vəziyyətim yaxşıdır. Hər 3 gündən bir əlaqə saxlayırdı. Aprelin 2-də döyüş başlayıb, onları da köməyə aparıblar. Uşaqlıqdan Zəngilanla bağlı o qədər xatirələr danışırdılar ki, Müşfiq torpaqların azad olunması üçün döyüşmək istəyib. Evin hər küncü, divarı, keçirdikləri hər dəqiqə, hər an Müşfiqi xatırladır. Müşfiq böyük-kiçik yeri bilən, az yaşına baxmayaraq, hər kəsin yanında böyük hörmət qazanmış oğul idi. Gözümüzün qabağından getmir ki... Mən onun yoxluğunu qəbul edə bilmirəm. Elə bilirəm əsgərlikdədir, qayıdıb gələcək. Çox mehriban olmuşuq, ona görə həmişə yanımda hiss edirəm, gözümü yumub onunla söhbət edirəm. Yuxularıma da gəlmir... Mən əvvəllər şəhidlər ölmür sözünün mənasını başa düşmürdüm, ancaq indi görürəm ki, həqiqətən xalq unutmur”.  

“Hər il Şəhidlər Xiyabanına gedirdik. Şəhidlər üçün göz yaşı tökürdüm, işğal olunmuş torraqlardan danışırdım. İstəyirdim ki, Müşfiq də elinə, obasına bağlı olsun. Müşfiq dərsdən sonra yataqxananın yaxınlığındakı şadlıq sarayında ofisiant işləyirdi. Musiqi məktəbində təhsil alırdı, yaxşı tar çalırdı. Hətta vaxt tapıb idmanla da məşğul olurdu. Elə bil daim tələsirdi. 23 illik həyatı əzab-əziyyətlə keçdi". Bunu isə bibisi deyir.

Müşfiq bakalavr pilləsini də “əla” qiymətlərlə başa vurub. Anası oğlunun magistraturaya qəbul olunmasını istəsə də, Müşfiq buna razı olmayıb. O, bildirib ki, əgər magistraturaya qəbul olunsa, əsgərliyə gedə bilməyəcək. Müşfiqin anasına verdiyi söz var idi: “Ana, narahat olma, söz verirəm ki, əsgərlikdən gəlib magistratura üçün imtahan verəcəm”.

Xalqımız şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizi unutmur, daim yad edir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, dövlətimizin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş Müşfiq kimi qəhrəman oğullarımız müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi hesab edilir.

M.MİRZƏ,

“Respublika”.