CƏNUBDAN SƏSLƏR..
Güneydən səslər

CƏNUBDAN SƏSLƏR..

"Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikirləri yaddaşlarımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Yer üzünə səpələnmiş soydaşlarımızın coğrafiyasını, yerləşdikləri ölkələrdəki real vəziyyəti, mövcud reallıqları nəzərdən keçirdik. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq. Türkün əzəli-əbədi düşmənlərinin fitnəkar əməlləri, xain hücumları ilə bütöv Azərbaycan məkanca ayrılığa məhkum edilsə də, ulu xalqın mənən bir-birindən uzaq düşmədiyinə, bu həsrəti daim yaşayan Güneyin Quzeydən heç vaxt ayrılmadığına bir daha əmin olduq. Bu gün də belədir. Vətən müharibəsində bir sıra ölkələrdən dəstək gəldiyi o günlərdə ilk sırada yer alanlardan biri də güneyli qardaşlarımız oldu.

2020-ci ilin 27 sentyabrından başlayaraq bütün Güney Azərbaycanda - Təbriz, Miyana, Astara, Culfa, Urmiya, Sulduzda yaşayan soydaşlarımız Araz çayı boyunca toplaşaraq qan və can qardaşlarına azğın düşmənə qarşı vuruşda dəstək ifadə etdilər. Arazın o tayında yazarlarımız hələ də susmayıblar... Şanlı əsgərlərimizin, ordumuzun, Xüsusi Təyinatlı Qüvvələrdən olan igidlərimizin, müqəddəs amal uğrunda canından keçən Milli Qəhrəmanlarımızın ədəbiyyatda daha parlaq obrazını yaratmaq əzmi ilə qələmlərini sınamaqda davam edirlər...

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində dünyada yaşayan, əsasən də cənubi azərbaycanlılara həssaslıqla yanaşmışdır. Şəxsi təşəbbüsü və qayğısı ilə 1976-cı ildə Azərbaycan SSR-də "Cənubi Azərbaycan" məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başlamışdır.

Ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin də dediyi: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlıların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik" - fikri bir daha Azərbaycanın dövlət başçısının dünya azərbaycanlılarına, o cümlədən cənubdakı soydaşlarımıza diqqətinin əyani sübutudur.

Qəzetimizdə "Cənubdan səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

İKİNCİ QARABAĞ SAVAŞI GÜNEY ƏDƏBİYYATINDA

"Mən məğlub millətin məğlub şairi kimi dünyadan köçməyəcəm. Səsimi duyan Tanrıya şükürlər olsun. Və dualarım Qarabağımızı qanı, canı bahasına işğaldan azad etməkdə olan igidlərimizlədir...".

Məmməd İSMAYIL.

Erməni vandalları 2020-ci ilin 12 iyul tarixində Beynəlxalq konvensiyanın bütün müddəalarını bir daha pozdu, bu dəfə Tovuz rayonu boyunca Azərbaycan sərhədlərini atəşə tutdu. Vətənin igid general, zabit və əsgərləri düşməni cavab atəşi ilə susdurmağa çalışdılar, min təəssüflər ki, Azərbaycan bu dəfə də yeni şəhidlər verdi. Şəhidlərinin sırasına ulu yurdunun hər qarışını canı qədər sevən, peşəkar hərbçi, savadı, hərbi uzaqgörənliyi, igidliyi ilə bütün əsgərlərə örnək olan general-mayor Polad Həşimovun və qəhrəman döyüşçülərinin - polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizirlər İlqar Zeynallı, Yaşar Babayev, maxe Elçin Mustafazadənin də adı yazıldı. 2016-cı ildə erməni qaniçənlərinin Azərbaycan torpaqlarına növbəti hücumunun qarşısını almaq üçün girdiyi Aprel döyüşlərində göstərdiyi hərbi məharət və şücaətlərə görə, 38 yaşında general rütbəsinə layiq görülən və əsgərləri ilə birlikdə ön cəbhədə vuruşan general-mayor Polad Həşimovun bircə arzusu vardı: "Qarabağı yağı düşmənlərdən azad etmək, şəhidlərin, tapdanan heysiyyətimizin, erməni vəhşiliyinin qurbanı olmuş qız-gəlinlərimizin qisasını almaq, yurd həsrəti ilə dünyadan köçən soydaşlarımızın, şəhidlik məqamına yüksəlmiş igidlərin narahat ruhlarını hüzura qovuşdurmaq!". Ancaq müharibədə döyüşmək də igidlikdəndir, ana torpaq uğrunda şəhid olmaq da... Cəbhə bölgəsindən kifayət qədər uzaqlıqda yerləşən Tovuz rayonuna düşmənin etdiyi növbəti hücumlara qarşı əks-hücuma keçən və sarsıdıcı cavab atəşləri ilə tarix yazan general-mayor Polad Həşimovla birlikdə altı peşəkar hərbçisinin də həlak olduğunu öyrənən və Tovuz sərhədində düşmənin azğınlığından xəbər tutan xalq ayağa qalxdı...

Qəzəbdən kükrəyən Quzey Azərbaycan türkləri dünyanı cənginə almış pandemiyaya, koronavirusa yoluxmaq təhlükəsini belə, gözardı edərək meydanlara axışdı. İgid Polad mərdanə ölümü, yurda əbədi sevdası ilə xalqı bir araya gətirdi, birləşdirdi... Minlərlə gənc könüllü olaraq cəbhəyə getmək, erməni quldur dəstələri ilə vuruşmaq, düşməni susdurmaq üçün səfərbərlik idarələrinə müraciət etdi. Və Polad Həşimov çox az vaxtda əfsanələşdi, bu əfsanənin motivləri isə ədəbi əsərlərə yansıdı... Milli Qəhrəman ədəbi qəhrəmana çevrildi, adına dastanlar bağlandı, haqqında əfsanələr yarandı, şeirlər yazıldı... Ancaq Vətən üçün doğulan, Vətən uğrunda şəhid olan və özü də vətənləşən Polad Həşimov haqqında onun əfsanəvi qəhrəmanlıqlarını, örnək olası hərbi fəaliyyətini tamamilə obrazlaşdıran mükəmməl əsər-poema, roman, povest, yaxud hekayə hələ ki, yazılmayıb...

2020-ci ilin 27 sentyabr günü Tovuz olaylarının zirvəsi oldu. Ordu, dövlət ilə elin birliyi öz həlledici sözünü dedi. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Şanlı Ordumuz, şirbiləkli oğullarımız, qəhrəman Azərbaycan əsgəri vandal Ermənistan ordusuna qarşı əks-hücuma keçərək 28 il həsrətində olduğu doğma torpaqlarını azad etməyə başladı. Azərbaycan xalqı bu mərhələdə sanki yenidən doğulur, döyüş meydanlarında yeni tarixini yazırdı... 2020-ci ilin 8 noyabr günü isə tariximizin yeni mərhələsinin zirvəsidir, çünki bu gün dünyanı heyrətdə qoyan mərdlik nümunəsi - əlbəyaxa döyüş örnəyi göstərən igidlər - xüsusi təyinatlılarımız Qarabağın tacını - Şuşanı erməni neofaşistlərindən azad etdi və möcüzə şəhərin mərkəzinə üçrəngli, ay-ulduzlu bayrağını əslən Şuşadan olan qəhrəman Səbuhi Abdullayev sancdı. Azərbaycanın hər yerindən və bütün Türk dünyasından Müzəffər Ali Baş Komandan İlham Əliyevin: "Qarabağ Azərbaycandır! Şuşa bizimdir!.." səslənişləri göylərə ucaldı.

Torpaqlarımız işğal altında olduğu dövrdə hamımız bir sual qarşısında lal idik: Nə vaxt işğala son qoyacaq, əsir yurd yerlərimizi azad edəcəyik? İnsanı varından yox edən çarəsizlik, əlacsızlıq qarşısında gücümüz ancaq həsrət çəkib dərdli-dərdli köks ötürməyə yetirdi. Ancaq bu həsrət artıq sona yetmək üzrədir...

2020-2021-ci illərdə yaranan, bədii əsərlərin, eləcə də epik şeir nümunələrinin əksəriyyəti Vətən, Qarabağ aşiqlərinin İkinci Qarabağ savaşı zamanı yaratdığı yeni əsrin möcüzəsinə - Vətən aşiqliyinə həsr olunub. Aşiqlik isə ölüncəyə qədər sevdalanmaqdı... "Susuzluğun od vurub köz kimi yandırdığı dodağ"ın su sevməsi kimidi... Öləcəyini bilə-bilə ölüm mələyinin çağırışına qaçmaq, keçilməz dağ cığırlarının yolçusu olmaq, qayalıqların bağrını yara-yara ecazkar, əfsanəvi təbiətə və gözəlliyə malik Şuşaya yol açmaqdı... Aşiqlik ana, sevgili tək sevdiyin yurdun, azadlığı uğrunda vuruşduğun Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Suqovuşan, Qubadlı, Zəngilan üçün gözünü qırpmadan canını fəda etməkdi, döyüş səngərlərinə atıldığın Vətən müharibəsinin od-alovları içində ən gözəl eşq şeirini məhz Vətən üçün yazmaq və oxumaqdı... Heç şübhəsiz, İkinci Qarabağ savaşı günlərində hər birimizin nəfəsini içinə çəkib oxuduğu o, ən gözəl şeiri məhz rəşadətli əsgərlərimizin güllələri, ürəklərində şahə qalxan qisas hissi yazdı... Ən mükəmməl əsəri - 44 gün ərzində şanlı tariximizin yeni qızıl səhifələrini isə ulu yurdun azadlığı uğrunda şəhid olan ərənlərimiz yazdılar…

 

Gənc və istedadlı şair Elnur Uğurun dediyi kimi:

Eşqin Günəşi öpəcək dan yerini.

Mütləq qovuşacaq Şuşa sənə,

Qarabağın pəncərələri açılacaq

Təmiz hava axacaq Laçın dəhlizinə.

Orda bağrı çatlayır məşuqun da…

Aşiqlik budur elə… Yanmadınsa eşq odunda

Kündə olsan da, bişməyəcəksən,

Eşq nədir bilməyəcəksən ölənəcən,

Aşiqlik səfərbərlikdir içindən-çölünəcən…

 

44 günlük Vətən müharibəsi göstərdi ki, 28 il ərzində ulu yurdun aşiqləri özlərini "içindən-çölünəcən səfərbər" ediblərmiş və məhz qisas günü üçün hər gün hazırlıq keçiblərmiş... Buna görə də yurd aşiqi ərənlərimiz döyüşə gülə-gülə gedirdilər... Dillərində "Anadır arzulara hər zaman Qarabağ" mahnısının sədaları, ürəklərində Qarabağ sevdası, sonsuz Vətən eşqi...

1990-cı illər Azərbaycan ədəbiyyatına, poeziyasına hopan kədər motivləri, nəhayət ki, 2020-ci ilin sonuna yaxın silindi və onun yerini qələbə, zəfər sevincləri tutdu.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.