GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

LEYLA NEDAYİ

1985-ci il yanvarın 7-də Ərdəbildə ziyalı bir ailədə dünyaya göz açıb. Muğanda boya-başa çatıb. İlk və orta təhsilini Muğanda alıb. Qrafik rəssamlıq ixtisası üzrə ali təhsili var. Hazırda universitetin hüquq fakültəsinin tələbəsidir.

Leyla ilk şeirini 13 yaşında ikən yazıb. "Ulduzlu gecələr" adlı şeir toplusu Təbrizin "Əxtər" yayın evində çap olunub. Əsərləri müxtəlif internet şəbəkələrində yayımlanır.

 

Bu "Əsən yellər" nədən bu qədər

Mənə xoş gəlir ilahi?

Dolaşır ürəyimin dolam-dolam damarına

Səpilir bütün varlığıma

Çiçəklənib dolur içimə

Yaz olur payızımda

Qazır, sökür basdırdığım bütün

Səndən olan anılar!

Durur qarşımda talan edir

Oynadır, ağladır

Bütün gizli dərdlərimi

Çılpaqlandırır "Xatirələrimizi"

 Ürəyim önündə,

Xoş toxdaqlıq verən bir gülüş

Oturur üzərimdə

Bu əsən yellərdə nə sirr var ilahi?

Alır, aparır məni çəkir ruhumu

Alıb qanadına (Uçuram) uçuram

İllər

İllər

İllər

Öncəyə.

 

RAMİN CABBARLI

24 sentyabr 1983-cü ildə Güney Azərbaycanın Muğan ovalığında anadan olub. İlk və orta məktəbi, eləcə də universiteti Muğanda oxuyub. Ali təhsil almaqla yanaşı, milli mücadiləyə də qoşulub və siyasi fəaliyyətlərinə görə doğma vətənini tərk etmək məcburiyyətində qalıb. Ramin Cabbarlı Güney Azərbaycanda ədəbiyyatçı-jurnalist olaraq çalışıb. O, Muğan Yazarlar Birliyinin katibi olub və Güney Azərbaycanda evlərdə və dərnəklərdə Azərbaycan türkcəsini öyrətdiyi və bu yöndə məqalələr yazdığı üçün basqılara məruz qalıb.

R.Cabbarlı "Oluşum" adlı Fəlsəfi-sosioloji saytının da redaktoru olub.

 

Nifrət etdiyim

Nifrət etdiyim tanrı,

Yağış tanrısıdır.

Dar küçələr qana boyanarkən

Ağ yağış göndərir,

Bütün cinayət izləri silinsin deyə.

Elədir dostum,

Nifrət etdiyim tanrı,

Yağış tanrısıdır,

alqan küçələrdən söz açdığımda,

ağ yağışıyla,

ağ yalan söylədi dünya üzünə.

Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

Urmiyanın və Urmu gölü

hadisələrinin Güney Azərbaycan ədəbiyyatında bədii təcəssümü...

 

(əvvəli 2, 3, 4, 5, 7, 8, 9, 10, 11, 12 və 15 fevral tarixli saylarımızda)

Şami "Məşrutə inqilabında Urmiyənin nəqşi" poemasında 1285 (1906)-ci ildə İranda və Güney Azərbaycanda başlanan Məşrutə hərəkatı zamanı azadlığa qovuşmaq üçün dilində istiqlal nəğməsi quduz düşmənin üstünə şir kimi atılan Məşədi Bağır xanın, onunla bərabər vuruşan və hərəsi bir orduya tay olan on nəfər qeyrətli gənc mücahidin igidliklərinə, özlərini oda-közə vuraraq Heydər Əmoğluya, Səttar xana yardımçı olmasına "alqış" deyir. Lakin inqilabın məğlub edilməsindən, Məşrutənin "xəyanət əli ilə qızıl günəş kimi söndürülməsindən, şənliklərin çevrilib kədər olmasından, Məşədi Bağır xanın və igidlərinin tutularaq min bir işgəncəyə məruz qoyulmasından üzülür, bu dərdin ağırlığı belini bükür, göz yaşları içinə, ürəyinə axır:

Xəyanət əli ilə döndü məşrutə,

Qızıl günəş kimi söndü məşrutə...

Şənliklər çevrilib kədər oldu hey,

Ah necə deyim ki, nələr oldu hey!

Qoyun bir ağlayım,

Gözüm doldu hey!

Gözəl çiçəklərim

Xəzan oldu hey!

Lakin zindanlara atılan bu qəhrəmanların bütün fiziki ağrılara, işgəncə və mənəvi əzablara mərdliklə dözüb sınmamalarından, "Məşrutədə Urmiyəsinin də müşahərinin" - rolunun olmasından qürur hissi duyur və adının tarixin səhifələrində əbədi qalacağından fərəhlənir. Mahmud Qənizadə, Cabbar bəy Baxçaban, Səid Səlmasi, Nimtac xanım kimi yazarlar, Mahmud Əşrəfzadə, Həbibüllah Ağazadə kimi böyük jurnalistlər, dünyaca ünlü Şeyx Səfi Ələddinlər yetirən-"dahilər becərən və həm söz, həm də hünər meydanında layiqli yeri olan Urmunun şanlı tarixi ilə iftixar edir Mahmud Sadıqpur Şami... "Cami məscid"i, saatlı "Sərdar məscid"i, "Səgənbəd", "Üç günbəz", "İmamzadə" tək tarixi abidələri olan zər ölkəsini:

Ey Zərdüştün şəhəri Urmiya-Urmiya

Kazım xanlar səngəri Urmiya-Urmiya

Səfi Ələddin ocağısan

Musiqinin qaynağısan

Bəhiştin bir bucağısan

- deyibən öyür...

"Urmulu Səfiəddin" poemasında isə Şami hünəri "hülakü"ləri heyrətə salan və qoca Şərqin üfüqündə Günəş kimi doğan ustad Şeyx Səfi Ələddinin təkcə Urmunun deyil, Azərbaycanın, Turanın, həm də bütün dünyanın iftixarı olduğuna diqqəti yönəldir. Vurğulayır ki, təbii bulaq kimi coşan və böyük eşqlə yaratdığı "Eyqah", "Şərifiyyə", "Ədvar", "Nəzhət", "Müğənni" kimi neçə-neçə dəyərli kitabı ilə tarix yazdı, musiqi aləmində zirvələr fəth etdi... şöhrəti bütün aləmə yayıldı. Elə bir zirvəyə çatdı ki, sazını sinəsinə basıb çalan zaman, hətta "qırx gün su içməyib atəşlər içində yanan "dəvə" belə su içməkdən vaz keçib ustadın çaldığı nəğmələrə qulaq kəsilirmiş":

Gözəl nəğmələrdən o da keçmədi,

Nə qədər ki ustad sazını çaldı,

Dəvə su içməyib yerində qaldı...

Onun ən qüdrətli yüksək hünəri

Hətta heyvanlara qoymuş əsəri...

Şair Mahmud Sadıqpur Şami Urmiyənin dünya mədəniyyətinə verdiyi sənətkarları, bu sənət fədailərinin yaratdıqları misilsiz sənət nümunələrini mədh edib təbliğatına geniş meydan verməklə bərabər, bir cəhəti də vurğulamadan, nadan səlahiyyət sahiblərini qınamadan ötüşə bilmir. Şair göstərir ki, qürbətdə kefi saz dolanan, Bağdadın "qışını da yaz kimi" firavan yaşayan və mənsub olduğu xalqın başucalığı, mədəni sərvəti olan belə sənətkarlara laqeyd münasibət bəsləməklə məhvinə səbəb olmaq yox, onlara yüksək səviyyədə qayğı və diqqət göstərmək lazımdır... Vətəndaş şair cismən dünyadan köçsələr də, əbədiyyət üfüqündə bir ulduz tək parlayan və mənən yaşayan sənət adamlarının acınacaqlı ölümündən ibrət dərsi almağın gərəkliliyini önə çəkir:

Vətəndə olmasa hünəri sevən,

Zəhmətin hədərdir, ona az güvən...

Dünyanın ən böyük musiqi danı

Bu sayaq tərk etdi qoca dünyanı!

Bizə bir dərsdir, onun ölümü...

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.