İlin 11 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər
Sosial həyat

İlin 11 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə göstəricilər

İqtisadiyyatın əsas sahələrindən biri də dövlət əmlakının özəlləşdirilməsidir ki, bu da büdcənin formalaşdırılmasında az rol oynamır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 139,2 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir.

Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, qurum tərəfindən 2023-cü ilin yanvar-noyabr ayları ərzində 53 hərrac keçirilib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 14 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 488 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin 11 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 301 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə "Elektron hərrac" proqram təminatı vasitəsilə 61 onlayn qoşulma reallaşıb.

Cari ilin yanvar-noyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 110 milyon manata yaxın olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-noyabr ayları ərzində 3.177 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 758-i qeyri-yaşayış, 2.419-u isə torpaq sahələrinə dair olub. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən bu ilin 11 ayı ərzində dövlət büdcəsinə 29,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artıb.

Nəriman CAVADOV,

"Respublika".