GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

Dərin köklərin sədası

Aşıq Səyyadın bayatı dünyasında

Bayatı türklərin olduğu kimi, Azərbaycan xalqının da ən qədim el ədəbiyyatının lirik formasıdır. Ümumiyyətlə türk coğrafiyasında geniş yayılan bayatı şeir forması qədim ulu Azərbaycan yurdunun hər yerində olduğu kimi, Qaradağımızda da çox yayılıb.

Bayatı hər bir insanın dünyaya gəlişi ilə anasının ona oxuduğu laylalarla qanına hopmuş olur. Beşik nəğmələri ilə ruhumuza işləyən bayatı gözəl sənətkarlar və şairlərimizin dilindən də geniş şəkildə xalqımıza təqdim olunur.

Aşıq Səyyad Cəfərzadə Kəleybərlinin də bayatıları xalqın zəngin mənəvi ruhundan qaynaqlanaraq bir bulaq kimi qaynayıb axmaqdadır. Onun özünəməxsus ülvi duyğuları könlünün isti hərarəti ilə bişib çıxan bayatılar həm ürəkləri oxşayır, həm də insanı nisgilə və kədərə qərq edir. Aşıq Səyyadın bayatı xəzinəsi ulu Tanrının ona verdiyi sevgidən baslayaraq yer üzündə yaratdıqlarına qədər hər şey ehtiva edir...

 

Əzəlsöylə bism Allah,

Yar olsun sənə Allah.

Yaxçı iş gördün ya da

İmdad eyləsin Allah.

 

Mənəviyyatın  uca mərtəbəsi və hər bir mənəviyyatın  əzəməti ilə yoğrulan insanın ilham qaynağı, təbii olaraq Allah-taaladır. Şair Səyyadın da Tanrı sevgisi onun bütün yaradıcılıq xətti boyu görünməkdədir:

 

Şah-i nəcf  Əlidir

Din də hədəf Əlidir

Məzlumlara yar olan

Bil ki tərəf Əlidir.

 

İslami dəyərlər milli dəyərlərlə yanaşı, ədəbiyyatımızın zənginləşdirməsinin göstəricisidir. Türk ruhunun İslam sevgisi ilə bütünləşməsidir:

 

Əzizinəm mərdə bax

Nə namərdə, mərdə bax

Dar gündə əldən  tutan

Bu mərd oğlu mərdə bax!

 

Şair Aşıq Səyyadın şeir sənəti yaradıcılığında onun dini inancı həmişə aparıcı olubdur. Onun bütün əsərlərində din və dini obrazlar şairin fikrini ifadə etməsində əhəmiyyət kəsb edibdir.

Şair Səyyad Cəfərzadənin bayatıları, xoyratları, maniləri dildən-dilə, ağızdan-ağıza nəsildən-nəslə köçə-köçə həm də ayrı-ayrı şairlərin ilham qaynağıdır. "Divan lüğat-i türk"dən başlayan yaradıcılığının nümunələri min illər boyu yaşamağa davam edəcəkdir.

Şair və Aşıq Səyyada arzumuz budur ki, yolu davamlı, əsərləri oxunaqlı olsun.

Böyükdən böyük uca Allahdan sizə başarılar diləyirəm.

Dr. Hüseyn ŞƏRQİDƏRƏCƏK

(SOYTÜRK).